Onlayn ictimai-siyasi qəzet
“Yaxın Şərq və Avropada sabitlik, böyük müharibə təhdidi aradan qalxmayana qədər Davos İqtisadi Forumunun əvvəlki nüfuzu ilə keçirilmə perspektivi yoxdur” - ekspert
İsveçrənin Davos dağ-xizək kurortunda keçirilən Dünya İqtisadi Forumunda hər il planetin ən nüfuzlu adamları, dövlət başçıları, oliqarxlar, iri beynəlxalq korporasiyaların rəhbərləri, iş adamları, iri kapital sahibləri və digər maraqlı tərəflər görüşür.
Ancaq son illər Davosda iştirakçıların tərkibi kəskin şəkildə dəyişib. Ötən il Davosda minimum sayda dövlət başçısı iştirak edib. Məsələn, “Böyük yeddilik” dövlətlərindən yalnız Almaniya kansleri Olaf Şolz iştirakçılar arasında var idi. Rusiya və Çin başçıları bu forumda iştirak etmədilər, hətta bu ölkələrin hökumətlərindən nümayəndələr də yox idi. İştirak etməkdən imtina edənlər arasında beş qitə iqtisadiyyatından birinin, Afrikanın iqtisadi cəhətdən ən inkişaf etmiş Cənubi Afrika Respublikasının prezidenti də var idi. Ötənilki foruma Amerika Birləşmiş Ştatlarından da nə birinci, nə ikinci, nə də üçüncü şəxslər gəlmədi. ABŞ-ı Con Kerri təmsil etdi ki, onu iqtisadi gündəmə fəal təsir edən siyasətçi adlandırmaq olmaz.
Bir çox nüfuzlu ekspertlər o rəydədir ki, Davosun qlobal iqtisadiyyata təsirləri azalıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Davosda başlamış tədbirə ölkə rəsmilərindən heç kimin iştirak etməməsini xahiş edib. Məlumata görə, forumda Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək iştirak etməli idi, lakin Ərdoğan buna icazə verməyib. Bildirilib ki, müvafiq qərara tədbir təşkilatçılarının Qəzza zolağında baş verənlərlə bağlı mövqeyi səbəb olub. Qeyd edək ki, Davosda Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab HƏMAS-ın İsrailə qarşı terror hücumlarını pisləyib.
Davos “zirvədən” niyə düşdü və niyə Foruma əvvəlki maraq qalmayıb?
Sona Əliyeva
Siyasi şərhçi Sona Əliyeva “Yeni Müsavat”a açıqlamasında Azərbaycan tərəfin bütün beynəlxalq təşkilatlarla yaxın münasibətlər qurmaqda maraqlı olduğunu söylədi: “Hazırda dünyada bir çox təşkilatlar ikili və qeyri-konstruktiv mövqelərinə görə nüfuzlarını itiriblər. Onlar tərəfsiz olmaq əvəzinə, kəskin radikal və ikrah hissi aşılayan mövqeləri ilə bir çox dövlətləri özlərindən narazı salıblar. Hətta deyərdim ki, küsdürüblər. Bu cür nüfuzdan düşən beynəlxalq qurumlardan biri də Davos İqtisadi Forumudur. Davos İqtisadi Forumu son 20 ildə dünyanın iqtisadi düzənini formalaşdırmaq əvəzinə, qurulan düzənə süni yön verməklə diqqət çəkir. Dövlətlərin deyil, böyük şirkətlərin diktələri ilə oturub-durur. Eyni zamanda, dövlətlərin milli maraqlarını arxa plana atmağa təhrik edir. Əlbəttə, bütün bunlar bir sıra dövlətləri narazı salır. Türkiyə kimi bir ölkə hələ 2009-2010-cu illərdən Davos İqtisadi Forumunun iç üzünü bütün dünyaya göstərmiş oldu. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın məşhur ”One minute" reaksiyası da məhz bunun əyani sübutu idi. Azərbaycan hələ ki, bütün beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlıdır. Bununla yanaşı, rəsmi Bakı dəfələrlə beynəlxalq qurumlardakı ikili standartları, anormal yanaşmaları ən yüksək səviyyələrdə ifadə edib. Amma Azərbaycan beynəlxalq oyunçu kimi Davos İqtisadi Forumunun müsbət tendensiyalarından istifadədə də maraqlıdır. Azərbaycan Prezidenti hər il gerçəkləşən bu forumda dünyanın nüfuzlu şirkətlərinin rəhbərləri ilə görüşür. İkili fikir mübadilələri aparılır. Bəzi böyük korporasiyaların ölkəmizə investisiya yatırmaları üçün müzakirələr həyata keçirilir. Bu baxımdan, Davos İqtisadi Forumundakı biznes panelləri ölkəmizin investisiya mühitinin dünya iqtisadi mühitinə transformasiyası bizim üçün olduqca vacibdir. Biz dünyanın bütün iqtisadi vektorları ilə işləməkdə maraqlıyıq. Üstəlik, Azərbaycan beynəlxalq müstəvidə iqtisadi oyunçudur. Ölkəmiz bir sıra beynəlxalq layihələrin tərəfdaşı, icraçısı, hətta maliyyə donorudur. Bu baxımdan, biz Davos İqtisadi Forumunun müsbət imkanlarından yararlanmaqda maraqlıyıq".
Elşən Mustafayev
AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev burada bir çox səbəblər görür: “Son zamanlara qədər Davos İqtisadi Forumu dünyada ən nüfuzlu toplantılardan biri kimi qəbul olunurdu. Tərkibinə, orada gedən danışıqlara, böyük iqtisadi anlaşmaların təməllərinin atıldığı bir məkan olduğuna görə orada iştirak etmək hər biznes adamına, yaxud siyasətçiyə nəsib olmurdu. İnsafən demək lazımdır ki, bu forum həqiqətən də nəhəng imkanların bir yerə cəmləşdiyi və böyük işlərin perspektivinə yaşıl işıq yandırmaq gücünə malik idi. Amma son illər baş verən hadisələrdən dolayı həm biznes adamlarının, həm də böyük dövlətlərin bu forumda iştirakı son dərəcə zəifləyib. Bunu bir çox səbəblə əlaqələndirərəm. Əsas səbəb dünyada gedən hadisələrdən dolayı forumun iqtisadi cəhətdən cəlbedici olmamasıdır. Yəni böyük biznes, böyük pullar istisnalar olmaqla, sakitliyə, sabitliyə üstünlük verir. Hazırda Yaxın Şərqdəki vəziyyət, Ukrayna Rusiya arasında gedən müharibə, Afrika qitəsində gərginliklər, ən nəhayət dünyanın ən böyük xammal deposu kimi qiymətləndirilən, enerjidaşıyıcıları ehtiyatlarına görə önəmli yer tutan Rusiyanın ən ağır sanksiyalarla üz-üzə qalması böyük layihələrdə maraqlı olan şirkətləri gözləmə mövqeyinə salıb. Dünya liderlərinin öz ölkələrindəki böyük biznesin əsas lobbiçilərindən biri olmasını nəzərə alsaq, orada hər hansı ciddi gözləntilərin olmaması səbəbindən onların da Davosa gəlməməsi anlaşılandır. İllər öncə Rəcəb Tayyib Ərdoğan forumda çıxışı zamanı gərginliklər yaşanarkən "Mənim üçün Davos bitdi" ifadəsini də işlətmişdi. Ondan sonra Türkiyə Davos Forumuna təmsilçiliklə qatılırdı və açıq şəkildə bu forumdan hər hansı gözləntilərinin olmamasını bildirirdi. O başqa məsələdir ki, orada iştirak edən bir çox dövlətlərin Türkiyədən istəkləri və xahişləri həmişə olub. Hətta bu belə Davos Forumuna münasibətdə rəsmi Ankaranın mövqeyində dəyişikliklər etməyə yetməyib. Amma ABŞ, Böyük Britaniya və digər böyük dövlətlərin başçılarının foruma qatılmayacağı onu deməyə əsas verir ki, hazırkı durumda daha ciddi və vacib məsələlər var ki, bu şəkildə olan forumlar arxa plana keçirilib. O da əsasən dünyanın bir çox ölkələrində böyük dövlətlərin qatıldığı, yaxud dəstək verdiyi qaynar nöqtələrin yaranması ilə bağlıdır. Hesab edirəm ki, dünyada, xüsusən Yaxın Şərq və Avropada sabitlik, böyük müharibə təhdidi aradan qalxmayana qədər Davos İqtisadi Forumunun əvvəlki nüfuzu ilə keçirilmə perspektivi yoxdur. Amma bu o demək deyil ki, bu səpkili tədbirlərin keçirilməsində fasilələr olacaq. Belə tədbirlər olacaq, ora yeni simalar qatılacaq. Amma əvvəlki kimi dünya iqtisadi siyasətinə təsir edəcək siyasi və iqtisadi hadisələrin bu platformada olacağına inanmıram".
Cavanşir ABBASLI
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ