İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya "valı" dəyişdi: Cənubi Qafqazda sülh prosesinə dəstək


Rusiya Dövlət Dumasının MDB işləri komitəsinin sədr müavini Viktor Vodolatski son açıqlamasında ABŞ-ın iştirakı ilə imzalanmış Azərbaycan və Ermənistan arasındakı sülh sazişinin əslində Rusiyanın uzunmüddətli sülhməramlı fəaliyyətinin nəticəsi olduğunu iddia edib.

Musavat.com xəbər verir ki, o, Moskvanın bu proseslərin başlanğıcında dayanaraq Bakı və İrəvanın mövqelərini yaxınlaşdırdığını qeyd edib.

Vodolatski Rusiyanın əsas vəzifəsinin Cənubi Qafqazda yeni gərginlik ocağı yaratmağın qarşısını almaq olduğunu vurğulayıb. Onun sözlərinə görə, ABŞ və digər Qərb ölkələrinin regionda təsir göstərmək cəhdləri Moskvanın diqqətindən yayınmır. “Ən başlıcası odur ki, anqlo-saksonlar Cənubi Qafqazda yeni gərginlik ocağı yarada bilməsinlər. Onlar həmişə Qafqazı Rusiyaya qarşı qaldırmaq istəyiblər. Allah eləməsin ki, Ermənistanla Azərbaycan arasında gedən bu sülh proseslərinə təsir etməklə öz hiyləgər planlarını həyata keçirməyə çalışsınlar. Ona görə də Rusiya bunu daim izləyir. Dövlətimizin suverenliyi və təhlükəsizliyi prezidentimizin prioritetidir və Qafqaz respublikaları üzrə işimizi daha dəqiq və sərt aparmalıyıq”, – deyə Vodolatski vurğulayıb.

Ekspertlər hesab edirlər ki, bu açıqlama Moskvanın mövqeyindəki əhəmiyyətli dəyişiklikdən xəbər verir. Əvvəllər Rusiya Cənubi Qafqazda öz təsirini qorumağa çalışaraq sülh proseslərinə bəzi hallarda maneçilik törədirdisə, indi ABŞ-ın regiona aktiv müdaxiləsi və Azərbaycan-Ermənistan münasibətlərindəki dəyişikliklər Moskvanı strategiyasını yenidən qiymətləndirməyə məcbur edib.

ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə keçirilən sammit və imzalanan sülh sazişi regionda yeni geosiyasi reallığın formalaşmasına səbəb olub. Analitiklər bildirirlər ki, Moskva, ABŞ-ın regiondakı təsirini balanslaşdırmaq və öz maraqlarını qorumaq üçün sülh proseslərinə dəstək verməyə başlayıb. Bu yanaşma həmçinin Rusiyanın beynəlxalq aləmdə imicini yaxşılaşdırmağa və müttəfiqləri ilə münasibətlərini gücləndirməyə yönəlmiş addım kimi qiymətləndirilir.

Nəticə etibarilə, Azərbaycanın apardığı uğurlu xarici siyasət Rusiyanı "valı dəyişməyə" məcbur etdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR