İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan neftini gözdən salanların izi tapıldı

Rumıniya rəsmiləri Rusiyanın Bakı-Tiflis-Ceyhan boru kəmərinə qarşı təxribat törətdiyini bildirirlər

Rumıniya rəsmiləri Bakı-Tiflis-Ceyhan boru kəməri ilə bağlı şok iddia ilə çıxış edib. Rəsmilər Rusiyanın Bakı-Tiflis-Ceyhan boru kəmərinə qarşı təxribat törətdiyini bildirirlər. Onlar Rusiyanın Türkiyəyə çatdırılan və ardından tankerlə Avropaya daşınan Azərbaycan neftini çirkləndirmək üçün “hibrid əməliyyat” keçirməsindən şübhələnirlər.

Rəsmi mənbələr G4Media-ya bildiriblər ki, Rumıniya Rusiyanın hibrid müharibə əməliyyatı vasitəsilə OMV Petrom-un Petrobazi neft emalı zavodu üçün Rumıniyaya göndərilən böyük miqdarda Azərbaycan neftini qəsdən çirkləndirməsi ssenarisini nəzərdən keçirir. Məlumata görə, Rusiyanın Bakı-Tiflis-Ceyhan boru kəməri ilə nəql edilən neftə böyük miqdarda qatılaşdırılmış xlor qarışdırdığından şübhələnilir ki, bu da neft emalı zavodlarına ciddi ziyan vura və Rumıniyada yanacaq böhranına səbəb ola bilər.

Qeyd edək ki, Azərbaycan neftinin çirkləndirilməsi ilə bağlı xəbərlər ortaya çıxdıqdan sonra Rusiya mətbuatı neftin çirkləndirilməsinin arxasında ABŞ kəşfiyyatının ola biləcəyini iddia etmişdi. Onların iddiasına görə, ABŞ bununla həm son vaxtlar münasibətlərində soyuqluq yaranan Britaniyaya, həm də Azərbaycana mesajlar verir. Ancaq Rumıniya rəsmilərinin son açıqlamaları əslində Azərbaycan neftinə qaşı təxribatın arxasında Rusiyanın özünün dayandığını göstərir.

Xatırladaq ki, 1768 kilometrlik Bakı-Tiflis-Ceyhan Bakı yaxınlığındakı Səngəçal terminalından Gürcüstan ərazisindən keçərək Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan terminalına nəql edir. Boru kəmərinin 443 km-lik hissəsi Azərbaycan, 249 km-lik hissəsi Gürcüstan, 1076 km-lik hissəsi isə Türkiyə ərazisindən keçir.

Sovet İttifaqı dövründə neft və təbii qaz ixracı əsasən Rusiya vasitəsilə həyata keçirilirdi. 1990-cı illərin əvvəllərində BTC boru kəməri Azərbaycanın enerji resurslarının Rusiyadan müstəqil şəkildə qlobal bazarlara çıxışı üçün alternativ marşrut kimi meydana çıxıb.

Yaxın vaxtlarda Qazaxıstanın Kaşaqan neftinin də sözügedən boru kəməri ilə nəqlinə başlanacaq. Qazaxıstanın dövlət neft və təbii qaz şirkəti “KazMunayQaz”ın 27 yanvar 2025-ci il tarixində yaydığı açıqlamaya görə, Qazaxıstanın “Taraz” tankeri ilə 25 yanvar 2025-ci ildə Aktau limanından yola düşən təxminən 6 min ton Kaşaqan neftinin ilk partiyası Bakı Limanına çatıb. Neftin buradan Bakı-Tiflis-Ceyhan boru kəməri ilə Aralıq dənizinə çatdırılması planlaşdırılır.

Qazaxıstan və Azərbaycan arasında atılan bu addım Transxəzər beynəlxalq nəqliyyat marşrutunun daha da inkişaf etdirilməsi üçün nəzərdə tutulub.

Aydın Hüseynov: “Yeni dövrdə iqtisadi inkişafın davam etdirilməsi üçün

 Aydin Hüseynov

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydin Hüseynov “Yeni Müsavat”a açıqlamasında bütün cəhdlərə baxmayaraq, Azərbaycanın öz dayanıqlığını qoruyub saxlayacağına əmin olduğunu söylədi: “Məlumdur ki, Azərbaycanın böyük enerji resursları mövcuddur, həm neft-qaz, eləcə də yaxın gələcəkdə bərpa olunacaq alternativ enerji ixraatçısına çevriləcək. Hazırda Azərbaycan NATO-nun üzvü olan 10 ölkəyə mavi yanacaq ixrac edir. Eləcə də bu coğrafiya getdikcə daha da genişlənir. Yaxınlarda Suriyaya qaz ixrac etdik. Digər tərəfdən onu da qeyd etməliyik ki, Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri Əsrin Müqaviləsi kimi dəyərləndirilir. Bu, dünya iqtisadiyyatına yeni bir töhfə verdi. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli bir rol oynayır. Qeyd etdiyimiz kimi, Azərbaycan daim öz ticarət tərəfdaşları ilə təzyiq və yaxud da siyasi dildə danışmır. Etibarlı bir tərəfdaş imici formalaşdırmışıq. Azərbaycan bu etimadı qazanıb. Ona görə də ölkəmizlə enerji sektoru və digər sahələr üzrə əməkdaşlığa mühüm əhəmiyyət verilir. Bununla belə, əvvəldə Bakı-Tiflis-Ceyhan qaz boru kəmərinin inşa olunmasına maneələr yaratmağa cəhdlər var idi. Amma bütün bunlara baxmayaraq, bu layihə öz təsdiqini tapdı. Hazırda Azərbaycanın yeni perspektivləri mövcuddur. TANAP, TAP layihələri, Cənub Qaz Dəhlizi, eləcə də Orta Dəhliz, bütün bunlar üzərində Azərbaycan çox əhəmiyyətli rol oynayır. Bu isə Azərbaycanın uğurlarını istəməyən qüvvələr tərəfindən daim qısqanclıqla qarşılanır. Son günlərdə biz SOCOR-ın Ukraynada ixrac etdiyi qaz kəmərlərinin vurulduğunu görürük. Eləcə də digər təxribatların olacağı da istisna deyil. Bütün bunlara baxmayaraq, Azərbaycanın həyata keçirdiyi enerji siyasəti ilə həm etibarlılıq, həm də təhlükəsizlik baxımından öz dayanıqlığını qoruyub saxlayacaq”.

ASOIU | teacher_single

Günay Hüseynova

İqtisadçı-ekspert Günay Hüseynovanın fikrincə, bu məsələ həm enerji təhlükəsizliyi baxımından, həm də geosiyasi-iqtisadi baxımdan maraqların toqquşması deməkdir: “Son illər məlumdur ki, iqtisadi-ticari müharibələrin sayı artmaqdadır. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan müxtəlif zamanlarda bir sıra ölkələrin, xüsusilə də region ölkələrinin iqtisadi hədəfinə çevrilib.

Bu məsələ ilə də bağlı təxribat iqtisadi hədəfə çevrilib. Əgər iddia öz əksini taparsa, ölkəmizin ixrac gəlirlərində azalma gözlənilir. Bildiyimiz kimi, Azərbaycan Avropanın təhlükəsiz enerji ilə təchizatında mühüm rola malikdir. Bu fakt təsdiqini taparsa, görülən işlərə ciddi zərbə kimi qiymətləndiriləcək. Həmçinin digər alternativ bazarlara yönəlmə də gözlənilə bilər. Sabotajın motivi və geo-iqtisadi təsiri ilk növbədə Avropanın enerji təhlükəsizliyinə qarşı planlı təhdid və Azərbaycanın nüfuzunu azaltmaqdır. Çirklənmə nəticəsində əlavə xərclər çıxartmaq və ən əsası vaxt itkisi yaratmaqdır. Bakı-Tiflis-Ceyhan boru kəmərinin destablizasiyası nəticəsində Gürcüstan, Türkiyə, Azərbaycanın iqtisadi mövqeyinə təsir etməkdən ibarətdir.

Bakı-Tiflis-Ceyhan boru kəməri Azərbaycanın əsas neft ixrac marşrutu hesab olunur. Məhz burdan yola çıxaraq təxribatın hazırlanması da böyük iqtisadi zərbənin vurulması kimi qiymətləndirilir. Məlumdur ki, təxribat ölkə iqtisadiyyatına zərbə vurmaqla yanaşı, ölkənin beynəlxalq imicinə də zərbə vurur. Son günlərdə xüsusilə məlumdur ki, ölkə başçısı tərəfindən mühüm görüşlər keçirilir, ölkənin iqtisadi potensialının artırılması yönündə işlər aparılır. Belə bir təxribat halında investorların maraqlarının azalması, neft qiymətlərində volatililik, logistika və nəqliyyat xərclərinin artırılması, geosiyasi arenada inamın azalması, neft gəlirlərinin azalması və bunun nəticəsində inflyasiyanın sürətinin artması, həmçinin devalvasiya olması planın başlanğıc mərhələsidir.

Ən sonda onu qeyd edim ki, bütün bunlar yekunda Azərbaycan iqtisadiyyatı üçün real təhlükə yaratmır. Əgər bu fakt ortaya çıxarsa, beynəlxalq prinsiplərə uyğun olaraq, Azərbaycan qanun qarşısında iddia qaldırıb maraqlarını qoruyacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR