Onlayn ictimai-siyasi qəzet
Prezident Zelenski Ukrayna hakimiyyətində odioz fiqurlardan daha birini- Milli Təhlükəsizlik və Müdafiə Şurasının (qısa olaraq Təhlükəsizlik Şurası) katibi Aleksey Danilovu gözlənilmədən vəzifəsindən azad etdi.
Danilovun tərcümeyi-halına baxanda Azərbaycanda “cəbhə hakimiyyəti” dövründə kadr təyinatında hələ də ara-sıra səslənən tənqidlər yada düşür. Elçibəy hakimiyyətinin kadrlarının tənqidçilərinin dediklərini yenidən yada salmağa gərək yox, amma bəs, gözəlim Ukraynada necə olub ki, məsələn, Danilov kimisi 5 il Təhlükəsizlik Şurası katibi postunda oturub?
Korrupsiya ittihamı ilə mer və sonra qubernator vəzifəsindən uzaqlaşdırılan Danilovun ilk ixtisası ...baytar olub. Siyasi kuluarlarda da bu səbəbdən “Baytar” təxəllüsü ilə tanınıb. Baytarlıq şərəfli peşədir, xüsusilə Ukrayna kimi aqrar ölkədə. Düzdür, sonra tanınmayan ali məktəblərdən tarix müəllimi və “hüquqşünas” diplomu da alıb. Ukraynada müharibəyədək belə diplomun necə verildiyini Azərbaycandan da çoxları yaxşı bilir. Təəssüf ki, müstəqillikdən bəri biz də siyasətdə çox ”siyasi baytarlar” gördük... Deməyim odur ki, məsələn, Rusiyada belə təsadüfi adamların bu cür yüksək vəzifələrə yol tapması mümkün deyil, amma Ukrayna hakimiyyəti kadr seçimi məsələsində deyəsən, “ AXC”dən geri qalmır, amma bunu kimsə hələ ki, dilə gətirmir...
Rusiya mənbələri nə qədər obyektiv yazır, söyləmək çətindir, amma Danilovun 90-cı illərdə kriminallara yaxınlığına görə Luqanskın meri (1994) olduğunu, lakin qanunsuz sahibkarlıqda, büdcə vəsaitini mənimsəməkdə suçlanaraq vəzifəsindən uzaqlaşdırıldığını qeyd edir. 2005-ci ildə Danilov Luqansk vilayətinin qubernatoru olub, lakin bu dəfə də prezident Viktor Yuşşenkonun antikorrupsiya əməliyyatında vəzifəsini itirib. Zəif təhsili və məlum reputasiyasına baxmayaraq, Danilovun “millətçi baxışlı şərqi ukraynalı olması” Zelenski üçün cəlbedici olub, o 2019-cu ilin iyulunda məlum Şuranın katibinin müavini, noyabrda isə katibi olub.
Təhlükəsizlik Şurası Ukrayna Konstitusiyasında təsbit olunmuş orqandır və milli təhlükəsizlik məsələləri ilə bağlı prezident fərmanlarının layihələrini hazırlayır, ölkədə fövqəladə (və ya hərbi) vəziyyətin tətbiqi barədə qərar qəbul edir.
Danilov vəzifədə olarkən Milli Təhlükəsizlik və Müdafiə Şurası bir neçə televiziya kanalını rusiyayönlü elan edərək qadağa qoyub, əsasən Moskvanın xeyrinə işləməkdə şübhəli bilinən bir sıra ölkə vətəndaşlarına və təşkilatlara qarşı sanksiyalar tətbiq edib.
Zelenskinin fərmanında istefanın səbəbləri göstərilmir. Amma əsas səbəb doğurdan da Ukrayna dövləti adına utancvericidir. Danilov Çinin Avrasiya üzrə xüsusi nümayəndəsi Li Xueyanın mövqeyini tənqid edərkən açıq şəkildə onun soyadına “ilişib”. Təxminən bu cür: “Bəzilərinin ədəbsiz soyadı nə olursa-olsun bizim ərazilərimiz, torpaqlarımızla bağlı qərar verməməlidir. Buna prezident başda olmaqla Ukrayna xalqı qərar verəcək”.
Çin mediası dərhal bu təhqirə reaksiya verib, Ukraynada sülhün əldə edilməsi üçün bir sıra ölkələrdə danışıqlar aparmış xüsusi nümayəndəsinə bu cür sayğısızlığa etiraz edib.
Bu cür həddini aşan açıqlamalar isə bəllidir ki, Ukrayna diplomatiyasını kurasiya edən ABŞ və Böyük Britaniyanı pis vəziyyətə qoyub. Danilovun işdən çıxarılmasını “Krokus”dakı terror aktından sonra guya “Rusiyanın bu cür hadisələrlə daha tez-tez əylənəcəyini” dediyinin sonradan feyk olduğu üzə çıxıb.
Moskva vilayətindəki terror aktını Danilovun xarici kəşfiyyatların təsiri altında planladığı iddiaları da inandırıcı görünmür. Daxili mənbələr Danilovun aşırı anti-Rusiya mövqeyinə rəğmən belə cürət sahibi olmadığını deyirlər.
Zelenskinin konstitusiya səlahiyyətlərinin sona çatacağı vaxt yaxınlaşdıqca, onun “köhnə qvardiya”nı hakimiyyətdən uzaqlaşdırması diqqət çəkir.
Zelenski hərbi vəziyyət və seçicilərin ölkədə olmaması səbəbindən prezident və parlament seçkilərinin ertələnməsinə tərəfdardır. Qərbdən isə Zelenskinin səlahiyyət müddətinin başa çatdıqdan sonra onun legitimliyinin şübhə altında olacağını tez-tez vurğulayırlar. Zelenskinin yerinə Zalujnın adı tez-tez hallanırdı, onu zərəsizləşdirdilər, Britaniyaya səfir göndərildi. Bundan əvvəl də bəzi şəxslər də vəzifəsindən uzaqlaşdırılıblar.
Danilov odioz fiqur olsa da, onun “ağzının pendir kəsmədiyini” Çin nümayəndəsi haqda məlum açıqlaması da göstərir, yəni Zelenskinin kürsüsünə iddiası ola bilməzdi. Amma o da var ki, əgər Zelenski formal da olsa seçkiyə gedərsə, bir sıra ideoloji məsələlərdə daha yumşaq mövqe tutmalı olacaq. Danilov prinsipcə, heç nəyi həll etməsə də, miilətçi baxışlı biri kimi Kiyevin yumşalmasına müqavimət göstərə bilərdi.
Bildirilir ki, Zelenski Danilovu da tezliklə diplomatik işə keçirəcək və Norveçə səfir göndəriləcək.
...Əcaba, Elçibəy hakimiyyətində baytar olan vardımı?
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ