İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağ-dağa arxadır, Quzey Güneyə - Bakıdan Təbrizə tarixi və möhtəşəm mesajlar

Sabir Rüstəmxanlı: “Xalq yaranan şəraitdən istifadə etməli, öz taleyini həll etmək üçün yol seçməlidir - ayağa qalxmalı, birləşməlidir”

İran adlı dövlət 3-cü aydır daxildən çalxalansa da, Azərbaycan Respublikası əleyhinə fars rejiminin və onun qulluğunda duran şovinist KİV-lərin demarşları azalmır. Güney azərbaycanlıları da ağuşuna alan etirazlar zamanı artıq Cənubi Azərbaycan şəhərlərində Prezident İlham Əliyevin şəkillərinin divarlara yapışdırılması isə o taylı-bu taylı millətimizin vahid məfkurəsindən və mübarizə əzmindən xəbər verir.

Sözsüz ki, bu tayda da o taydakı proseslər böyük diqqət və həssaslıqla izlənilir. Təkcə izlənilmir, həm də lazımi işlər görülür, dəstək və həmrəylik ifadə olunur - ən yüksək səviyyədə. 

“İranda yaşayan azərbaycanlılar bizim millətin bir parçasıdır... Biz öz həyat tərzimizi, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İrandakı azərbaycanlıların dünyəvi inkişafını təmin etmək üçün hər şeyi edəcəyik”. Bu xəbərdarlıq xarakterli sözləri noyabrın 25-də Bakıda keçirilən konfransda Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Hər bir azərbaycanlının öz doğma dilində təhsil almaq hüququ vardır. Azərbaycanda 340 məktəbdə tədris rus dilində aparılır. Azərbaycanda 10 gürcü məktəbi var. Gürcüstanda 200-300 minə yaxın azərbaycanlı yaşasa da, burada 116 Azərbaycan məktəbi vardır. İranda erməni məktəbləri var, ancaq Azərbaycan məktəbləri yoxdur”, - deyə dövlət başçısı Tehranın soydaşlarımıza qarşı assimilyasiya siyasətini sərt tənqid edərkən vurğulayıb.

İlham Əliyev bir daha qeyd edib ki, Azərbaycan bütün qonşularla sülh və dostluq münasibətlərinin qurulmasını istəyir. “Azərbaycan həmişə öz ləyaqətini, müstəqilliyini, həyat tərzini müdafiə edəcək və heç bir xarici aktora öz standartlarını və iradəsini hökumətimizə və xalqımıza tətbiq etməyə imkan verməyəcək” - bu sözləri də Azərbaycan lideri söyləyib.

Sonuncu ismarış təbii ki, 40 milyonluq xalqın ən elementar haqqını tapdalayan İrandakı fars rejiminə də aiddir. Odur ki, nə qədər gec deyil, molla rejimi tənqid və iradlardan, eləcə də neçə aydır davam edən və inqilabi prosesə çevrilməkdə olan ictimai narazılıqlardan düzgün nəticə çıxarmalıdır. 

Qeyd edək ki, hazırda ayağa qalxmış güneylilərin əsas mübarizə şüarı “Azadlıq, ədalət, milli hökumət!” sloqanıdır. Yəni böyük ölçüdə milli çalar daşıyır.

Dünya Azərbaycanlıları Konqresinin həmsədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı  Prezidentin son açıqlamaları və Cənubi Azərbaycana tarixi mesajları fonunda Güneydəki hərəkatla bağlı  “Yeni Müsavat”ın suallarını cavablandırıb.

- Sabir bəy, illər əvvəl müsahibələrinizin birində demişdiniz ki, güney azərbaycanlılarla bağlı problemlər ildən-ilə ağırlaşır. Bu gün şahidi olduğumuz hadisələr dediklərinizi doğrultdu. Bundan sonra güney azərbaycanlıların hüquqları ilə bağlı məsələlər həllini tapa bilərmi?

- Bunun həlli İrandakı rejimdən asılıdır. Bu rejim qaldıqca problemlərin həlli çətin olacaq. Din adı altında siyasət İrandakı xalqların hüquqlarını tanımır. Məqsəd bütün xalqları əridib vahid dildə-fars dilində danışan, fars təfəkkürü ilə düşünən, dində bölücülük aparan siyasətin qulu etməkdir. Buna görə də indiki rejimlə dəyişiklik olacağına ümidim yoxdur. O xalqlar gələcəyi düşünürlərsə, əl-ələ verib bu rejimi dəyişməlidirlər.

- Tarixdən görünən odur ki, hakimiyyət dəyişsə də, güney azərbaycanlılara münasibət dəyişmir...

- Təəssüf ki, min il ərzində İranda hakimiyyətdə olmuş türklər öz taleyi haqqında az düşünüblər. Fars mədəniyyətinə, fars dilinin inkişafına xidmət ediblər, öz mədəniyyəti, dili haqqında az düşünüblər. Milli kimliklərini dövlət mənafeyinə qurban veriblər. Sonra Pəhləvilik gəldi, bu, türk düşmənçiliyini daha da dərinləşdirdi. Xomeyninin xalqların hüquqları ilə bağlı vədləri də kağız üzərində qaldı. İranda getdikcə güclənən iğtişaşlar həm də milli kimlik uğrunda mübarizədir. Hər kəs öz haqqını tələb edir. Qadınlar cəhalətin qurbanı olmaq istəmirlər. Dünyanın gözü önündə milləti din adı altında əsir edib, milli kimliyini əlindən almaq mümkün deyil. Bu gün aparılan mübarizə də bunun göstəricisi və nəticəsidir. İran mərkəzçiliyi siyasəti yürüdən müxalifətçilər var. Onların hakimiyyətə gəlməsinə yol vermək olmaz. İranda demokratik sistem qurulmalıdır. İranın bütövlüyünü qoruyub saxlaması orada yaşayan xalqların iradəsinə bağlıdır. Dəyişiklik olanda Güney və Quzey Azərbaycan cəsarətli addım atıb birləşməlidir.

- Necə düşünürsünüz, hazırkı vəziyyətdə demokratik İran qurmaq üçün real namizəd varmı?

- Bəlkə də var, biz onu görmürük, tanımırıq. Bir sıra müxalifət liderlərini tanıyıram, amma onlar İranı bizim düşündüyümüz mənada çağdaş demokratik dövlətə çevirmək düşüncəsindən uzaqdırlar. Bəlkə bizim bilmədiyimiz gizli qüvvələr var. Elə bir cəsarətli, güclü lider olsa və ortaya çıxsa, xalq onun ətrafında birləşər.

- Güney azərbaycanlıların muxtariyyəti haqqında nə düşünürsünüz?

 - Mən illər uzunu dünyanın müxtəlif ölkələrində güney azərbaycanlıların haqlarını müdafiə etmişəm. Demokratik dəyərlər baxımından istəyimiz İrandakı azərbaycanlıların haqlarının tanınması idi: ana dilində təhsil almaq, uşaqlara ana dilində ad vermək, tarixi adları qoruyub saxlamaq və s. Bu gün də o tələblər qüvvədə qalır. İstiqlal, muxtariyyət, federativ İran kimi fikirlər səslənəndə bizim fikrimiz mümkün olanı əldə etmək olub. Məqsədimiz müstəqil Azərbaycanı qorumaq, İranda yaşayan azərbaycanlıların öz taleyini həll etmə iqtidarında olması və gələcəkdə Bütöv Azərbaycanın qurulmasıdır. Gündəlik siyasəti kənara qoysaq, DAK sədri, millət vəkili kimi son arzum budur, amma bu son arzuya gedən yolda müxtəlif pillələr var, o pillələrdən keçmək günah deyil. Bəzi arzulara addım-addım çatırıq.

- Sizcə, İrandakı iğtişaşlar snəticələnə bilərmi?

- Bu, İrandakı müxalifət qüvvələrinin birləşmək bacarığından asılıdır. Təəssüf ki, İrandan Avropaya gedən, o cümlədən Azərbaycanda yaşayanlar arasında birlik yoxdur. İllər uzunu bu birliyi yaratmaq üçün çalışmışıq. Alternativləri yaratmağa çalışanlar da var. Özü burada, quyruğu İran hakimiyyətinin əlində olanlar, köhnə tudəçilər, ümumiyyətlə, müxtəlif partiyalara xidmət edənlər var. İndi partiya mənsubiyyətini bir kənara qoyub, bir araya gəlmək lazımdır. Etiraz dalğasının arxasında dayananlar bunu bacarsalar, çox şeyə nail olmaq olar. Hər bir halda, Azərbaycan Respublikası Prezidentinin son bəyanatları, tarixi torpaqlarımızda yaşayan soydaşlarımızın taleyinə biganə qalmaması Azərbaycan türklərinin tarixində yeni dövrün başlanğıcıdır. Bunu hər kəs bilir. Azərbaycan dövlət səviyyəsində məsələyə biganə qalmayacaq.  Bu, bir çox məsələlərdə gözünü ancaq dövlətə dikən, yardım istəyən qüvvələr üçün yeni bir imkandır. Biz ziyalılar isə 50 ildir bu barədə yazırıq. DAK 20 ildən artıqdır Azərbaycan türklərinin haqlarının pozulması ilə bağlı məsələlərə diqqət çəkir. Ciddi birlik, təşkilatlanma olsa, çökməkdə olan hakimiyyətin sonu gələcək. Belə rejimlərin uzun müddət davam etməsi mümkün deyil. Mahiyyət etibarilə sovet rejimi ilə bənzərdir. Sovet rejiminin sonu gəldiyi kimi, bu rejimin də sonu gələcək.

- Bölgədəki yeni geosiyasi reallıqlar fonunda güney azərbaycanlılardan hər hansı formada istifadə oluna bilərmi?

- Xalq yaranan şəraitdən istifadə etməli, öz taleyini həll etmək üçün yol seçməlidir - ayağa qalxmalı, birləşməlidir.  Amma Bütöv Azərbaycan məsələsi 1905-ci ildən ədəbi əsərlərdə mövzu olub, hər zaman gündəmin mərkəzində yer alıb. Güney Azərbaycanda bir il milli hökumət qurulub. O zaman Azərbaycanın birləşmə məsələsi gündəmdə idi. BMT qurulanda ilk müzakirə mövzularında biri Güney Azərbaycan mövzusu idi. Bir sözlə, heç zaman gündəmdən düşməyən, açıq və gizli şəkildə müzakirə olunan mövzulardan biri olub. Bu məsələni həyat amalına çevirən, dustaqxanalarda zülm görən şəxslər çox olub.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR