İnsanlara hürriyət, millətlərə istiqlal!

COVİD-19 yenə qorxutdu - Azərbaycanda yoluxma kəskin artdı

İnfeksionist: “Virusdan ən effektiv qorunma üsulu təkrar vaksinasiyadır”

Azərbaycanda uzun fasilədən sonra COVİD-19-a yoluxma ilk dəfə kəskin artıb. Belə ki, son gündə 710 nəfər koronavirusa yoluxub. Yəni artıq 4-rəqəmli göstəriciyə yaxınlaşmaqdayıq. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, 503 nəfər müalicə olunaraq sağalıb, ölüm halı qeydə alınmayıb. Ölkədə bu günədək ümumilikdə 806 472 nəfər koronavirusa yoluxub. Onlardan 793 268 nəfər müalicə olunaraq sağalıb, 9 777 nəfər ölüb, hazırda aktiv xəstə sayı 3 427 nəfərdir. Son gün ərzində 4852, hazırkı dövrədək isə 7 106 376 test aparılıb.

Görünür, qızmar istilər də koronavirusun aktivliyini azalda bilmir. Belədirmi? Virus soyuqda, yoxsa istidə özünü daha “komfort” hiss edir?

Qeyd edək ki, dünyada COVİD-19 infeksiyasına yoluxma hallarının sayı 593 277 377 nəfərə çatıb. ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur ki, indiyədək bu xəstəlikdən ölənlərin sayı 6 445 400 nəfər təşkil edir. Yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya, Böyük Britaniya və Cənubi Koreya ilk yeddiliyi bölüşür.

Çinin Mancuriya şəhərində isə koronavirus testi müsbət çıxmış bir nəfərə görə bütün şəhər karantinə alınıb. Bu barədə yerli hökumətin bəyanatından məlum olub. Koronavirusa yoluxma halı bir gün əvvəl PZR testi zamanı aşkar edilib. Qapanma ilə əlaqədar şəhərdə ictimai nəqliyyatın, ticarət mərkəzlərinin, kafelərin, kinoteatrların, idman zallarının fəaliyyəti dayandırılıb. “Sitziyao” hava limanından uçuşlar ləğv edilib. Məktəblər və dövlət idarələri bağlanıb, həbsxanalar və qocalar evləri müvəqqəti olaraq ziyarətçilər üçün qapadılıb. 150 000 əhalisi olan şəhərdə lokdaunun nə qədər davam edəcəyi məlum deyil.

Nicat Əzimli - Teleqraf.com

Nicat Əzimli 

Həkim-infeksionist Nicat Əzimli “Yeni Müsavat”a mövzu ilə bağlı fikirlərini belə izah edib: “Koronavirusa yoluxmanın isti ilə birbaşa əlaqəsi yoxdur. Sadəcə olaraq, isti havalarda pəncərələr açıq olduğundan qapalı mühitlərdə xəstəliyin insandan insana ötürülməsi ehtimalı azalır. Buna baxmayaraq, təkcə bu, xəstəliyin yayılmasının qarşısını almaq üçün yetərli deyil. Maskadan istifadə zamanı isə xəstəliyin insandan-insana ötürülməsi ehtimalı 60-70% azalır. Xüsusilə xəstə şəxslə təmasda olmuş və ya özündə xəstəlik simptomları hiss edən şəxslərin maskadan istifadə etməsi bu dövrdə önəmlidir”.

N.Əzimli qeyd edir ki, sonuncu peyvəndinin üzərindən 6 aydan artıq müddət keçmiş şəxslərin təkrar vaksinasiyada iştirak etməsi ən effektiv qorunma tədbiri hesab olunur.

Könül İsmayılova 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Könül İsmayılova mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, hazırda dünya ölkələrində koronavirusa yoluxma halları təzədən artmaqda davam edir: “ÜST rəsmisinin sözlərinə görə, son 4 həftə ərzində koronavirusla bağlı ölüm halları 35 faizədək artıb. 16 avqustda ÜST-ə daxil olan məlumata görə, bu günədək yoluxma hallarının sayı 588757628 təşkil edib.

Yoluxma sayının artması kollektiv immunitetin zəifləməsi, daha sürətli yayıla bilən formaların olması ilə əlaqələndirilir.  COVİD-19 hava-damcı infeksiyası olduğundan, dünya mənzərəsinə sirayət edən proseslər, o cümlədən qonşu ölkələrdəki vəziyyət ölkəmizdə də özünü göstərir. Günəş şüalarının təsirinə gəldikdə isə bununla bağlı bir sıra Amerika tədqiqatları var. Məlum olub ki, Günəş şüalarının 35 dəqiqə ərzində virusu məhv edə bilməsi qənaətinə gəlinib, şüalar koronaviruslu seliyi, tüpürcəyi tez qurudur, eyni zamanda ultrabənövşəyi şüalar virusun qişasını zədələyir. Lakin bununla bağlı tam etibarlı məlumatlar mövcud deyil. Eyni zamanda virus daha çox xəstə insanın öskürməsi, asqırması zamanı ətrafa yaydığı damlacıqlarla yoluxdurur, bu səbəbdən arada ən azı, 1 metr məsafə gözlənilməsi tövsiyə olunur".

Həkim qeyd edir ki, bu dönəmdə karantin qaydalarına ciddi riayət olunmalıdır: “Əllərin yuyulması, çox izdihamlı mühitlərdə məsafə saxlamaq, qapalı məkanlarda maskalardan istifadəyə üstünlük verilməsi hazırda öz aktuallığını saxlayır”.

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

 Yavər Hacısoy 

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Yavər Hacısoy isə mediaya açıqlamasında COVİD testləri ilə bağlı ən çox verilən suallara cavab verib. O deyib ki, PZR üsulu ilə nəticə gec hazır olsa da, həssaslığı və spesifikliyi daha yüksəkdir: “Ümumiyyətlə, koronavirus infeksiyasının diaqnostikasında seroloji, antigen, molekulyar və digər üsullardan istifadə oluna bilər. COVİD-19 testinin müayinəsində hazırda molekulyar (PZR) və antigen testlərdən istifadə olunur. Bu üsulların hər birinin həssaslıq və spesifikliyi fərqlidir. Götürülmüş nümunədə PZR metodu istifadə olunaraq, nuklein turşusu amplifikasiyası yolu ilə koronavirusun RNT-si təyin olunur. COVİD-19 diaqnozunu təsdiqləyici test 3-8 saat ərzində nəticə verən PZR yaxmadır.

Antigen testləri bu infeksiyanın təyinində kifayət qədər geniş istifadə olunur. Nümunə götürüldükdən sonra nəticə təxminən 30-60 dəqiqə ərzində hazır olduğuna görə bu testlərə sürətli, yəni ekspress testlər də deyilir. Vətəndaşlar bunu PZR yaxma testi ilə səhv salırlar. PZR üsulu ilə nəticə gec hazır olsa da, həssaslığı və spesifikliyi daha yüksəkdir. Digər üsullar heç biri təsdiqləyici deyil. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsinə görə, PZR (polimerazalı zəncirvari reaksiya) üsulu koronavirus infeksiyasının təyinində əsas təsdiqedici test hesab olunur".

Afaq MİRAYİQ,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR