İnsanlara hürriyət, millətlərə istiqlal!

COVİD-19 “ikinci nəfəs” qazanır - ölkədə yeni dalğa həyəcanı

İnfeksionist: “”Omikron"un yeni variantları indiyədək qeydə alınmış variantların hamısından daha yoluxucudur..."

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Dr. Hans Kluqe bildirib ki, COVİD-19-a yoluxmaların artması nəticəsində payızdan etibarən virusla mübarizə çətinləşə bilər. Ekspert son 6 həftədə ardıcıl olaraq Avropada COVİD-19-a yoluxma nisbətinin artımını qiymətləndirib. Keçən həftə bölgədə 3 milyona yaxın yeni yoluxma sayının qeydə alındığını deyən ÜST rəsmisi əlavə edib ki, xəstəliklərin artması bu şəkildə davam edərsə, payızdan başlayaraq 2023-cü ilin qışına qədər olan dövr ağır keçəcək.

Azərbaycanda isə koronavirusa yoluxma artıq gündəlik yüz-yüz artmağa başlayıb. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib ki, ilin əvvəlində “Omikron” ştammının bir neçə növü var idisə, bu gün yeni variantlar meydana çıxır. O qeyd edib ki, insanlarda yaranan kütləvi immunitetin zamanla zəifləməsi, yeni ştamın meydana çıxması bugünkü vəziyyətə səbəb olur: “Bu da təbiidir. Çünki ”Omikron" ştamı sürətlə yayılır".

Bəs ölkədə yoluxma halı qısa müddətdə dördrəqəmliyə çata bilərmi?

“Biz koronavirusla bağlı yeni dalğanın astanasındayıq”. Bunu da Təyyar Eyvazov bildirib. Onun sözlərinə görə, Azərbaycanda yaxın vaxtlarda koronavirusa yoluxma sayı artacaq: “Fikrimcə, bu dalğa uzunmüddətli olmayacaq. Yəqin ki, bu hal bir neçə həftə çəkəcək. Hər birimiz tədbirlərə əməl etməklə özümüzü və yaxınlarımızı qoruya bilərik. Hər kəs bu dalğanın pik dövründə tədbirlərə ciddi yanaşmalıdır”.

Həkim mütəxəssislər son epidemioloji vəziyyəti qəzetimizə şərh ediblər.

Profilaktik tədbirlərdən istifadə edilməklə yoluxma hallarının qarşısını  almaq olar”-Könül İsmayılova

 Könül İsmayılova

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Könül İsmayılova da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “Hazırda mövcud klinik hallar ”Omikron" ştamının müxtəlif subvariantları ilə törədilir. Fransada olan artımın BA2 ştamı olduğu bildirilir, lakin ölüm göstəriciləri aşağıdır. Əksər ölkələrdə isə BA.4 və BA.5 subvariantlarının dominantlıq etməsi güman olunur. Qeyd edim ki, bu ştamlar ilk dəfə keçən il, Cənubi Afrikada qeydə alınıb. Dünya ekspertlərinin fikrincə, bunun baş verməsinin səbəbi əksər ölkələrdə karantin, əks-epidemik  tədbirlərinin demək olar ki, tamamilə aradan qaldırılmasıdır. Digərləri isə hesab edir ki, “Omikron”la xəstələnmə nəticəsində yaranan immun reaksiya əvvəlki ştamlarla törənən xəstəliyin yaratdığı immunitetlə müqayisədə daha zəifdir. “Science” jurnalında və “Nature” jurnalında bununla bağlı iki tədqiqat nəticəsi barədə məlumat  verilib.

ÜST Komitəsinin fövqəladə hallar üzrə növbəti 12-ci  görüşündə  COVİD-19-un səhiyyə sisteminə əvvəlki kimi təhlükə daşıdığı qənaətinə gəlinib. Dünya dövlətlərində bəzilərində yenidən qadağalar qüvvəyə minib. İspaniya və Almaniyada maska istifadəsi ictimai nəqliyyat və xəstəxanalarda qüvvədədir. Fransada da maska istifadəsi tövsiyə olunur. Ölkəmizə gəlincə isə hazırda yoluxma dinamikasında əvvəlki aylarla müqayisədə artım nəzərə çarpır. Hazırki dövrdə, izdihamlı yerlərdə qorunma tədbirlərinə imkan daxilində əməl etməyin sağlamlığımız üçün əhəmiyyəti böyükdür".

Nicat Əzimli - Teleqraf.com

Nicat Əzimli 

Mövzu ilə bağlı həkim-infeksionist Nicat Əzimli də “Yeni Müsavat”a fikirlərini açıqladı: “Yoluxmalardakı son artım koronavirusun ”Omikron" variantının subvariantları olan BA.4 və BA.5 variantları ilə əlaqədardır. Bunlar indiyə qədər qeydə alınmış koronavirus variantlarının hamısından daha yoluxucudur. Belə olan halda yoluxmalarda artımın davam etməsi gözləniləndir. Lakin hiperyoluxucu variantların törətdiyi dalğalar çox uzun çəkmir. Buna görə də bir neçə həftəlik yüksək rəqəmlərdən sonra dalğanın sönməsi müşahidə olunmalıdır. Payız mövsümünə gəldikdə isə ilin bu dövrü yoluxmaların mövsümlə əlaqədar artımı ilə xarakterizə olunur. Bunu nəzərə alaraq dünya ölkələri və səhiyyə qurumları müəyyən tədbirlər görür, planlar ortaya qoyur. Azərbaycanın da buna hazırlıqlı olması lazımdır".

DİQQƏT! Risk qrupuna daxil olan vətəndaşlara koronavirusla bağlı müraciət -  Busaat.az

Afaq Əliyeva

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva da mediaya açıqlamasında son günlər yaranan narahatlıqla bağlı açıqlama verib: “Ötən ayın sonunda Hindistanın bəzi bölgələrində ”Omikron"un yeni alt növü müəyyən edilib. Böyük Britaniya, ABŞ, Avstraliya, Almaniya, Niderland, Kanada və s. ölkələrdə artıq yeni növ aşkarlanıb. Əlamətləri barədə ilkin məlumat hələ ki yoxdur, bu istiqamətdə araşdırmalar aparılır. “Omikron”un əlamətlərinə isə baş və boğaz ağrısı, əzələlərdə, oynaqlarda ağrılar, yüksək hərarət daxildir. İybilmə, dadbilmə qabiliyyəti adətən itmir. Pnevmoniya yaratmaq qabiliyyəti isə “Delta”ya görə daha aşağıdır. “Omikron” ştamının mənfi cəhəti onun “Delta”ya nisbətən daha sürətlə yayılma xüsusiyyətinə malik olmasındadır. İki ildən artıq davam edən pandemiya müddətində ölkədə fəaliyyət göstərən səhiyyə qurumlarının COVİD-19 infeksiyası ilə mübarizə tədbirləri nəticəsində virusun ölkə əhalisinin sağlamlığına mənfi təsiri minimum həddədir. Hazırda COVİD-19-a yoluxmuş insanların bir çoxunda xəstəlik əsasən yüngül formada keçir. Amma risk qrupuna daxil olanlar şəxslərdə xəstəlik nisbətən ağır keçə bilər. Ona görə bu vətəndaşlara tövsiyə edirəm ki, gigiyenik qaydalara ciddi şəkildə əməl etsinlər, koronavirusun ilkin simptomlarını hiss etdikləri təqdirdə dərhal sahə həkimi ilə əlaqə saxlasınlar. Eyni zamanda sosial məsafəni qorumağı, ictimai yerlərdə isə qoruyucu maska və antiseptik məhsullardan istifadə etməyi unutmasınlar. Həmçinin zərurət yaranmadığı halda qapalı məkanlardan mümkün qədər uzaq olmağı məsləhət görürəm".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR