İnsanlara hürriyət, millətlərə istiqlal!

Çörçill və Ruzveltin məxfi Hamburq əməliyyatı – müharibə tarixinin ən dəhşətli hadisələrindən biri  

 

1943-cü ilin yanvar ayında ABŞ prezidenti Franklin Ruzveltlə Böyük Britaniyanın baş naziri Uinston Çörçillin görüşünün nəticələrindən biri də “Almaniyaya qarşı birgə hava hücumunun gücləndirilməsi haqqında” məxfi direktivin imzalanması olub. Direktiv Almaniyanın iri sənaye şəhərlərinə aviasiya hücumları etmək, bununla da Almaniya iqtisadiyyatına zərbə vurmaq, hərbi sənaye obyektlərini sıradan çıxarmaq, eyni zamanda alman xalqını mənəvi cəhətdən “sındırmaq” məqsədini daşıyıb.

Direktivdə Böyük Britaniya hərbi hava qüvvələrinin Almaniyaya hava hücumları gündüz saatlarında, ABŞ-ın hücumlarının isə gecə saatlarında başlanması nəzərdə tutulub. Hədəf Almaniyanın ikinci böyük şəhəri, sənaye, ticarət və nəqliyyat mərkəzi olan Hamburq seçilib.

Əməliyyatın keçirilməsi ABŞ-ın hərbi hava qüvvələrinin komandanı, ordu generalı Henri Arnolda və Böyük Britaniya hərbi hava qüvvələrinin komandanı, “qəssab” ləqəbli marşal Artur Harrisə həvalə edilib. Əməliyyata şərti olaraq “Homorra” adı verilib və belə bir adın təşəbbüskarı Çörçill olub.

152787272915577163.jpg (51 KB)

Niyə məhz “Homorra”? Bu ad yunan mifologiyasından gəlir. Belə ki, əfsanəyə görə Homorra sakinlərinin günahlarına görə bu məkan Allah tərəfindən məhv edilib. Çörçill əməliyyata belə bir adın verilməsini uyğun sayıb, almanları dağıdıcılıq fəaliyyətinə görə Allah qarşısında ən böyük günah işlədən xalq kimi qiymətləndirib.

Britaniya tərəfindən əməliyyata hazırlıq dövründə Çörçill böyük tərəddüd keçirib. Baş nazir əməliyyatın miqyasının böyüklüyünü nəzərə alaraq hansısa yanlışlığa yol veriləcəyindən çəkinib. Hətta son məqamda Çörçill “Homorra” əməliyyatının keçirilməsindən imtina etmək fikrinə də düşüb. Amma uzun-uzadı müzakirələrdən sonra marşal Artur Harris Çörçilli əməliyyatın uğurlu keçəciyinə inandıra bilib. Britaniyalı marşal baş naziri əmin edib ki, aviasiya hücumu ilə Hamburqu yerlə-yeksan edərək almanlara layiqli cavablarını verəcəklər. Beləliklə, Çörçill əməliyyatın keçirilməsinə rəsmi razılıq verdikdən sonra marşal Artur Harris 27 may 1943-cü ildə 178 saylı əmr imzalayıb.

Əməliyyat 1943-cü ilin iyulun 24-dən 25-ə keçən gecə saat 00.57-də başlayıb. İlkin olaraq 50 dəqiqə davam edən əməliyyatda 791 təyyarə iştirak edib və Hamburqa 2400 ton bomba atılıb. Ümumilikdə iyulun 25-dən avqustun 3-ə qədər Britaniya hərbi hava qüvvələrinin 2355, amerikalı hərbi təyyarəçilərinin 835 uçuşu qeydə alınıb.

“Homorra” əməliyyatı zamanı Hamburq şəhərində olan tikililərin 74 faizi tamamilə dağılıb. Təxmini statistikaya görə ölənlərin sayı 50 min nəfəri ötüb. 200 mindən artıq insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həlak olanların 8 min nəfəri uşaq, 21 min nəfəri qadın olub. 10 mindən artıq uşaq hər iki valideynini itirib.

1527872882127225894.jpg (59 KB)

Şəhərdə fəaliyyət göstərən 80 hərbi obyekt, 500-dən artıq sənaye müəssisələri - fabrik və zavodlar, 16 körpü, ümumilikdə istehsalat müəssisələrinin 90 faizi sıradan çıxıb. Bir milyondan artıq insan yaşayış yerindən məhrum olub. 24 min yaşayış binası tamamilə yararsız vəziyyətə düşüb.

Əməliyyatın ən dəhşətli günü iyulun 28-i olub. Həmin gün Hamburqa dağıdıcı bombalar atmaqla yanaşı, yanğın törədən bombalar da atılıb. Rəsmi məlumatlara görə iyulun 28-də yanğınlardan ölənlərin sayı 30 mini ötüb. Digər tərəfdən isti hava yanğınların genişlənməsinə səbəb olub. Əvvəlki günlərdə atılan bombaların nəticəsində yolların sıradan çıxması isə yanğınsöndürən avtomobillərin hərəkətini iflic vəziyyətinə salıb.

“Homorra” əməliyyatında bütövlükdə ABŞ-ın və Böyük Britaniyanın silahlı qüvvələrindən 100 min nəfər iştirak edib. Əvvəlcə əməliyyatda SSRİ-nin iştirak etməsi də nəzərdə tutulub. Amma sonradan Stalin ağır Stalinqrad döyüşlərindən sonra “Homorra” əməliyyatına SSRİ-nin silahlı qüvvələrinin cəlb edilməsini məqsədəuyğun saymayıb.

hamburgraid.jpg (94 KB)

“Homorra” əməliyyatı müttəfiq ölkələrin - ABŞ, Britaniya və SSRİ-nin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Çörçill bu əməliyyatı aşağıdakı kimi xarakterizə edib:

“Biz bu əməliyyatla Allah qarşısında günahkar olanların cəzasını verdik. Deməli, “Homorra” haqq işi idi. Haqlı olanlar isə həmişə qalib olurlar...”

İosif Stalin isə “Homorra” əməliyyatının əsas müəllifi olan  marşal Artur Harrisi “Suvorov” ordeni ilə mükafatlandırıb.

Qeyd edək ki, dünyada baş verən müharibələrin tarixində “Homorra” əməliyyatı öz miqyasına, iştirakçılarının və qurbanlarının sayına görə ən dəhşətli əməliyyatlardan biri sayılıb.

İlham Cəmiloğlu, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR