İnsanlara hürriyət, millətlərə istiqlal!

COP 29: Qlobal İqlim Diplomatiyasında Azərbaycanın artan rolu yaxud regional gücdən qlobal oyunçuya çevrilən ölkənin hekayəsi

Dünyada iqlim dəyişikliyinin təsirləri ilə bağlı mübarizə çağırışlarının artdığı bir dövrdə, COP 29 kimi qlobal əhəmiyyəti artan bir beynəlxalq sammitə ev sahibliyi edən Azərbaycan üçün bu mötəbər tədbir, sadəcə iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini göstərmək olmadığını, həm də iqtisadi və geosiyasi sferalarda özünəməxsus mövqeyindən istifadə edərək qlobal səhnədə artan iqtisadi və siyasi təsirini nümayiş etdirmək üçün unikal fürsət olduğunu desək, yəqin ki yanılmarıq.

Bu məqalədə də daha çox Azərbaycanın əməkdaşlıq səylərini, iqtisadi gücünü və siyasi təsirini araşdırıraraq, Azərbaycanın COP 29-da sədrlik edən bir ölkə kimi, beynəlxalq iqlim danışıqlarının gələcəyi ilə bağlı mövqeyini və o cümlədən regionda və dünyada artan iqtisadi və siyasi gücünü təhlil etməyə çalışacağam.

Azərbaycanın paytaxt Bakıda COP 29-a ev sahibliyi etməsi, ölkənin qlobal iqtisadi və siyasi arenalarda artan təsirinə əyani sübutlardan biri kimi də görmək mümkündür.

Avropa ilə Asiya arasındakı strateji kəsişmə nöqtəsində yerləşən Azərbaycanın, müxtəlif diplomatik strategiyalarla yanaşı, öz təbii enerji resurslarından və regional və qlobal infrastruktur layihələrinə etdiyi investisiyalardan istifadə edərək dünya miqyasında siyasi və iqtisadi nüfuzunu artırmaqda maraqlı olduğunu təxmin etmək, heç də çətin deyil.

Azərbaycanın təsir dairəsi genişlənən və artan beynəlxalq gücünün və o cümlədən özünü enerji, iqlim fəaliyyəti və regional sabitlik sahəsində aparıcı ölkə olmaqla bağlı səylərinin arxasında duran əsas amillərə nəzər salaq.

COP29-un baş qərargahında ilk mətbuat konfransı keçirilib – YENİLƏNİB -  AZƏRTAC

Coğrafi mövqe və təbii enerji ehtiyatlarından formalaşan iqtisadi güc

Son 1 əsrdə, zəngin neft və qaz ehtiyatları üzərində qurulan iqtisadiyyata sahib Azərbaycanın Avropa və Asiya ölkələri üçün stratejik enerji təchizatçısı kimi rolu artmaqdadır.

Təbii enerji resursları üzərində qurulan düzgün ixrac siyasəti, Azərbaycanın geosiyasi mövqeyini gücləndirməklə yanaşı, Avropa İttifaqı və Çin də daxil olmaqla, dünyanın nəhəng iqtisadiyyatları ilə qarşılıqlı əlaqələri daha da genişləndirməkdədir.

Avropaya neft ixracı üçün mühüm əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Ceyhan (BTC) və Xəzər regionunu Avropa bazarlarına birləşdirən Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) kimi irimiqyaslı layihələr vasitəsilə Azərbaycan, mühüm tranzit enerji qovşağına çevrilmiş ölkələr siyahısındadır.

Siyasi konflikt və hərbi münaqişə yaşadığı Rusiyadan enerji asılılığını minimuma endirmək üçün alternativ enerji mənbələri axtarışında olan Avropa Birliyi ilə qurulan çoxşaxəli enerji tərəfdaşlığı  əsasında Azərbaycandan Avropaya təbii qaz nəql edən Cənub Qaz Dəhlizi, ölkənin enerji ixracı sahəsində əldə etdiyi ən mühüm nailiyyətlərdən biridir və onun xarici iqtisadi siyasət strategiyasının əsas elementlərindəndir.

Bununla yanaşı, öz iqtisadi inkişafını qorumaq və artan templə davam etdirmək üçün Azərbaycan dövləti, ölkə iqtisadiyyatını neft və qazdan kənarda şaxələndirmək üçün müxtəlif infrastruktur layihələrinə ciddi sərmayələr qoymaqdadır.

Xüsusən, nəqliyyat, logistika və rəqəmsal infrastrukturun yaxşılaşdırılmasına yönəldilən resursları, paytaxt Bakıdakı beynəlxalq hava limanlarının genişləndirilməsi, yeni liman və ticarətin və turizmin inkişafı üçün nəzərdə tutulmuş digər obyektlərlə modernləşdirilməsini də bu qəbildən hesab etmək olar.

Eyni zamanda, Çini Azərbaycandan keçməklə Avropa ilə birləşdirən “Orta Dəhliz” təşəbbüsü də, bu diversifikasiya strategiyasının bir hissəsidir. Bu dəhliz, Azərbaycanı müasir İpək Yolunun mərkəzi qovşağına çevirir və beynəlxalq sərmayələri və tərəfdaşlıqları cəlb edərək Azərbaycanın Avrasiya boyu iqtisadi əlaqələrini gücləndirmə missiyası daşıyır.

Bundan əlavə, bərpa olunan enerji layihələri, o cümlədən günəş və külək enerjisinə irimiqyaslı investisiyalar indi Azərbaycanın iqtisadi siyasətinin tərkib hissəsidir. Ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması və çoxtərəfli şaxələndirilməsiylə bağlı ortaya qoyulmuş qətiyyətli islahatlar fonunda, COP 29-un ev sahibi kimi Azərbaycan, bir çox neft ölkəsi üçün model ola bilər.

Azərbaycan hökümətinin, ölkədaxili yaşıl iqtisadiyyatın inkişafına göstərdiyi və göstərəcəyi səylər, digər ölkələri də oxşar transformasiyaları araşdırmaq və dayanıqlı enerji infrastrukturlarını inkişaf etdirmək üçün əməkdaşlıq etmək üçün ruhlandıra və beynəlxalq investisiyaları cəlb etmək üçün ciddi təkan  bilər.

Bakı dünyanın mərkəzində: COP29 başlandı

Regional və qlobal siyasi təsir gücü və mütərəqqi diplomatiya strategiyası

Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycanın coğrafi mövqeyi, ona çoxtərəfli stratejik manevr qabiliyyəti, diplomatik təsir imkanları və mühüm geosiyasi təsir rıçaqları verir.

Diqqətli diplomatiya prinsipini əsas alan Azərbaycan, qonşuları və böyük dövlətlərlə, xüsusilə Rusiya, Türkiyə və İran kimi regional güclərlə qurduğu əlaqələrlə, Avropa Birliyi başda olmaqla, qərb dövlətləri ilə tərəfdaşlıqlarını balanslaşdırır.

Bu diplomatik tarazlıq yaxud balans diplomatiyası, Azərbaycana ticarət, təhlükəsizlik və enerji də daxil olmaqla bir çox sahələrdə sazişlər bağlamağa və tərəfdaşlıqlar qurmağa şərait yaradır və regional münaqişələrdə vasitəçilik etmək və stabil tərəfdaş ölkə kimi, region və dünya ölkələriylə qarşılıqlı sıx əlaqələr qurma imkanı verir.

2020-ci ildə Ermənistanla hərbi münaqişədə istifadə etdiyi qabaqcıl hərbi texnologiya və əldə etdiyi mühüm qələbə, Azərbaycanın Cənubi Qafqazda regional təsir imkanlarını daha da gücləndirdi. Ermənistanla münasibətlər mürəkkəb olaraq qalsa da, Azərbaycan özünü regional dinamikanı formalaşdırmağa və bir mənalı olaraq qarşı tərəfi sülh danışıqlarına cəlb etməyə qadir bir güc kimi göstərməkdə davam edir.

Bundan əlavə, Türk Dövlətləri Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və Qoşulmama Hərəkatı (QH) kimi regional və beynəlxalq qurumlarda göstərdiyi aktiv fəaliyyət, Azərbaycanın diplomatik əlaqələrini gücləndirməklə yanaşı, qlobal sülh və sabitliyin tərəfdarı kimi tanıtmaqdadır.

Müxtəlif alyanslar arasında əlaqələri inkişaf etdirməklə, Azərbaycan özünü Şərqlə Qərb arasında körpü qura bilən neytral tərəfdaş kimi göstərmişdir.

Bu baxımdan, COP 29 kimi mühüm beynəlxalq tədbirin Bakıda keçirilməsi, Azərbaycanın qərb və şərq ölkələri arasında diplomatik körpü rolunu gücləndirməklə yanaşı, ən aktual ekoloji problemlərinin həllində beynəlxalq əməkdaşlığı inkişaf etdirməyə qadir bir ölkə kimi iqlim diplomatiyasında lider ölkələr sırasında yer almasına imkan yaradır.

COP29-un Bakıda keçirilməsi, Azərbaycan üçün ciddi fürsət olmaqla bərabər, qlobal enerji bazarında əhəmiyyətli oyunçu kimi tanınan ölkənin neft və qaz ixracatçısı kimi, bərpa olunan enerji mənbələrinə etdiyi investisiyaların həcminin artması və yaşıl enerjiyə keçidin sürətlənməsi üçün təkanverici amillərdən biridir.

COP 29 və gələcək perspektivlər

Azərbaycanın COP 29-a ev sahibliyi etməsi, eyni zamanda ona  BMT-nin İqlim Konfransına ev sahibliyi edən ilk postsovet ölkəsi ünvanını qazandırmaqla yanaşı, mədən yanacaqlarından bərpa olunan enerjiyə qlobal keçidin başladığı bir dövrdə, yaşıl enerji istehsalı və yaşıl texnoloji innovasiyaların təşviqində ölkəmizin maraqlı olduğunu göstərməkdədir.

Davamlı inkişaf tempini saxlamaq üçün iqtisadi diversifikasiyanın vacibliyininin fərqində olduğunu göstərən Azərbaycan hökümətinin, ekoloji resursları qorumaqla iqtisadiyyatın şaxələndirilməsi yönündə atdığı və atacağı addımlar, və iqtisadiyyatları neft və qaz ixracından asılı ölkələr üçün  ciddi nümunə təşkil etməkdədir.

Həmçinin, bu beynəlxalq tədbir, Azərbaycanın beynəlxalq iqlim diplomatiyasındakı statusunu yüksəltməyə və yaşıl enerji ilə bağlı istifadə etdiyi yenilikləri təqdim etməyə şərait yaradır.

Azərbaycan, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) məqsədlərinə uyğun gələn ekoloji islahatları və beynəlxalq tərəfdaşlığı fəal şəkildə davam etdirir.

2016-cı ildə Paris Sazişini imzalayan və 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35% azaltmağı öhdəsinə götürən ölkəmiz bu hədəflərə çatmaq üçün bərpa olunan enerji layihələrinə, xüsusən də günəş və külək enerjisi ilə bağlı infrastruktur layihələrini həyata keçirməyə başlamışdır. Dünya Bankı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) kimi beynəlxalq təşkilatlarla əməkdaşlığını genişləndirən Azərbaycan, dayanıqlı enerji layihələrinə, təmiz enerji mənbələrinin təşviqinə və enerji infrastrukturunun modernləşdirilməsinə  xüsusi diqqət yetirməkdədir.

Bundan əlavə, Azərbaycan Qarabağ bölgəsində işğaldan azad edilmiş ərazilərini bərpa olunan enerji mənbələri, enerjiyə qənaət edən texnologiyalar və dayanıqlı şəhərsalma layihələrini özündə birləşdirən “yaşıl enerji zonasına” çevirmək üzərində işləməsi də, qlobal iqlim gündəliyi ilə uyğunlaşır və COP 29 iştirakçı ölkələr üçün ən diqqət çəkən layihələrdəndir.

COP 29-un Bakıda keçirilməsi, Azərbaycan dövlətinin növbəti beynəlxalq uğuru olmasıyla bərabər, Azərbaycanın iqlimlə bağlı təşəbbüsləri və davamlı inkişafa töhfələri ilə beynəlxalq səviyyədə tanınmasına, iqlim dəyişikliyi ilə mübarizədə regional lider kimi önə çıxmasına, ölkədəki yaşıl texnologiyalara və bərpa olunan enerji layihələrinə xarici sərmayələri cəlb edilməsinə imkan verəcək.

COP29-un Azərbaycanda keçirilməsi, həm də qlobal iqlim siyasətinə təsir  göstərmək və dünya ölkələri ilə əməkdaşlıqda yeni bir dövrün başlanğıcı ola  bilər

Bakıda keçirilən COP29 Azərbaycan və qlobal iqlim gündəmi üçün dönüş nöqtəsini təmsil edir. Azərbaycan üçün bu, özünü dünya səhnəsində mütərəqqi və nüfuzlu oyunçu kimi göstərmək imkanıdır. Beynəlxalq ictimaiyyət üçün Bakı iqlim fəaliyyəti və davamlılıq, xüsusilə də qalıq yanacaqlardan asılı olan regionlarda tənqidi müzakirələrin aparılması üçün platforma təqdim edir.

COP 29-a ev sahibliyi etmək, həm də Azərbaycana yaşıl enerji ixracatçısı kimi potensialını nümayiş etdirməyə imkan verir və onu Qara dəniz sualtı kabel kimi layihələr vasitəsilə Avropaya bərpa olunan enerji ixracında gələcək tərəfdaş kimi ortaya çıxarır.

Azərbaycanın artan iqtisadi və siyasi gücü, effektiv diplomatiya və iqlim öhdəliklərinin strateji birləşməsini əks etdirən COP 29-a ev sahibliyi etməsi, həm ənənəvi, həm də bərpa olunan enerjiyə sərmayə qoyan bir ölkə kimi, qlobal iqlim siyasəti və gələcək perspektivlərlə bağlı  Azərbaycanın əsas oyunçulardan biri kimi rolunu möhkəmləndirir.

Azərbaycanın mürəkkəb regional dinamikaya baxmayaraq, qlobal layihələrə öncülük həvəsi olduqca və öz iqtisadi bazasını şaxələndirməyə davam etdikcə, həm Avrasiyada, həm də bütün dünyada siyasi nüfuzu artan və daima inkişaf etməkdə olan güclü ölkə kimi özünəməxsus rolu olacaq.

 11 ildir Fransada mühacir olan ictimai fəal Elnur Məcidli Azərbaycana  qayıdıb

Elnur MƏCİDLİ
Paris, Fransa

ŞƏRHLƏRŞƏRH YAZ

Qonaq

Ramiz Əliyev 22.11.2024 03:32

Sherh moderator terefinden yoxlanılır

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR