İnsanlara hürriyət, millətlərə istiqlal!

Consonun raketlər yağan Kiyevə sürpriz səfəri - dönüş olacaqmı?

Ötən həftə sonu Böyük Britaniyanın Baş naziri Boris Conson Kiyev küçələrində var-gəl edərək dünyaya və təbii ki, Rusiyaya mesaj verdi. Müharibə şəraitində olan bir ölkənin paytaxtına gələn baş nazirin səfəri, verdiyi bəyanatlar, Kiyev küçələrini əli cibində dolaşması böyük rəğbət qazandı. “Yeni Müsavat” bildirir ki, Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşən Boris Conson Kiyev küçələrində onunla birgə addımladı, sakinlərlə söhbətləşdi. Consonun ofisi bunu Rusiyanın Ukraynanın şərqində yeni hücum ehtimalı ilə bağlı artan narahatlıqlar fonunda həmrəylik nümayişi adlandırıb.

Baş nazir görüş zamanı Ukraynanı əlavə 120 zirehli maşınla və yeni gəmi əleyhinə raketlə təmin etməyi vəd edib, Kiyev ordusunun, mülki müdafiəçilərinin sərgilədikləri performansı tərifləyib. Conson əvvəldən elan olunmayan səfəri ilə Rusiya qüvvələrinin paytaxt ətrafındakı bölgələrdən geri çəkilməsindən sonra Ukraynanı ziyarət edən Avropa rəsmiləri arasında ən yüksək profilli liderdir. Conson Kiyevə səfəri zamanı deyib ki, tərəfdaşlarımızla birlikdə iqtisadi təzyiqi artıracağıq və Rusiyaya qarşı sanksiyaları hər həftə gücləndirməyə davam edəcəyik: “Təkcə banklardakı aktivləri dondurub oliqarxlara qarşı sanksiyalar tətbiq etməyəcəyik, həm də rus karbohidrogenlərinin istifadəsindən uzaqlaşacağıq”, - Conson bildirib.

Həmçinin aprelin 9-da Avstriya kansleri Karl Nehammer də Kiyevdə Zelenski ilə görüşüb. Bundan bir gün öncə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Avropa İttifaqının xarici siyasət idarəsinin başçısı Cozep Boreel də Ukrayna paytaxtına səfər edibər. Qərb liderlərinin bu səfərləri müharibəni Ukraynanın xeyirinə sonlandıra biləcəkmi? Britaniyanın bu jestinin ardından nə gələcək? Conson Kiyev küçələrində dolaşmaqla nə demək istəyirdi? Nə üçün Bayden də Conson kimi Kiyevə səfər etmir? Britaniyanın bu dəstəyinin səbəbi nədir və London-Moskva münasibətləri birdəfəlik korlanacaqmı?

Sərkisyanın sayıqlaması: ermənilər hücuma hazırlaşır - Qabil Hüseynli canlı  yayında...

Qabil Hüseynli: “Britaniya lideri Ukraynaya hücum silahları verəcək və rus ordusunun “əngini əzəcək””

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, bu səfərlər dəstəyi artıracaq. Onun fikrincə, bu dəfə Ukraynaya daha ağır və öldürücü silahların göndərilməsi gündəmdədir: “Artıq tankların, piyadaların döyüş maşınlarının, hava hücumundan müdafiə sistemlərinin göndərilməsinə başlanıb. Böyük Britaniya isə Ukraynanı daha təkmil və uzaqvuran raketlərlə təmin etməyə hazırlaşır. Bu raketlər Donetsk istiqamətində döyüşlərdə istifadə olunacaq. Çünki Donetskdə qalib gələn tərəf müharibəni həll etmiş olacaq”.

Q.Hüseynli hesab edir ki, ona görə də Britaniya Ukraynaya hücum silahları verməyə davam edəcək və rus ordusunun “əngini əzəcək”. Politoloqun sözlərinə görə, Boris Consonun bu səfəri Rusiyaya bir mesaj idi: “Ki, artıq əzilmisiniz, vəziyyəti daha da gərginləşdirmək sizin xeyrinizə olmayacaq, ağlınızı başınıza yığın. Baxın, bu günə kimi nə qədər rus silahları vurulub, 20 minə yaxın itkisi var. Rusiya daha nə qədər döyüşəcək? O döyüşdükcə, Qərbdən hərbi yardımlar azalmır. Moskva bu gedişatı hesablamamış deyil. Üstəlik, Donbasda olan Ukrayna qoşunları daha təcrübəlidirlər, 7-8 ildir döyüş meydanındadırlar və onlarla baş etmək çətin olacaq”.

Q.Hüseyli Consonun səfərinin kifayət qədər ciddi siyasi əhəmiyyəti olduğunu düşünür: “Müharibə gedən ölkənin mərkəzinə gəlirsən, böyük bir cəsarət nümayiş etdirirsən, Ukrayna xalqına ruh verən bir addım atırsan və Rusiyaya göstərirsən ki, Kiyevi necə müdafiə edirik. Britaniya ismarış verdi ki, bundan sonra rus ordusu Kiyevə doğru hücum etməyi ağlından belə keçirməsin. Mənə belə gəlir ki, rus ordusu Kiyevə daha həmlə etməyəcək və ölkənin şərq istiqamətində döyüşlər alovlanacaq. Ardınca Avropa rəsmilərinin səfərləri də göstərir ki, Qərb Ukraynanı sona qədər qorumağa çalışacaq. Müharibədən əvvəl də Conson Kiyevə səfər etmişdi və oradan Rusiyaya bəyanatlar vermişdi. Ümumiyyətlə, London Kiyevi yüksək səviyyədə dəstəkləyir”.

Avropa İttifaqı təmsilçisinin İrəvanda anti-Azərbaycan mövqeyi - Bakı niyə  reaksiya vermədi?

Murad Sadəddinov: “Conson Putinə deyir: “Sən bura girə bilmədin, mən isə girə bildim, səni qovdular, məni dəvət etdilər””

Politoloq Murad Sadəddinovun sözlərinə görə, Boris Conson erkəkliyini göstərdi, çəkinmədi, bu təhlükəli günlərdə Kiyev küçələrinə çıxaraq dünyaya qüvvətli bir mesaj verdi: “Boris Consonun Kiyevdə gəzintisi böyük siyasi və simvolik məna kəsb edir. Conson Putinə dolayısı yolla deyir: Sən bura girə bilmədin, mən isə girə bildim. Səni qovdular, məni isə dəvət etdilər. Sən raket-bombaları Ukrayna xalqının başına yağdırmaqla bura gəlmək istəyirdin, mən isə sənin təyyarə və tanklarını vurmaq üçün verdiyim raketlər hesabına Kiyevə təntənə ilə daxil oldum. Sənə Ukrayna xalqı nifrət edir, mənə isə rəğbət bəsləyir”.

Siyasi ekspertin fikrincə, baş nazir Rusiya liderinə həm də bu mesajları çatdırmış olub: “Sən Ukrayna xalqına dini, etnik və linqvistik cəhətdən ən yaxın ölkənin başçısı olsan da bu qədər yumşaq güc faktorlarından öz xeyrinə istifadə edə bilmədin, mənim xalqım isə Ukrayna ilə çox az ümumi mədəniyyətə malik olsa da onun xarici siyasət istiqamətini öz tərəfinə çəkə bildi. Sənin reytinqlərin bir azdan iqtisadi böhran səbəbindən kəskin aşağı düşəcək, mənimki isə sənə müqavimət göstərdiyimə görə ancaq qalxır. Nəhayət, sən çökmək ərəfəsində olan Rusiya imperiyasının, mən isə yenidən dirçələn Britaniya ”imperiyasının" başçısıyam".

Fərhad Mehdiyev: “Nazir özünü təmizə çıxarmaq istəyirsə, oğlunun gəlir  mənbəyini açıqlamalıdır”

Fərhad Mehdiyev: “Tarixdən bəllidir ki, ingilislərin arxa çıxdığı dövlətlər müharibədə uduzmayıb”

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Consonun bu addımına heyran qaldığını bildirib. Onun sözlərinə görə, raket atılan şəhəri, snayperlərin hədəfinə məruz qala bildiyi halda qorxmadan Kiyev küçələrini gəzib. Tarixdən bəllidir ki, ingilislərin arxa çıxdığı dövlətlər müharibədə uduzmayıb. Boris Conson Ukraynaya gəmi əleyhinə raketlər gətirib. Deməli, Rusiyanın Qara dəniz donanması müəyyən itkilər verəcək. Putinin ambisiyaları həm dövlətinə, həm də vətəndaşlarına çox böyük zərər vurdu. Nə imkan verdi ki, ölkəsində normal dövlət institutları qurulsun, digər tərəfdən, pis iqtisadiyyatlarını da vurub dağıtdı".

Yeri gəlmişkən, sosial şəbəkə istifadəçiləri Zelenskinin geyimini müzakirə ediblər. Məlum olub ki, Ukrayna liderinin geyindiyi paltarların ümumi qiyməti təxminən 3,5 min qrivna (toplam 202 manat - 120 dollar) dəyərindədir. Boris Consonun isə köhnə ayaqqabıları və kəmər taxmaması da diqqəti çəkib.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR