İnsanlara hürriyət, millətlərə istiqlal!

“Cinlər diyarı”ndakı Qərib və “Anadır arzulara hər zaman Qarabağ” oxuyanlara görə həbs - Elşad Paşasoy YAZIR...

Nikol Paşinyan bir budaqda oturub, yüzünü silkələdi və Anna Akopyanla bərabər ABŞ-yə, “nahar yeməyinə” getdi. Yeri gəlmişkən, özü də səhər yeməkləri hazırlamaqla gündəmdə qalır son vaxtlar. Hətta 31 yanvar brifinqində erməni jurnalistlərdən biri mətbəx macəraları ilə bağlı da ona sual ünvanladı.

Ermənistanın baş naziri üçün fərqi yoxdur, təki gündəmdə qalsın. “Qarabağ Ermənistandır. Nöqtə” deyəndə də gündəmi düşünürdü, son illərdə dil boğaza qoymadan “sülh kəsişməsi”ndən “sülhə hazırıq” bəyanatlarınadək bəyan etdikləri də eyni məqsədə xidmət edir. Normal siyasətçi özünün də prioritet elan etdiyi kimi, real durumu doğru-düzgün qiymətləndirər və konkret addımlar atardı. Amma yox, Paşinyan proseslərə nöqtə qoymaq gərək deyil, çünki bu, onun səlahiyyətində deyil. Nə həddi var sülhə imza atsın, Fransanın əl oyuncağına çevrilmiş Avropa İttifaqının hərbi-casus şəbəkəsi hələ indi-indi Ermənistanda yerini möhkəmləndirir.

e85886d6-af10-343d-bce7-d4c9a5d2.jpg (71 KB)

Paşinyanın siyasi iradəsinin hansı həddə olduğunu elə ona brifinqdə 44 günlük müharibənin sonunda kapitulyasiya sənədini, üçtərəfli bəyannaməni imzalaması ilə bağlı verilən sual da təsdiqləyir. Ölkəyə baxın ki, onun baş naziri sənədi hansı şəraitdə imzalaması barədə sualın cavabında deyir ki, mənim başıma silah dirəməmişdilər, özüm imzalamışam. Hələ minnət də qoyur ki, əgər o gecə imza atmasaydım, itkilər azı üç dəfə çox olardı, 25 min hərbçi də əsir düşərdi. Sözlərində həqiqət var təbii ki...Amma ölkəyə, hökumətə baxın da.

Belə bir ölkə hərdən ona “yel və bel verən”lərdən aldığı sifarişə uyğun olaraq nələrsə diqtə etməyə cəhd göstərir. Məsələn, Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın, həmçinin Türkiyənin “olmazsa, olmaz”ının qarşılığında qımıldanması gülməli görünür. Axı, sən kimsən ki, bu prosesi tormozlamağa çalışırsan?! Dalandan çıxmaq üçün Bakıya, Ankaraya minnətçi düşməkdənsə, yalvarıb-yaxarmaqdansa, Zəngəzurdan sərbəst giriş-çıxışın qarşılığında...Azərbaycanın da Ermənistana eyni hüququ tanımasını istəyir. Yəni 43 km-lik Zəngəzur dəhlizindən keçid əvəzində, İrəvan qatarı Arazdəyəndən girib, Yalamadan çıxmalıdır, Paşinyan bunu yuxusunda görər! Hələ Azərbaycana məxsus 43 km-lik dəmiryolu xəttinə vurulmuş zərəri, Naxçıvan bölgəsinin yarım milyon əhalisini bir qərinə blokadada saxlamağın cavabını ver, əvəzini ödə, onda sonra şərt irəli sür, deyən gərək.

2HhbPkPwzMzpo3MxcFULlmETmfC5oavN.jpg (127 KB)

Yeri gəlmişkən, artıq ermənilər də “Zəngəzur” deyirlər, anlayırlar ki, hansısa süni “Sünik” keçərli deyil. Qərbi Azərbaycan ərazisindəki toponimlərimizi azı 90 il boyunca haylaşdıranlar özləri də bilmədən Zəngəzur Mis-Molibden Kombinatının adını dəyişməyi unudublar. Bu gün kombinatda yüzlərlə işçinin etiraza qalxması da maraqlı hadisədir, deyəsən, Rusiya vintləri burmağa başlayıb, bu, başqa yazının mövzusudur...

Prezident İlham Əliyev yanvarın 28-də qeyd etdi ki, Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş termindir.

Sitat: “Yeni layihələr arasında Zəngəzur dəhlizini qeyd etmək istərdim. Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq”.

17026309614425342925_1200x630.jpg (77 KB)

Dövlət başçımız bildirdi ki, Ermənistan tərəfi dörd ildən çoxdur bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir:

“Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Orada açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur”.

Kifayət qədər ciddi xəbərdarlıqdır, Paşinyan ayılmalıdır!

Amma görünən budur ki, “sülhə hazır olan” Paşinyanın komandası İrəvanın baş meydanında “Qarabağ” mahnısı oxuyanları və həmin videokadrları internetdə yayanları hədəfə alıb. Ermənistanın Milli Təhlükəsizlik Nazirliyinin sorğusu əsasında videonu yayan Müstəqil Strategi Araşdırmalar Mərkəzinin sahibi Qərib Babayan saxlanılıb. Üstəlik onun həbsi ilə bağlı prosedurlar başladılıb. Erməni Qəribin günahı nədir: “Anadır arzulara hər zaman Qarabağ” mahnısı oxuyan azərbaycanlıların – İran vətəndaşı olan güneylilərin – videosunu yayıb. Absurdluğun son həddi! Nikol Paşinyan demirmi ki, Qarabağı Azərbaycan ərazi olaraq tanıyırıq? Elə dünən demədimi ki, Qarabağ heç vaxt müstəqil olmayıb, heç onun müstəqilliyini Ermənistan da tanımayıb? Demirmi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq? Bütün bunları deyir. Bəs onda Paşinyanın müstəntiqləri və MTN-i hansı əsasla “Qarabağ” mahnısı oxuyan azərbaycanlıların “cinayətə yol verdiklərini” iddia edir? “Cinlər diyarı”ndakı erməni Qəribin timsalında Ermənistan əhalisi indi hansı yolu seçsin: hərbi, yoxsa sülhü?..Beləliklə, Paşinyanın dili sülhdən danışır, bütün əməlləri müharibəyə, yeni gərginliyə aparır.

Görünür bu səbəbdən Nikolun oğlu Aşot baş götürüb Ağrı vilayətinin Ayaslı kəndinə qaçıb. Vaxtilə atası onu erməni gənclərinə nümunə olaraq Qarabağa, bu gün Azərbaycan ərazisi saydığı əraziyə hərbi xidmətə göndərmədimi? Hətta Anna ilə birlikdə oğullarını yoxlamağa gəlmişdilər yad ölkənin ərazisinə. Başdan-ayağa ziddiyyətlərlə dolu, dediyi ilə əməli tərs mütənasib olan birisi...Bir yandan “Qarabağ Azərbaycandır” deyir, digər tərəfdən də “Anadır arzulara hər zaman Qarabağ” oxuyanlara görə həbslərə başlayır...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Fevral 2025

01 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR