Onlayn ictimai-siyasi qəzet
İti güllələyib öldürüblər, cəsədindən belə əl çəkməyiblər. Ayağına məftil bağlayıb sürüyüblər. Bu qəddarlıq Ucar rayonunda baş verib. Rayon sakini tərəfindən çəkilən videoda görünür ki, iti odlu silahdan açılan atəşlə öldürən şəxs cəsədini maşının arxasına bağlayaraq yol boyu sürüyür. Son zamanlar belə qəddar səhnələr Azərbaycanın digər bölgələrində də baş verir. Bir müddət öncə Sumqayıt şəhərində pişiyin dili kəsilmişdi, Köhnə Günəşlidə isə pişiyi 10 litrlik su butulkasına dəmir məftillə bağlanaraq döyüb öldürmüşdülər.
Ölkəboyu heyvanlara qarşı qəddar münasibətin artdığı müşahidə olunur. Belə işgəncələrdən sonra heyvarlar ən yaxşı halda quyruqsuz, ayaqsız həyata davam edirlər. Qəssab ət yeyən pişiyin qolunu kəsir, gənclər arasında pişik quyruğunu kəsmək artıq bir “məşğuliyyətə” çevrilib. Heyvanlar həyatda qalmaq üçün qida deyil, insan zülümündən qaçmağa yol axtarır.
Mövzu ilə bağlı hüquq müdafiəçisi Sahib Məmmədov Musavat.com-a açıqlamasında bildirib ki, bu cür halların baş verməsi təsadüfi deyil və Azərbaycanda heyvanlara qarşı münasibətdə ciddi sistem problemi mövcuddur.
Onun sözlərinə görə, qonşu ölkələrdə sahibsiz küçə heyvanları məsələsi mərhələli şəkildə həll olunsa da, Azərbaycanda vəziyyət tam əksinədir:
“Yerli kommunal xidmətlər itləri, pişikləri qısırlaşdırmaq, peyvəndləmək əvəzinə sadəcə güllələyirlər. Halbuki qonşu Gürcüstanda heyvanların qidalanması, soyuqdan və yağışdan qorunması üçün xüsusi yerlər yaradılır. Heyvanlar qısırlaşdırılır, peyvəndlənir”.
Sahib Məmmədov Azərbaycanın heyvan hüquqları ilə bağlı tənqid olunmasına da toxunub:
“Beynəlxalq səviyyədə tənqid edilməyimizə baxmayaraq, eyni problem hələ də davam edir. Qurumların heyvanlara olan münasibəti əhaliyə də mənfi təsir göstərir. İnsanların heyvanlara rəftarı aqressivdir. Yolda heyvan görən daş atır, öldürür”.
Hüquq müdafiəçisi problemin həlli yolu ilə bağlı bir sıra təkliflər irəli sürüb: “Yerli hakimiyyət orqanları tərəfindən mərkəzləşdirilmiş sığınacaqlar yaradılmalıdır. Xarici ölkələrdə belə sığınacaqlar əhalinin ianələri hesabına fəaliyyət göstərir. Bizdə isə nəinki ianə etmək, hətta heyvanlara sığınacaq quranlar narahatlıq yaratmaqda ittiham edilir, üstəlik onlara qarşı təzyiqlər də olur. Sığınacaq yaradan şəxslərin dövlət və əhali tərəfindən qida, dərman preparatları ilə təmin edilməsi uğurlu addım ola bilər”.
Sahib Məmmədov əlavə edib ki, heyvanlara qarşı zorakılığın qarşısını almaq üçün qanunvericilik sərtləşdirilməli, icra mexanizmləri gücləndirilməli, maarifləndirmə işi aparılmalıdır: “Heyvanların peyvəndlənməsi, qısırlaşdırılması üçün dövlət büdcəsindən vəsait ayrılmalıdır. Ən əsası isə əhali maarifləndirilməlidir. Çünki bu gün heyvana qarşı göstərilən şiddət, sabah insana qarşı yönələ bilər”.
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a açıqlamasında bildirib ki, heyvanlara qarşı belə qəddar davranışlar qanunla ciddi şəkildə qadağan edilib və belə əməllərə yol verənlər məsuliyyətə cəlb olunmalıdır:
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, heyvanlara qarşı qəddar rəftar, onları öldürmək və ya işgəncəyə məruz qoymaq cinayət məsuliyyəti yaradır. Belə hallara yol verənlər inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna bilər. Xüsusilə it və pişik kimi ev və küçə heyvanlarını öldürmək, əzab vermək 1 ildən 3 ilə qədər azadlıqdan məhrumetmə ilə nəticələnə bilər”.
Natiq Ələsgərov deyib ki, əgər zorakılıq geniş miqyasda, qəsdən və ya təkrar törədilirsə, cəza daha sərt ola bilər: “Hesab edirəm ki, cəza yalnız formal olmamalıdır. Qanunvericilikdə nəzərdə tutulan cərimələr və həbs müddətləri tətbiq edilməli, həmçinin ictimaiyyət arasında maarifləndirmə işləri gücləndirilməlidir. İnsanlara başa salınmalıdır ki, heyvanlara qarşı zorakılıq təkcə onların həyatına təhlükə yaratmır, həm də cəmiyyətin əxlaqi dəyərlərinə zərbə vurur. Qanunlar ciddi tətbiq olunmasa, belə qəddar rəftarların qarşısını almaq mümkün olmayacaq”.
Mənzər Novruzlu,
Fotolar müəllifindir
Musavat.com
23 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ