İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinə hücum üçün ABŞ-ın “COVİD planı” - ilginc iddialar

Ekspert: “Müasir dünya siyasi və iqtisadi sistemi imperializmin hələ bitmədiyini göstərir”

Artıq üç ildir dünyanı girinc edən, normal həyat ritmini pozan və geri dönməyən COVİD-19 virusunun süni yaradılması və qəsdən yayılması iddiaları hələ ötən ildən dünya dövlətləri, beyin mərkəzləri tərəfindən təsdiqlənirdi. Ən ciddi məsələ isə bu virusun kimin laboratoriyasında hazırlanması, sonucda kimin boynunda qalacağı, yaxud kimin cəzalandırılacağı məsələsidir.

“Böyük dövlətlər bəşəriyyətə qarşı qətiyyən səmimi deyillər. Hansı araşdırmalar aparırlar, nə edirlər, texnoloji baxımından nəyə nail olublar? Bu suallar öz cavabını gözləyir”

Artıq ABŞ-da, deyəsən, günahkar tapılıb. ABŞ kəşfiyyatının “virusun sıfır nöqtəsi” olan Çinlə bağlı hesabatı dünya gündəmində şok effekti yaradıb. “Wall Street Journal” (WSJ) ABŞ Energetika Nazirliyinin koronavirusun mənşəyi ilə bağlı gəldiyi qənaəti açıqlayıb. “Energetika Nazirliyi COVİD-19 pandemiyasının ən çox ehtimal olunan mənbəyinin laboratoriya sızması olduğunu söyləyir. ABŞ agentliyinin yenidən işlənmiş qiymətləndirməsi yeni kəşfiyyat məlumatlarına əsaslanır” - WSJ yazır. Ağ Ev ABŞ Prezidenti Baydenə də təqdim edilmiş bu hesabatla bağlı açıqlama verib. “Daily Mail” qəzetindəki xəbərə görə, Ağ Ev ABŞ-ın müxtəlif qurumları arasında COVİD-19-un mənşəyi ilə bağlı hər hansı bir fikir olmadığını açıqlayıb. Bu barədə milli təhlükəsizlik sözçüsü Con Kirbi bildirib: “Hazırda ABŞ hökumətində bunun tam olaraq necə başladığına dair fikir yoxdur”.

Yoluxucu xəstəliklər üzrə mütəxəssis Entoni Fauçi Energetika Departamentinin Vuhandakı laboratoriya sızmasını COVİD-19-un mənbəyi kimi göstərməsindən sonra tənqidlərə məruz qalıb. ABŞ-ın Çindəki səfiri Nikolas Burns Çinin COVİD-19-un mənşəyi ilə bağlı “daha dürüst” olmasının vacibliyini vurğulayıb: “Çin üç il əvvəl Vuhanda baş verənlər və COVİD-19 böhranının mənşəyi haqqında daha dürüst olmalıdır”.

Beləliklə, aydın olur ki, COVİD virusundan artıq dünya qütbləri bir-birinə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə başlayıblar. Məlum açıqlamalardan o qənaət də formalaşır ki, artıq Amerika Çinlə mübarizəsində koronavirus planı da hazırlayıb. Mümkündür ki, bu plan üzrə ABŞ geniş bir proses başladacaq və rəsmi Pekinə qarşı sanksiyalar tətbiqi məsələsini də tezliklə gündəmə gətirəcək. COVİD beləliklə siyasi bir virusa çevrilməkdədir. Bunun nəticələri nə ola bilər? COVİD-dən siyasi məqsədlərlə istifadə ediləcəyi təqdirdə dünyada növbəti çaxnaşma yarana bilərmi?

Yeri gəlmişkən, bir müddət öncə Almaniya və ABŞ-dan olan tədqiqatçılar qrupu koronavirusun biomühəndislik üsulu ilə - yəni süni yaradıldığına dair sübutlar tapıblar. Bu barədə N-TV kanalına araşdırmada iştirak edən Vürzburq Universitet Xəstəxanasının alimi Valentin Bruttel məlumat verib. “Tədqiqatımızın nəticələri göstərir ki, bu virus 99,9% təbii virusun süni şəkildə yaradılmış surətidir” - Bruttel deyib. Onun sözlərinə görə, o, 2021-ci ilin yayında Sars-CoV-2 genomunda anomaliyaları müşahidə edib və o vaxtdan onun mənşəyinin öyrənilməsi ilə məşğul olub. Alman alim izah edib ki, onlar koronavirus genomunda sintetik viruslar üçün xarakterik olan spesifik nümunə tapıblar, təbii viruslara isə bunların ixtiyari şəkildə yayılması xasdır (yəni ola da bilər, olmaya da). Tədqiqatın nəticələrinə görə, SARSCoV-2 “böyük ehtimalla "in vitro" (“sınaq şüşəsi”ndə) toplanmış yoluxucu klon kimi yarana bilərdi. Əslində belə bir versiya lap əvvəldən də gözardı edilməmişdi.

Qarabağ böyük regionda balaca bir oddur - Azər Hüseynov | Hafta.az

Azər Hüseynov

Siyasi şərhçi, AĞ Partiya başqanının ideoloji məsələlər üzrə müşaviri Azər Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Amerikanın Çini ittiham edərək koronavirusun ondan sızması ilə bağlı iddiası maraqlıdır: “Bu iddia əslində bir çox məsələlərə yenidən baxılmasını zəruri edir. İnsan təbiətə nə qədər müdaxilə edə bilər. Son zamanlar COVİD-19, eyni zamanda digər təbii kataklizmlərin yayılması və böyük dövlətlər tərəfindən istismarı bu sualın yaranmasına səbəb olur. Böyük dövlətlər bəşəriyyətə qarşı qətiyyən səmimi deyillər. Hansı araşdırmalar aparırlar, nə edirlər, texnoloji baxımından nəyə nail olublar? Bu suallar öz cavabını gözləyir. Amerika son zamanlar bir sıra fəaliyyətləri səbəbi ilə tənqid edilir. Eyni zamanda hər nə qədər ruslar bunu desə də, gizli laboratoriya saxlamaqda ittiham edilir. Düzdür, bununla bağlı Azərbaycanın da adını çəkirdilər ki, burada da var. Amma bu qətiyyən ola bilməz. Çünki Azərbaycan dünyanın az sayda dövlətlərindəndir ki, balanslı siyasət yeridir və humanizm prinsiplərinə ciddi əməl edir. Amerikanı həm də daxildə hələ də irqçiliyin bəzi yerlərdə qalması ilə bağlı ittiham edənlər var. Dünyada ilk dəfə atom silahından istifadə edən də Amerika olub. Digər tərəfdən, Amerika texnologiya nəhəngidir. Maliyyə nəhəngidir. Dünya iqtisadiyyatının əsas hissələrindən biridir. Onun laborator və texniki imkanları genişdir. Yadınızdadırsa, koronavirus yeni ortaya çıxanda Çində bəzi mərkəzlər Amerikanın bunu Çinə iki nəfər vasitəsilə gətirdiyi iddiasını səsləndirdi”.

Ekspert əlavə edib ki, bu məsələdə Çin də bir sıra ittihamlar və tənqidlərlə üzləşir: “Çini insan hüquqlarına riayət etməməkdə günahlandırırlar. Xüsusilə uyğur türkləri və qazaxlara qarşı siyasəti türk-islam dünyasında və insan hüquqları ilə məşğul olanlarda ciddi etiraz doğurur. Çin dünya iqtisadiyyatının bu gün onurğası halına gəlib. Doğrudur, burada elə ABŞ və Avropa iqtisadi nəhənglərinin rolu böyükdür. Çin iqtisadiyyatını transmilli şirkətlər qaldırdı. Çin bir çox dövlətlərin iqtisadiyyatı üçün kabusdur. Bu gün biz belə məişətimizdə Çini demək olar ki, hər gün görürük. Bir o qalıb ki, Çin "adam düzəltsin". Çin həm də yeni tranzitdə maraqlıdır. Əslində bu məsələdə Çinlə maraqlarımız eynidir. Asiyadan Avropaya gedən tranzit Amerikanın nəzarətindədir. Bu tranzitin dəyişdirilməsində İngiltərə də maraqlıdır. Ancaq Amerika Çinin bu tranziti reallaşdırmasında maraqlı deyil. Bu, Çini daha da gücləndirə bilər. Məşhur İrəvanda ağlayan xanımın Tayvana getməsi də Çin-Amerika əlaqələrinə ciddi ziyan vurmuşdu. Bütün bunlar onu deməyə əsas verir ki, Amerika Çini, Çin Amerikanı ittiham etməyə davam edəcək. Amerikanın üstünlüyü nədir? Amerika istənilən dövləti sanksiyaya məruz qoya bilir. Bunu ondan başqa heç bir dövlət qlobal olaraq edə bilmir. Nə üçün? Çünki dünya maliyyə sisteminin valyutası dollardır. Dünya bank sistemi Amerikanın total nəzarətindədir. Buna görə faktiki olaraq Amerika hamının maliyyə axınlarına nəzarət edə bilir. Amma hər zamanmı sanksiya real nəticələr verir? Amerikanın yanı başında Kuba, burada İran sanksiya ərzində çökdümü?

Çökmədi. Tam əksinə, qəribə iqtisadi modellər qurdular. Maksimum daxili təminat və region ölkələri ilə nağda əsaslanan ticarətin qurulması. Dünyada bir də qeyri-rəsmi iqtisadiyyat var. Çin bundan istifadə edə bilməzmi, edə bilər. Dünya kripto valyuta sisteminə keçmək istəyir. Bu, dollar imperiyasına zərbə vura bilər. Çin də bundan yararlana bilər. O ki qaldı COVİD-19-un siyasi virus olması məsələsinə, mən şəxsən buna inandırıcı baxıram. Hazırda qardaş Türkiyədə zəlzələlər baş verir. Maraqlıdır ki, burada da seysmoloq olan kəslər seysmologiyada heç kimin edə bilməyəcəyi zəlzələ gününü deyir, sonra siyasi bəyanatlar verir, bəzi medialar qorxub yayır. Xüsusilə bu işdə Qərbə yaxın medialar “qan edir”. Necə ki, biz bu gün COVİD-in laboratoriyada yaradılıb-yaradılmaması haqqında danışırıq, bir zaman gələcək tektonik silahların nə qədər inkişaf edib-edə bilməyəcəyindən danışacağıq. Geniş ictimaiyyət bir çox şeyi zamanında bilməyəcək. Bəlkə də bəzi şeyləri heç bilməyəcək. Ümumiyyətlə, müasir dünya siyasi və iqtisadi sistemi imperializmin hələ bitmədiyini göstərir. İmperializm və fəth anlayışları fərqlidir. İmperializm dünyanın bir qisminin sırf iqtisadi və resurs istismarı üçün digər hissəsini əzməsidir. Fəth isə getdiyi yerə mədəniyyət, insanlıq, ədalət gətirməkdir. Türk-islam dövlətləri üçün fəth səciyyəvidir. Amma Qərbin və Şərqin digər mədəniyyətləri üçün tarixən daha çox imperializm səciyyəvidir. Hazırda sosial darvinizm demək olar ki, ictimai-siyasi münasibətlərin əsasıdır. Güclüdən hesab sorulmaz. Bu güclü kim olur-olsun. Yox olmamağın yeganə yolu da güclü olmaqdır. Biz özümüzə sual verməliyik ki, biz nə edək. Ərazi baxımından nəhəng deyilik, əhalimiz də elə çox deyildir. Amma üstünlüklərimiz var. Geosiyasi olaraq bizi böyük güclər tərəfdaş seçməli olur. Pulumuz da yox deyil. Mobil yüksək texnoloji imkanlara malik olan real və kiber, eyni zamanda bioloji və kimyəvi müdafiə sistemi qurmalıyıq. Bunun üçün ilk öncə təhsil siyasətimizi dəyişməliyik. Elmin inkişafı üçün real işlər görməliyik. Dünyada üstün olmağın və qorunmağın yolu budur. Lap tutaq ki, COVİD laborator mənşəlidir (mənə də fikir yaxın gəlir) ona qarşı ona görə biokimyəvi müdafiə sistemi yaranmalıdır. Buradan sual verirəm: bu korona bəlasını yaşadıq, gəlin ölkəmizin elmi jurnallarına baxaq görək nə qədər bu haqda ciddi elmi məqalələr yazılıb? Bu suala artıq müvafiq qurumlar cavab verməlidir. Roma ordusunda legionlar və böyük İsgəndərin ordusunda falanqalar vardı. Onlar hücuma keçəndə və müdafiə olunanda qalxanları ilə tısbağa qabığı qururdular. Bunu misal olaraq dedim".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR