İnsanlara hürriyət, millətlərə istiqlal!

Çində COVID-19 virusuna sutkalıq yoluxmalar yenidən çoxalmağa başlayıb

Çində son günlər COVID-19 virusuna sutkalıq yoluxmaların sayının yenidən çoxalması sərt karantin tədbirlərinin tətbiqinin əhatə dairəsinin genişlənməsinə səbəb olub.

AZƏRTAC Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən sutka Çinin materik hissəsində 9 min 5, o cümlədən 7 min 820 simptomsuz yoluxma halı aşkarlanıb. Hazırda 52 mindən çox simptomsuz pasiyent tibbi nəzarət altındadır. Son günlər ən çox yoluxma Quandon vilayətinin paytaxtı Quancou şəhərində, habelə Cencou, Çonçin və paytaxt Pekində aşkarlanıb. Paytaxtda ötən sutkaya olan yoluxma sayı mayın 22-dən sonra ən yüksək göstəricidir.

Ümumiyyətlə, oktyabrın son günlərindən etibarən sutkalıq yoluxma sayı sürətlə artır. Artıq bəzi şəhərlərdə tam və ya mikrorayonlar üzrə qapanma rejimi tətbiq olunur. Yoluxmaların çoxalması səbəbindən noyabrın 9-da Quancou, Pekin də daxil olmaqla bəzi iri şəhərlərin hava limanlarından uçuşların böyük əksəriyyəti təxirə salınıb. Çinin əsas istehsal şəhərlərindən olan Quancounun “Bayyun” hava limanından yerinə yetirilməli olan 1163 uçuş təxirə salınıb ki, bu da gündəlik uçuşların 89 faizini təşkil edir. Pekinin 2 hava limanından isə 1485 uçuş təxirə salınıb.

Son dalğada ən çox yoluxmanın aşkarlandığı 19 milyon əhalisi olan Quancounun 8 rayonundakı məktəblərdə dərslər distant formada keçirilir. Şəhərdəki riskli yaşayış məhəllələrinin sakinlərinə evlərini tərk etməmək tövsiyə olunub. Bu cür zonalarda yaşayanların sayının təxminən 5 milyon olduğu bildirilir. Universitet kampusları isə qapalı rejimə keçib. Pekin, Quancou, Cencou kimi iri şəhərlər də daxil olmaqla kütləvi test prosesi icra edilir.

Qeyd edək ki, bir çox ölkə karantin qaydalarını maksimum dərəcədə yumşaldaraq, “Virusla birgə yaşayış” prinsipini tətbiq etməsinə baxmayaraq, Çin sərt karantin qaydalarını hələ də qüvvədə saxlayan nadir ölkələrdəndir. Çinin “Sıfır COVID” adlanan virusla mübarizə strategiyasını hətta az sayda yoluxma aşkarlanan yaşayış məntəqələrində də sərt qapanmaların tətbiqini, kütləvi test prosesinin icrasını əhatə edir. Cari il martın əvvəlindən başlayan “omikron” dalğasında paytaxt Pekin də daxil olmaqla, Çinin bir neçə iri yaşayış məntəqəsində sərt karantin rejimi, Çinin işgüzar mərkəzi Şanxayda isə 2 ay müddətinə tam qapanma tətbiq olunub. Hökumət iqtisadiyyata mənfi təsirinə baxmayaraq, “Sıfır COVID” strategiyasının ölkə üçün daha uyğun olduğunu düşünür.

Çin xaricdən virus axınının qarşısını almaq üçün 2020-ci ilin martından əcnəbilərə vizaların rəsmiləşdirilməsini və beynəlxalq uçuşları əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR