Onlayn ictimai-siyasi qəzet
Nazirlik hansı ərazilərdə istirahət etməməyi açıqladı;" Bağırsaqda, nəfəs yollarında bakteriyalar ciddi təhlükə yarada bilər" - həkimdən xəbərdarlıq
Bu gün - iyunun 21-dən etibarən Azərbaycanda rəsmi olaraq yay mövsümü başlayır. Havanın isinməsi, məktəblərin bağlanması və istirahət mövsümünün başlaması ilə çimərliklərə maraq da artmağa başlayır. Amma günəş, qum və dənizlə bərabər, bəzi hallarda görünməyən təhlükələr də bu istirahət məkanlarında mövcud olur. Söhbət ilk növbədə gigiyenik norma və sanitariya qaydalarına cavab verməyən sahillərdən gedir.
Səhiyyə Nazirliyinin yay mövsümünə hazırlıq çərçivəsində yaydığı məlumata görə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bir sıra bölgələrdə yerləşən çimərliklərdə monitorinqlər aparılıb. Bu araşdırmalara Bakı, Sumqayıt, Mingəçevir, eləcə də Lənkəran, Astara və Xaçmaz rayonları aid edilib. Məqsəd çimərlik ərazilərində dəniz suyunun sanitar-gigiyenik vəziyyətini qiymətləndirməkdir.
Nazirliyin məlumatına əsasən, dəniz suyunun fiziki-kimyəvi və bakterioloji göstəriciləri laboratoriya üsulları ilə tədqiq edilib. Tədqiqatlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi və Dövlət Su Ehtiyatları Agentliyi yanında fəaliyyət göstərən Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidməti ilə birgə həyata keçirilib.
May ayından etibarən aparılan bu müayinələrə Bakı şəhərinin Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Novxanı, Görədil, Nardaran, Bilgəh, Pirşağı, Şıx, Sahil çimərlikləri, eləcə də Sumqayıt, Lənkəran, Astara və Xaçmaz rayonlarının sahilboyu əraziləri daxil edilib.
Monitorinqlərin nəticələrinə görə, bəzi çimərliklərdə suyun bakterioloji göstəriciləri normadan kəskin şəkildə artıq olub. Belə ki, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil çimərlikləri ilə yanaşı, Xaçmaz rayonunun Niyazoba kəndi, Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsi və Sütəmurdov kəndində yerləşən çimərliklərdə çirklənmə səviyyəsi yüksək olub. Bu çirklənmə insan sağlamlığı üçün təhlükə yarada biləcək yoluxucu xəstəliklərin yayılması ilə nəticələnə bilər. Səhiyyə Nazirliyi bu çimərliklərdə istirahət etməməyi tövsiyə edir.
“Yeni Müsavat” bildirir ki, sanitariya tələblərinə cavab verməyən sularda üzdükdə və ya çimərkən bəzi xəstəliklərə yoluxmaq riski artır. Onlardan dəri infeksiyalarını göstərmək olar. Xüsusilə göbələk xəstəlikləri və bakterial dermatitlər yarana bilər.
Özümüzü göz infeksiyalarından da qorumalıyıq.
Gözə infeksiya keçərsə, konjonktivit və konyunktural iltihablar yarana bilər. Qulaq xəstəliklərini diqqətdən qaçırmaq olmaz. Xüsusilə uşaqlarda tez-tez rast gəlinir. Bağırsaq infeksiyalarının( salmonelyoz, dizenteriya, rotavirus) yaranma riski böyükdür. Hepatit A isə - əsasən kanalizasiya sularının qarışdığı ərazilərdə rast gəlinir.
Əksər hallarda bu infeksiyaların müalicəsi mümkündür, lakin gecikdirilmiş halda ağırlaşmalara səbəb ola bilər. Xüsusilə yaşlılar, azyaşlı uşaqlar və xroniki xəstəliyi olanlar üçün risk daha böyükdür.
Zəif immunitetə malik şəxslər, xüsusi ilə şəkərli diabetdən və xərçəngdən əziyyət çəkənlər, immunosupressiv terapiya alanlar, uşaqlar və yaşlılar (onların orqanizmi infeksiyalara qarşı daha həssasdır) və dəri xəstəliklərindən əziyyət çəkənlər, hamilə qadınlar (infeksiya həm ana, həm də döl üçün təhlükəli ola bilər), qaraciyər, böyrək və mədə-bağırsaq problemləri olanlara gigiyenik tələblərə cavab verməyən çimərliklərdə çimmək qəti şəkildə tövsiyə olunmur.
İnfeksionistlər qeyd edirlər ki, çimərlik mövsümündə ən çox rast gəlinən infeksiyalar mədə-bağırsaq pozğunluqları, dəri və qulaq iltihablarıdır. Normativlərə uyğun olmayan çimərliklərdə dəniz suyuna kanalizasiya axıntılarının qarışması halları bu riskləri qat-qat artırır. Belə sularda çimərkən, xüsusilə suyun təsadüfən udulması ilə rota və noro viruslarına, salmonellyoz və hepatit A kimi ciddi xəstəliklərə yoluxma mümkündür.
Dəriyə birbaşa təmas zamanı isə göbələk infeksiyaları, bakterial dəri iltihabları, qurdeşənəyi (allergik reaksiya) halları ortaya çıxa bilər. Su ilə təmasdan sonra gözlərdə qızartı, dəridə səpkilər, ishal, hərarət, ürəkbulanma kimi əlamətlər yaranarsa, vaxt itirmədən həkimə müraciət etmək vacibdir.Yay aylarında istirahət etmək, dənizin və günəşin dadını çıxarmaq istəyi təbiidir. Amma təhlükəsizlik qaydaları da gözardı edilməməlidir.
Adil Qeybulla
Professor Adil Qeybulla “Yeni Müsavat”a açıqlamasında bildirib ki, içməli və çimərlik sularına sanitar-gigiyenik tələblər mövcuddur: “Çimərlik üçün ayrılmış yerlərdə suyun kolititri və kolindeksi yoxlanılır. Bu da həmin ərazilərdə bağırsaq çöplərinin konsentrasiyasının müəyyən edilməsi üçündür. Kolititr və kolindeksin içməli su səviyyəsində olduğu yerlərdə bakterial yoluxma təhlükəsi olmur. Dənizin duzlu olması özü də antibakterial təsir göstərir, bakteriyaları öldürmə xüsusiyyəti var. 1 kubmetr suda 3 bağırsaq çöpü tapılırsa, bu yol verilən həddir. Bundan yuxarı göstərici isə çirkləndirilmiş sayılır. Çimərlik sularındakı çürüntü məhsulları və bakteriyalar dəridə və bağırsaqda problemlər yarada bilər. Belə bakteriyalardan tək xəstə insanlar deyil, sağlam adamlar da qorunmalıdır. Bağırsaqda, nəfəs yollarında bakteriyalar ciddi təhlükə yarada bilər.
Dəfələrlə şahidi oluruq ki, çimərliyə gedən insanların bir qismi hansısa istehlak məsullarını və yaxud qida qalıntılarını dənizə atır. Həmçinin plastik qabları da suya atırlar, halbuki bu cür qabların suda olması insan orqanizmi üçün çox ziyandır".
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”
21 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ