İnsanlara hürriyət, millətlərə istiqlal!

Çavuşoğlu Moskvadan Kiyevə uçur - Türkiyə müharibəni dayandıra biləcəkmi...

Qardaş Türkiyə 20 gündən artıqdır ki, davam edən Rusiya-Ukrayna savaşında atəşkəs istiqamətində önəmli rolunu daha da artırır. Belə ki, xarici işlər naziri Mövlud Çavuşoğlu martın 16-da Rusiyaya gedib. Martın 17-də isə XİN rəhbərinin Ukraynaya səfəri gözlənilir. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonrakı açıqlamasında deyib.

O qeyd edib ki, Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya və Ukrayna nazirlərinin görüşü bir nəticə verməsə də, diplomatiya üçün qapıların açılması baxımından çox önəmli idi.

Dünən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında görüş olub.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin twitter səhifəsində məlumat verilib.

Qeyd etdiyimiz kimi, barış masasının təşkilatçısı və yönəticisi Türkiyədir. Rəsmi Ankara bu məsuliyyətli və ağır missiya üçün Qərbdən kart-blanş alıbmı? ABŞ-ın, Avropa Birliyinin bu məsələdə Türkiyəyə razılıq verməsi mümkün görünürmü?

Hikmət Babaoğlu: “Bu qanun vətəndaşlar üçün bürokratik baryer olmayacaq ki?”

Hikmət Babaoğlu: “Çavuşoğlu Ərdoğana arxalanaraq əsl diplomatiya xarüqələri yaradır”

YAP-çı deputat Hikmət Babaoğlu M.Çavuşoğlunun fəaliyyətini təqdir etdi: “Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ən yüksək səviyyədə diplomatik ünsiyyət məhz Türkiyədə Antalya Diplomatiya Forumunda baş tutdu. Bu özlüyündə bir göstəricidir. Hər nə qədər hər iki ölkənin xarici işlər nazirləri konkret nəticənin əldə olunmasından danışmasalar da görüşün bu səviyyədə baş tutması diplomatiyanın artıq işə düşməsi hadisəsi idi. Çünki nəticə etibarı ilə görüş iştirakçıları iki tərəf və bir vasitəçi ölkənin baş diplomatları, xarici işlər nazirləri idi. Məsələ ondadır ki, qardaş Türkiyə həm Rusiya, həm də Ukrayna ilə eyni su hövzəsini paylaşır. Necə deyərlər, mavi vətən sərhədləri ilə birbaşa qonşudurlar. Bununla bərabər hər iki ölkə Türkiyənin strateji ticarət ortaqlarıdır. Ona görə də, NATO üzvü olmasına baxmayaraq, Türkiyə iki qonşusu arasında müharibənin bitməsində ən səmimi davranan ölkə kimi münaqişənin əvvəlindən bəri müxtəlif təşəbbüslərlə çıxış edir. Qardaş ölkənin baş diplomatının martın 16-da Rusiyaya, sonra isə Ukraynaya səfər etməsi də belə təşəbbüslərdən biridir. Məsələ ondadır ki, Ukrayna həmişə Türkiyənin vasitəçiliyinə və münaqişənin həll edilməsi istiqamətindəki təşəbbüslərinə görə açıq şəkildə, Rusiya isə üstüörtülü şəkildə mütəşəkkir olub. Ona görə də, başda kollektiv Qərb olmaqla, çoxsaylı dünya dövlətlərinin bu müharibədə təhrikedici mövqe tutduğu bir vaxtda Türkiyənin mövqeyi yüksək qiymətləndirilməlidir və qiymətləndirilir. Olduqca təcrübəli və böhran diplomatiyasının idarə olunmasında fövqəladə istedad nümayiş etdirən Mövlud Çavuşoğlunun bu səfəri arzuedilən nəticə istiqamətində mühüm bir addım ola bilər. Dünya diplomatiya tarixinin bu böhranlı vəziyyətində Çavuşoğlu öz dövlətinin güclü lideri Rəcəb Tayyib Ərdoğana arxalanaraq əsl diplomatiya xarüqələri yaradır. Obrazlı desək, soyadı Çavuşoğlu olsa da, diplomatiya tarixində əsl Paşaoğludur, yəni əsl diplomatiya generalıdır. Bu isə qardaş Türkiyə ilə bərabər həm də Azərbaycanın uğurudur. Çünki postmüharibə (Rusiya-Ukrayna müharibəsindən sonra) mərhələsində müharibədə olduğu kimi, qardaş ölkə Türkiyə ilə Azərbaycan yenə də sinxron hərəkət edəcəklər ki, bu da yaranacaq yeni dünya nizamında hər iki ölkənin yerini və rolunu gücləndirəcək”.

Ermənistan Türkiyənin forpostu olacaq” iddiası

Azər Hüseynov: “Vasitəçi qardaş Türkiyə olacaq”

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov: “Bu suala cavab vermədən öncə deyim ki, Qərb dedikdə Avropanı anlayırıqsa, bunun öz daxilində belə fikir birliyi yoxdur. Bəzi Avropa dövlətləri deyir ki, ”nə işə düşdük". Amerikaya gəldikdə isə onun hərəkət imperativi maddi gəlirdir. Amerika nəzarətində olan beynəlxalq maliyyə ilə müharibədən sonra verəcəyi kreditləri düşünür. Həm də Avropaya deyir ki, “gördünüzmü, mən olmasam ruslar hamınızı döyər”. Ona görə Türkiyənin heç nə almağa ehtiyacı yoxdur. Qardaş ölkə artıq regional, regionlararası aktordur. Növbəti mərhələ qlobal mərhələdir. Bu müharibə başlayan ilk günü yazdım ki, vasitəçi Allahın izni ilə qardaş Türkiyə olacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR