Onlayn ictimai-siyasi qəzet
"Daxili İşlər Nazirliyinə məişət zəminində baş verən insidentlərə dair daxil olmuş müraciətlərin, o cümlədən cinayət hadisələrinin sayı azalıb. Bu isə ilk növbədə müdafiə mexanizmlərinin fəaliyyətinin koordinasiya edilməsi və güclənməsindən xəbər verir".
Musavat.com-un məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin iclasında söyləyib.
Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatını təqdim edən komitə sədri bildirib ki, ötən il zərər çəkmiş şəxslərə 325-i qısamüddətli (2023-cü ildə 180-i), 34-ü uzunmüddətli olmaqla (2023-cü ildə 16-sı) ümumilikdə 359 mühafizə orderi icraatda olub.
Bahar Muradova qeyd edib ki, 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayında (463) və (2023 cü ildə - 1742 nəfər, 2024-cü ildə 1279 olub) 14 iqtisadi rayon üzrə nikah yaşının 1 il azaldılması ilə bağlı verilən icazələrin sayında (64 hal) azalma müşahidə olunub:
"Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ildə doğulan qız uşaqları ilə oğlan uşaqları arasındakı fərq azalıb, 7008-dən 6132-ə düşüb. Cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edir. 2020-ci ildə cins nisbəti hər 100 qıza 114 oğlan təşkil edib. 2023-cü illə müqayisədə nikahların sayı azalıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb: nikaha daxilolma - 49 508, boşanma - 21 384".
E.Paşasoy,
Musavat.com
31 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ