İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu torpaqlar bizimdir!” – Kreml Ər-Riyadda dörd vilayətin tam təslimini tələb etdi - Kiyev şokda

Ər-Riyadda keçirilən sülh danışıqları zamanı Rusiya tərəfinin tələbləri beynəlxalq ictimaiyyətdə şok effekti yaradıb. “The Moscow Times” nəşrinin Kremlə yaxın mənbələrə istinadla yaydığı məlumata görə, Rusiya danışıqlarda Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin tam nəzarətə keçməsini tələb edib.

Musavat.com bildirir ki, bu vilayətlərin heç biri hazırda tam şəkildə Rusiya ordusunun işğalı altında deyil. Rusiya isə öz konstitusiyasına istinad edərək, bu ərazilərin artıq “Rusiya Federasiyasının tərkib hissəsi” olduğunu iddia edir.

“Konstitusiyada bu bölgələrin Rusiya tərkibindən çıxması üçün heç bir mexanizm nəzərdə tutulmayıb. Bizə bütün Zaporojye və bütün Xerson lazımdır,” – deyə Kremlə yaxın məmur bildirib.

Kreml Trampa ümid bəsləyir

Mənbələrin iddiasına görə, Kreml hesab edir ki, ABŞ prezidenti Donald Tramp Kiyevə təzyiq göstərərək, bu ərazilərdən qoşunların çıxarılmasına nail ola bilər. Əgər bu baş verməzsə, Moskva iki ssenaridən birinə hazırlaşır: ya uzunmüddətli danışıqlar fonunda hərbi əməliyyatları davam etdirmək, ya da Ukraynanın başqa bölgəsini tutub ərazi “mübadiləsi” təklif etmək.

“Əgər Tramp təsir etməzsə, bizə deyəcəklər ki, danışıqları uzadın və paralel olaraq yeni əraziləri hərbi yolla ələ keçirin. Amma bu, bizim üçün ən pis variantdır, çünki çay keçidləri və böyük şəhərlərə hücumlar ciddi itkilərlə nəticələnir,” – deyə rus məmur etiraf edib.

Dnepr çayını keçmək? Ekspertlər inanmır

İsrailli hərbi ekspert David Şarp qeyd edib ki, Rusiya ordusu bu qədər böyük ərazini qısa müddətdə ələ keçirmək iqtidarında deyil.

“Onlar üçün bir kəndin tutulması belə böyük uğur sayılır. Dnepr çayını keçib Xersonu və ya Zaporoje şəhərini almaq üçün ya rus ordusu radikal güclənməlidir, ya da Ukraynanın müdafiə xətti tam çökdürülməlidir”, – deyə Şarp bildirib.

Əldə edilən məlumatlara görə, Rusiya hətta Dnepropetrovsk və ya Sumı vilayətlərinin bir hissəsini tutaraq ərazi “razılaşması” təklif etməyi də nəzərdən keçirir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

BÜTÜN XƏBƏRLƏR