İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu məhkəmə mütləq olacaq! – ŞƏRƏF məsələmiz

Qarabağda ötən il gorbagor olmuş xunta rejiminin Bakıda saxlanılan cinayətkar hərbi-siyasi rəhbərlərinin layiqli cəzalarına çatdırılması şübhəsiz, hər şeydən öncə Azərbaycan üçün bir şərəf, imic məsələsidir. Hətta 2-ci Qarabağ müharibəsində Ordumuzun qələbəsi qədər, onun davamı kimi mühümdür. Eyni zamanda, beynəlxalq hüququn təsbiti baxımından vacibdir. Nəhayət, erməni separatizminə və onu qızışdıranlara göz dağı və dərs, ağrılı qulaqburması üçün vacibdir.

Məhz sonuncu səbəbdən radikal-revanşist hay zümrəsi və onun Qərbdəki çılğın havadarları Azərbaycana qarşı əsl savaş, cəbhə açıblar. Bir ildən çoxdur panik ovqatda, təlaş içindədir. Xüsusən də erməni lobbisinin pulla ələ aldığı, vicdanını 5 qəpiyə satmış amerikalı, avropalı əbləhlər və siyasi fahişələr dəridən-qabıqdan çıxır, Azərbaycana olmazın şantaj və təhdidlər yağdırırlar ki, zindanı haqq eləmiş terrorçular cəzasız-filansız azadlığa çıxsınlar. Ki, əvvəlki bəd əməllərinə bir müddət sonra yenə həmin havadarlarına arxalanaraq, rahatca davam etsinlər. Özlərini qalib statusda hiss eləsinlər.

Keçməz. Artıq COP29-u bəhanə edib cinayətkar separatçı ünsürlərin buraxılmasına hesablanmış cəhdlər iflas olub. Məhz bu ərəfədə cani-separatçıların həbs müddətinin uzadılması özlüyündə çox şey deyir. Azərbaycanı “banan ölkəsi” deyil, olmayacaq. Quldur-banditləri “siyasi məhbus” kimi dünyaya sırımaq cəhdləri də əbəsdir. Özlərini boşuna yormasınlar. Çünki separatçı tör-töküntülərin konkret cinayət əməllərı, ona uyğun da cinayət maddələri var. Bakıda onların məhkəməsi – 2-ci “Nürnberq prosesi” başlayacaq və məntiqi sonluğuna çatdırılacaq...

SEPARATCİLAR.jpg (445 KB)

Təəssüf ki, Azərbaycanın müsəlman-türk ölkəsi olması prosesə öz ənənəvi neqativ “damğasını” basmaqdadır. Necə ki, eyni ədalətsiz yanaşmanı 30 illik erməni işğalı zamanı gördük. Analoji həyasız iddia və böhranlar 44 +1 günlük savaşdan sonra da davam edir. ATƏT-in Polşada təzəcə başa çatan tədbiri bu qəbildəndir.

Bəllidir ki, Ermənistan nümayəndələrinin də qatıldığı toplantıda Bakıda saxlanılan separatçılar yenə “siyasi məhbus” kimi qələmə verilib (Bu ifadə ermənipərəst Avropa Parlamentinin qətnaməsində də yer alır)...

Polşada olan ReAL sədri Natiq Cəfərli bu xüsusda maraqlı və dövlətçi bir yanaşma sərgiləyib. O, istintaqı davam etdirilən quldurların “siyasi məhbus” sayılmasının yolverilməzliyi ilə bağlı avropalılarla müzakirə apardığını bildirərək yazıb: “Tədbirdə bir neçə avropalı ilə bu mövzuda danışdım. Özü də Ukrayna timsalında izah etdim (Ukrayna deyəndə, anlamağa başlayırlar). Dedim ki, Ukrayna separatçı bölgələrdə “hakimiyyətdə” təmsil olunanlara haqlı olaraq “kollabarant” deyir, onları legitim hədəf sayır, istənilən üsulla məhv edir, həbs edir - onlara nəsə deyirsinizmi?! Yox, demirsiz, çünki Ukrayna haqlıdır, separatçıların, qan tökənlərin həbsi də, məhv edilməsi də legitim addımdır. Azərbaycan eyni addım atır-atıb, separatçıları həbs edib, indi bu məsələdə biz haqlıyıq, ya yox?! Hələ biz humanistik, ancaq həbs etmişik, Ukrayna daha sərt davranır. Bir xeyli söhbətdən sonra onların fikrini dəyişə bildik - deməli, danışmaq, izah etmək lazımdır”.

N.Cəfərli bu məsələdə həmçinin bütün partiyaların, QHT və hüquq müdafiəçilərinin birgə addımlar atmasının, Avropa qurumlarına müraciətlər olunmasının, separatçı-terrorçularla azərbaycanlı məhbusların bir tutulmasının yolverilməzliyinin izah edilməsinin vacibliyini vurğulayıb.

Adam tam haqlı. Hərgah, bu da var ki, “daşımız” həmişə ağırdır. Əsas səbəbi yuxarıda yazdıq: Türk-müsəlman faktoru. Odur ki, beynəlxalq səviyyədə təbliğat və anti-təbliğat işlərini, diaspor fəaliyyətini gücləndirməklə yanaşı, çox vacibdir ki, Azərbaycan hərbi və iqtisadi cəhətcə Ermənistandan daim əzici üstünlükdə olsun, “barıtı”nı quru, “dəmir yumruğu”nu saz vəziyyətdə saxlasın, daxildə milli vəhdətin qorunmasına məxsusi diqqət ayırsın.

Bir də imkan verməməliyik ki, Qərbin erməni lobbisinə bağlı çevrələrinin çirkli paralarına şirniklənən “sapı özümüzdən olan baltalar”, milli satqınlar çoxalsın. Nə burada, nə də orada - Avropada, ABŞ-da. Zira, onlar Azərbaycan xalqı üçün erməni revanşistlərdən də betər və təhlükəli...

Z.SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR