İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu il rus sektoruna üz tutanların sayı azalıb - səbəb siyasi, yoxsa...

Ekspert: “Valideynlər övladlarını rus bölməsinə qoysalar da...”

Bu il birinci sinif üzrə məktəblərin rus dili bölməsinə qəbul olan uşaqların sayında azalma müşahidə edilib. Bəziləri bunu müəyyən siyasi proseslərlə, yəni Rusiya ilə olan münasibətlərlə əlaqələndirib. Digər qisim isə hesab edir ki, bu, rus dili bölməsində tədrisin zəif aparılması, müəllim çatışmazlığı ilə bağlıdır. Bəs görəsən, əsl səbəb bunlardırmı?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a dedi ki, hazırda ümumilikdə orta məktəblərin 7,6%-də təhsil rus dilindədir: “4472 orta məktəbin 340-ı rus məktəbidir. Bu məktəblərdə 90 min şagird oxuyur. Bu isə o deməkdir ki, ümumilikdə təhsil alan uşaqların 6,3%-i rus dilində oxuyur. Doğrudur, orta məktəblərdə 450 min uşağa rus dili xarici dil kimi tədris edilir. Bu isə ümumi şagirdlərin 32%-i deməkdir.

Bunlarla yanaşı, ölkə üzrə ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin bölmələr üzrə sayı:  Azərbaycan bölməsi üzrə respublika üzrə 1.428.608 nəfər şagird, rus bölməsində 131.412 nəfər, gürcü dili bölməsi üzrə 1.114 nəfər, ingilis dili bölməsi üzrə 5.457, fransız dili bölməsi üzrə 130, türk dili bölməsi üzrə isə 295 nəfər şagird təhsil alır. Ümumilikdə respublika ümumtəhsil məktəblərində 1.567.016 nəfər şagird qeydə alınmışdır. Sinif sıxlığına görə ən böyük göstərici hər sinifdə ortalama 27 şagirdlə türk dili bölməsindədir. Ölkədə şagird sayının çoxluğu müşahidə olunan Azərbaycan və rus dili bölmələrində sinifdə şagird sıxlığı müvafiq olaraq 18 və 24 nəfər təşkil edir.

Kamran Əsədov məhkəməyə verilir -

Kamran Əsədov 

Yəni Azərbaycanda orta məktəblərdə rus dilində təhsil alanların sayı artıb. Əgər 5 il əvvəl 90 min şagird rus dilində təhsil alırdısa, bu tədris ilində onların sayı 150 mini keçib. Bu, Azərbaycanda təxminən hər 10 şagirddən 1-nin dövlət büdcəsi hesabına rus dilində təhsil alması deməkdir.

Düzdür, 2017-ci ildə Kiyevdə rus dilində baza təhsilini qadağan ediblər, baxmayaraq ki, əhalinin 17%-i rusdur. Qazaxıstan da qazax dilində tam təhsilə keçib. Gürcüstan və Baltikyanı ölkələr çoxdan rus dilini təhsil sistemindən çıxarıblar.

Sovet İttifaqı dağıldıqdan sonra müstəqil Ermənistan parlamentinin 1993-cü ildə qəbul etdiyi “Dil haqqında” qanuna əsasən, ümumtəhsil və digər tədris təsisatlarında tərbiyə və tədris dili kimi erməni dili tanınıb. Rus dili ingilis, alman, fransız və digər qeyri-erməni dilləri kimi xarici dil proqramı üzrə tədris olunur.

Bütün rusdilli təhsil ocaqları bağlanıb. Etnik rus uşaqları üçün ölkənin 50 məktəbində (21-i paytaxt İrəvanda) erməni tarixi, erməni ədəbiyyatı və bu kimi fənlərdən başqa, digər fənlərin rus dilində keçirildiyi siniflər fəaliyyət göstərir. Bu siniflərə valideynlərindən birinin Rusiya vətəndaşı olan və 6 ildən çox Rusiya və ya başqa ölkədə rus dilində təhsil almış uşaqlar da qəbul oluna bilər".

Ekspert əlavə edib ki, Azərbaycanda bütün xalqların nümayəndələrinə öz ana dilində rahat təhsil alma imkanı yaradılıb: “Amma bu il rus bölməsində 1-ci sinfə gedən şagirdlərin sayında azalma var. Belə ki, 2023/2024-cü tədris ili üzrə rus bölməsi üzrə birinci sinfə 11 943, məktəbəhazırlıq qruplarına 5 568 uşaq qəbul olub, ötən 2022/2023-cü il tədris ilinin əvvəlində isə rus bölməsinə birinci sinfə 14 989, məktəbəhazırlıq qruplarına 6 168 uşaq qəbul olunub. Azalmanın bir necə səbəbi var. Birincisi, bu il, 2023-cü ildə birinci sinfə gedənlərin sayında kəskin azalma var. Belə ki, 2019-2020-ci tədris ilində dövlət əyani ümumi təhsil müəssisələrində 1-ci sinfə gedən uşaqların sayı 159644 nəfər olub. 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə 156328 uşaq gedib. 2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin 1-ci sinfinə 153822, 2022-2023-cü tədris ilində isə 152 minə yaxın uşaq qədəm qoyub. Bu statistik rəqəmlər 1-ci sinfə gedən uşaqların sayında ilbəil azalma olduğunu göstərir.

2019-2020-ci tədris ilində birinci sinfə gedənlərin 81425-i oğlan, 78219 qız olub. 2020-2021-ci birincilər arasında cins nisbəti belə dəyişib - 83513 oğlan, 72815-i qız. 2021-2022-ci tədris ilində isə 81360 oğlan, 72462 qız birinci sinfə qədəm qoyub. Statistik rəqəmlər 1-ci sinfə gedən şagirdlərin arasında cins nisbətinə görə qız uşaqlarının sayının azaldığını göstərir. Həmçinin qeyd edim ki, 1990-1991-ci tədris ilindən 2021-2022-ci tədris ilinədək birinci sinfə gedən şagirdlərin sayında ən böyük artım 1993-1994-cü ildə olub. Bu illərdə ümumtəhsil müəssisələrinin birinci sinfinə 188994 şagird gedib. Amma 2023-2024-cü tədris ilində 1-ci sinfə 130 min şagird gedəcək. Yəni rus bölməsində azalmanın birinci səbəbi ümumi şagird sayındakı azalma ilə bağlıdır.  İkinci səbəbi rus bölməsinə qəbul zamanı müsahibə mərhələsidir ki, rus bölməsində təhsil almaq arzusunda olanların sayının çox olmasına baxmayaraq, az bir qismi rus dilində bilik və bacarıqları olduğu üçün müsahibədən uğurla keçib.

Bundan əlavə, valideynlər övladlarını rus bölməsinə qoysalar da, ibtidai sinifdə yaxşı təhsil alan uşaqlar, yuxarı siniflərdə ixtisaslı müəllim çatışmazlığı ilə üzləşir. Belə ki, 6-11-ci siniflərdə rus bölməsi üzrə xüsusilə texniki və təbiət fənləri ilə bağlı ciddi müəllim çatışmazlığı var. Buna görə də valideynlər ibtidai sinifdən sonra problem yaşamamaq üçün elə ibtidaidən uşaqlarını rus bölməsindən yayındırmağa başlayırlar".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR