İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu içkilərlə bağlı SOS! - Üzərində GÖRÜN NƏ YAZILACAQ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) spirtli içkilərin qablaşdırma zamanı xərçəngin inkişafına səbəb ola biləcəyinə dair xəbərdarlıq əlavə etməklə məcburi standartlaşdırılmış etiketlənməsinə çağırıb. Bu barədə qurumun saytında məlumat yerləşdirilib. Alkoqollu içkilərin xərçəngə səbəb ola biləcəyi barədə məlumatlılığı artırmaq üçün spirtli içkilərin üzərində diqqəti çəkən xəbərdarlıq etiketlərinə ehtiyac var. Bu sadə addım istehlakçılara alkoqolun zərərini azaltmağa kömək edəcək qərar qəbul etməyə imkan verə bilər", - məlumatda bildirilir.

Təşkilat qeyd edib ki, bir çox ölkələr hələ də spirtli içkilərdən sui-istifadənin zərərinin azaldılmasında əhəmiyyətli irəliləyiş əldə edə bilməyib. Xüsusilə Avropa regionunda hər il təxminən 800 min insan alkoqolun vurduğu zərərdən ölür. ÜST-nin məlumatına görə, Avropada alkoqolla bağlı ölümlərin əsas səbəbi xərçəngdir.

Qurumun bu çağırışına Azərbaycanda spirtli içki istehsal edənlərin qoşulması mümkündürmü? Ümumiyyətlə, spirtli içki hansı halda onkoloji xəstəliklərə səbəb olur?

Qeyd etmək yerinə düşər ki, bundan əvvəl Amerika Xərçəng Cəmiyyəti də alkoqolun xüsusilə qaraciyər, ağız boşluğu, boğaz, mədə, kolorektal və süd vəzi xərçənginin inkişafına səbəb olduğunu bildirib. Bundan başqa, Britaniya Xərçəng Araşdırmaları (Cancer Research UK) da alkoqolun xərçəng riskini artırdığını açıq şəkildə deyib. Amerikan Xərçəng Cəmiyyətinin elmi mütəxəssisi Dr. Otis Brawley spirtli içkilərin xərçəng riskini artırdığına dair fikirlərini bir neçə dəfə bildirib.

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

 Zülfüqar Yusifov

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Spirtli içkilərin insan orqanizminə zərəri barədə fikirlər yeni deyil. Davamlı olaraq bu mövzuda həm Ümumdünya Səhiyyə Təşkilatı, həm ölkələrin tibb idarələri, həm də səhiyyə nazirlikləri tərəfindən məlumatlar verilir, maarifləndirici işlər aparılır. Bundan əlavə, hazırda istifadə olunan spirtli içkilərin üzərində mənfi təsirləri ilə bağlı fikirlər var. 

Əgər spirtli içkilərin onkoloji xəstəliklərə səbəb olması məsələsinə toxunarıqsa, əsasən onlar mədə-bağırsaq sisteminə, xüsusilə də mədəyə aşındırıcı təsir göstərir. Bu, mədədə müxtəlif formalı iltihabi dəyişikliklər, qastritlər, yaralar və xoralar əmələ gətirir. Həmin yara və xoraların da maliqinizasiya, yəni onkoloji xəstəliyə çevrilmə riski çox yüksəkdir.

Bundan əlavə, spirtli içkilərin təbii ki, ürək-damar sisteminə, mərkəzi sinir sisteminə və periferik sinir sisteminə olduqca ciddi və zərərli təsirləri mövcuddur. Bu məlumatlar davamlı şəkildə qeyd olunur. Xüsusilə alkoqol neyropatiyalarına həddən artıq çox rast gəlindiyi bildirilir. Bununla yanaşı, alkoqolun ürək-damar sisteminə vurduğu zərərlərlə bağlı da kifayət qədər məlumat mövcuddur.

Bütün bu məlumatların olmasına baxmayaraq, istehlakçılar tərəfindən alkoqol istifadəsi dünyanın əksər ölkələrində davam etməkdədir. Əlbəttə ki, siqaretdə və papirosda olduğu kimi, spirtli içkilərlə bağlı da müəyyən fərqli addımların atılması mümkündür".

Baş həkim əlavə edib ki, müəyyən yaş qrupuna aid şəxslərə satışla bağlı məhdudiyyətlərin olması vacibdir: “Bizim ölkədə müəyyən qədər belə tələblər mövcuddur. İkinci bir tərəfdən, bəzi ölkələrdə satış zamanı həmin məhsulların piştaxtada görünməməsi nəzərə çarpır və istehlakçılar yalnız almaq istədikdə bu məhsullar üzə çıxarılır. Yaxud siqaretlərin, spirtli içkilərin üzərində çox öldürücü təsirləri barədə xəbərdaredici şəkillər yerləşdirilir. Məsələn, xərçəng xoralarının və ya həddindən artıq ağır vəziyyətdə olan xəstələrin şəkilləri göstərilir. Bu da bəzi insanlarda qorxu yaradaraq onları bu maddələrdən - istər siqaret, istərsə də alkoqol - uzaq durmağa təşviq edə bilir.

Bu kimi tədbirlər əslində həmişə görülür, zərərlər barədə məlumatlar verilir. Amma bunların daha aktiv hala gəlməsi üçün, əlbəttə, müəyyən tədbirlər görmək mümkündür.

Ölkəmizdə də bu problem hər zaman aktual olub, daim gündəmdədir. Əgər ÜST həyəcan təbili çalırsa, deməli, dünyada bu problemin yaratdığı fəsadlar olduqca kritik statistika ilə ortadadır. Əlbəttə, bu sahədə ölkəmizin daha da aktiv olmasına ehtiyac duyula bilər".

Hüquqşünas Ramil Süleymanov: “Sumqayıtda söküntü aparan şirkət sakinləri  qorxudur” | Sumqayit24.az

 Ramil Süleymanov

Hüquqşünas Ramil Süleymanov da mövzu ilə bağlı fikrini bölüşüb: “İlk olaraq qeyd edim ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının üzvüdür və bura üzv olmaqla bərabər, səhiyyə təşkilatının sənədlərini, protokollarını və tövsiyələrini ölkə ərazisində tətbiq etməklə bağlı öhdəlik götürüb. Qeyd edim ki, tütün məmulatlarının üzərində xərçəng xəstəliyinə səbəb olması barədə məlumatlandırıcı foto mesajın əks olunması hələ də ölkəmizdə tətbiq olunmur. Bildirmək istəyirəm ki, əgər ÜST tərəfindən alkoqollu içkilərin istehsalı və qablaşdırılması zamanı ölkələrə bu cür etiketlərin vurulması ilə bağlı çağırış edilibsə, Azərbaycan bunu birmənalı şəkildə qəbul etməlidir. Bunun mübahisəsiz, ölkə ərazisində tətbiqinə dair qanunvericiliyə düzəliş edilməli və bununla bağlı müvafiq qanun qəbul olunmalıdır. Qanunvericiliyə görə, Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunmuş konvensiyalar ölkə ərazisində birbaşa hüquqi qüvvəyə malikdir".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

20 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR