İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu cür sənədlər könül bulandırmaqdan başqa heç nəyə xidmət etmir” - Tahir Mirkişili

“Avropa Parlamenti Azərbaycanın Vətən müharibəsində əldə etdiyi zəfərdən sonra 3-cü dəfə ölkəmizə qarşı düşmənçilik mövqeyindən çıxış edərək qərəzli bir qətnamə qəbul edib. Sənədin əleyhinə 92 deputat səs versə də, o, səs çoxluğu ilə qəbul edilib”.

Musavat.com bildirir ki, bu fikirlər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişiliyə məxsusdur. Komitə rəhbəri qeyd edib ki, sənədlə tanış olduqca sanki orta əsrlərə qayıdırsan: “Düşmənçilik, türkofobiya, gözü və qulağı karlılıq, siyasi düşüncə tərzində dərin böhran, beynəlxalq hüquq normalarına tam etinasızlıq, siyasi korrupsiya və s… Bu düşüncə tərzi keçən əsrdə Avropada fəlakətlərə yol açdı, 2 dünya müharibəsinə və milyonlarla insanın həyatının itirməsinə səbəb oldu…Avropa Parlementi üzvlərinin XXİ əsrdə belə düşüncəyə sahib olmaları adamı çox heyrətləndirir!”

T.Mirkişili qeyd edib ki, biz işğalçı Ermənistanı və Qarabağ separatçılarını darmadağın etməklə döyüş meydanında zəfər əldə etdik, vətəndaşlarımızın öz torpaqlarında yaşama hüququnu özlərinə qaytardıq: “Amma gözlənildiyi kimi, geo-siyasətdə bu mübarizə davam etməkdədir. Heç deyəsən, bu mübarizə bitənə də oxşamır, çünki mübarizə ərazi və ya orda yaşayan hansısa insanların hüququ məsələsi deyil. Bu daha böyük, əsrlərlə gedən və gedəcək sivilizasiyalar arası mübarizədir, xeyirlə şərin mübarizəsidir. Daim güclü, bir və diri olmaq lazım. Bu, hər birimizin artıq taleyidir”.

Milli Məclis üzvü xatırladıb ki, bu fonda Azərbaycan Prezidenti Davosda çox uğurlu görüşlər keçirir, müttəfiqlərinin sayını və keyfiyyətini artırır, rəhbərlik etdiyi ölkənin, təşkilatın, müttəfiqlərinin maraqlarının daha çox güclənməsinə xidmət edir və buna böyük ustalıq və peşəkarlıqla nail olur: “Yaxşı ki, Avropada və dünyada sağlam qüvvələr də çoxdur. Əməkdaşlıq üçün xeyli məkanlar da mövcuddur və Azərbaycan bu imkanlardan maksimum istifadə etməyə çalışır”.

T.Mirkişilinin sonda qeyd edib ki, AP-ın qəbul etdiyi bu cür sənədlər isə könül bulandırmaqdan başqa heç nəyə xidmət etmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR