İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu, belə bir Hayastandır: himni – hədə, gerbi – calaq, tarixi – qəlp, dərdi – qalaq

Son bir neçə gündə ermənilərin özlərinə xas emosiya və qızğınlıqla müzakirə etdiyi məsələ Ermənistan konstitusiyasının, gerb və himninin dəyişdirilməsi ehtimalıdır.

Onlar bu təşəbbüsün Azərbaycanın dövlət başıçısı İlham Əliyev tərəfindən irəli sürüldüyünü əsas gətirərək, bu zəruri dəyişikliyi özləri üçün qeyrət-namus məsələsi halına gətiriblər və top-tüfənglə qarşılayırlar.

Halbuki məsələ bir qədər başqa cürdür. Prezident İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqla görüşü zamanı açıq mətnlə belə deyib: “Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir”.

Ermənilər lap əvvəldən bu cür iddialar irəli sürərək, onları sənədləşdirərək özlərini dalana salıblar, indi isə geriyə hərəkət edərək dalandan çıxmaq istəmirlər.

Yaxşı, bütün bunlar dəyişdirilməsin, necə olsun? Sən bu dövlətin ərazi bütövlüyünü şübhə altına alırsan, ərazisinə iddia edirsən, suverenliyini tanımırsan, amma onunla sülh müqaviləsi imzalamaq istəyirsən. Bu ona oxşayır ki, bir nəfər o birinə desin: “Gəl daha dalaşmayaq, amma əlimə keçən ilk fürsətdə səni doğramasam, atamın oğlu deyiləm”.

Yəni bir ölkə öz konstitusiyasında, gerbində, himnində başqa dövlətlərə qarşı düşmənçilik təhdidi saxlaya-saxlaya onlarla necə anlaşa, sülhə gələ bilər? Məntiq yoxdur və ya bu qeyri-səlis məntiqdir. Siyasətdə, dövlətlərarası münasibətlərdə qeyri-səlis məntiq işləmir.

Ermənistanın himninin mətni Rostovda doğulmuş Mikael Nalbandyan tərəfindən yazılan “İtalyan qızının mahnısı” poemasından götürülüb. Himnin musiqisini isə livanlı erməni Barsen Kanaçyan yazıb. Himndə bir qadın tikdiyi bayrağı “azad və müstəqil vətən uğrunda” ölməkdən qorxmayan kişiyə necə verməsindən bəhs edilir. Gerbdə təsvir edilmiş heyvanlar dörd qədim erməni krallığını simvollaşdırır. Dövlət nişanının ortasında Ağrı (Ararat) dağı, üstündə Nuhun gəmisi, aşağıda isə su var. Bildiyimiz kimi, sönmüş vulkan Türkiyə ərazisində yerləşsə də, erməni kimliyində ən mühüm rollardan birini oynamaqda davam edir.

Gerbdə təsviri verilən 4 heyvandan biri yana baxan qartaldır. Bu, hansı qədim erməni krallığını simvolizə edir, bunu ermənilər bilir. Gerbin sağındakı şir şəkili də başqa bir erməni krallığının totemi kimi qələmə verilir. Ermənilər bu “şir”ləri haradan alıblar? Ermənistanda bir dənə də şir yoxdur – bəlkə zooparkda ola. Bu dövlətin gerbi belə Rusiya və İranın gerblərinin bir-birinə calanmasından, ortasına milli ornamentlər həkk edilməsindən əmələ gəlib.

Bəs o krallıqlar nə zaman mövcud olub? Onların müasirləri hansı krallıqlar, dövlətlər, hökmdarlar imiş? Kimlərlə cəng ediblər, kimlərlə müttəfiq olublar? Bu suallara doğru-dürüst, elmi mübahisə doğurmayan cavablar yoxdur.

Budur, 100 ildir ermənilər tutdurublar ki, biz qədim və böyük xalqıq, keçmişdə böyük krallığımız, imperiyamız olub. Bu necə böyüklükdür ki, 20-ci əsrin 18-ci ilində qüdrətli dövlətlərin razılaşması və təzyiqi ilə kiçik bir knyazlıq adlana biləcək Ermənistan adlı dövlət qurulmuşdu, onu da bolşevik Rusiyası süquta uğratdı, öz tərkibində muxtariyyata çevirdi. Qədim dönəmlərdə böyük imperiyalar qurmuş xalqın sayı indilərdə azı 50 milyon olmalıydı. Hanı? Buna da hazır cavabları var: “Bizi dəfələrlə soyqırıma uğradıblar”.

Lap qədim dövrlərə, tarixə aid iddiaları gerçəklik kimi qəbul etsək belə, bu, müasir dövrdə başqa dövlətlərə qarşı ərazi iddiası irəli sürməyə haqq vermir. Təkcə bizim erada dövlətlərin sərhədləri yüz dəfə dəyişib, bu coğrafiyada 47 cür dövlət qurulub, süqut edib: monqollar gəlib, yunanlar gedib, teymurilər tranzit keçiblər, Nadir şahın əsgərləri cənubdan Dərbəndə irəlləyiblər, 200 il əvvəl ruslar gəliblər, hələ də getməyiblər və getmək istəmirlər.

Ermənilər də deyir, miladdan əvvəl bu zonada vəziyyətə biz baxmışıq. Əsas odur ki, indi baxa bilmirsiniz. O gücünüz yoxdur. Necə ki, monqollar Macarıstan üzərində hansısa haqları olmalarından danışmırlar, ermənilər də gərək Tiqranın böyüklüyündən danışmasınlar. Hər halda Tiqran Çingiz xan qədər böyük sərkərdə və fateh olmayıb.

Ona görə də ermənilər Alen Simonyan kimi müasir və praqmatik siyasətçilərin sözünü qəribçiliyə salmamalıdırlar. Erməni xalqı qədim tarixə iddialarından imtina etməyincə xoşbəxt gələcəyə nail olmayacaq. “Tarixi əzəmət”in bərpası mümkün deyil – xüsusilə də tarixdə o əzəmət yerli-dibli olmayıbsa.

Simonyan nə deyir? Simonyan belə deyir: “Biz başa düşməliyik ki, Ermənistan hara gedir və hansı məqsədlər güdür. O, “Böyük Ermənistanı bərpa etmək, yoxsa vətəndaşların təhlükəsizliyini və rifahını təmin etmək üçün mövcuddur? Biz bu suallara cavab verməliyik və düşünürəm ki, cəmiyyətimizdə onlara verilən cavablar birmənalı deyil”.

Bir sözlə, “sülh istəyən” qonşularımızın ənənəvi cığallığı davam edir. Onlar əbədi intriqa ilə yaşayırlar və bu cür də davam etmək istəyirlər.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR