İnsanlara hürriyət, millətlərə istiqlal!

Tələbə Fərid niyə qətl törətdi? - Atası cinayəti öz üzərinə götürmək istəyib TƏFƏRRÜAT

İmişli rayonunda qətl törədən tələbə Fəridin cinayət işinin təfərrüatı məlum olub. Fərid atasını söyən şəxsi bıçaqlayıbmış. Hadisədən sonra Fəridin atası cinayəti boynuna götürmək istəyib.

Musavat.com xəbər verir ki, qətl hadisəsi rayonun Sarxanlı kəndində baş verib. 19 yaşlı Fərid Allahverdiyev 30 yaşlı Vüsal Allahverdiyevi kənd ərazisində olan kafedə bıçaqlayaraq öldürüb. Vüsal boğazından aldığı xəsarətdən sonra xəstəxanada vəfat edib.

Məlum olub ki, Lənkəran Dövlət Universitetinin II kurs tələbəsi olan Fərid atası ilə mübahisəsi olduğu üçün Vüsalı vurubmuş.

Belə ki, hadisədən bir neçə gün əvvəl Vüsalla Fəridin atası Mobil Allahverdiyev arasında məclislərin birində mübahisə olub. Vüsal Fəridin atasını təhqir edib. Fərid atasının telefon danışığını eşidən zaman bundan xəbər tutub və Vüsalı görüşə çağırıb.

Məlumata görə, Fərid Vüsaldan atasını niyə söydüyünü soruşub. Vüsal isə “əcəb eləmişəm” deyərək cavab verib. Fərid cibində olan bıçaqla Vüsalın boğazından bir zərbə vurub. Xəstəxanaya çatdırılan Vüsal dünyasını dəyişib.

Vüsalın anası hüquqi varis kimi tanınıb. Mərhumun anası bildirib ki, bu hadisəyə görə Fəridin atası Mobil də həbs edilməlidir. Onun sözlərinə görə, Mobil məqsədli şəkildə Fəridə bıçaq verərək Vüsalın yanına göndərib.

Fərid ifadəsində bildirib ki, Vüsalı öldürmək niyyəti olmayıb. Fərid deyib ki, görüş zamanı Vüsal onun anasının ünvanına söyüş söydüyü üçün bıçağa əl atıb. Fəridin dediyinə görə, məqsədi Vüsalın qolundan vurmaq olub. Amma Vüsal əyildiyi üçün bıçaq onun boğazına dəyib.

Hadisə yerinə başqa şəxslər də gəlib. Onlardan biri Fəridin əlində olan bıçağı alaraq yaxınlıqdakı su kanalına atıb. Vüsalı da xəstəxanaya həmin şəxslər çatdırıb.

Fərid isə atası ilə birlikdə hadisə yerindən uzaqlaşıblar. Yolda olan zaman atası Fəridə cinayəti boynuna götürəcəyini deyib. Onlar hadisə yerindən çox uzaqlaşmamış polis əməkdaşları tərəfindən saxlanılıblar.

Mobil Allahverdiyev oğlu tələbə olduğu üçün cinayətini öz üzərinə götürməyi plamlaşdırıb. Lakin qısa zamanda saxlanıldıqları üçün bu plan baş tutmayıb.

Şahid kimi ifadə verən Mobil Allahverdiyev oğlunun Vüsalla görüşə getməsindən sonradan xəbər tutduğunu deyib. Bildirib ki, hadisə vaxtı Fəridə çata bilməyib. Amma qışqıraraq ətrafda olan şəxslərdən Fəridin əlində olan bıçağı almasını istəyib.

Fərid qəsdən adam öldürmə maddəsi ilə təqsirləndirilərək hakim qarşısına çıxarılıb. Məhkəmənin hökmü ilə Fərid 12 il müddətinə azadlıqdan məhrum edilib.

 

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR