Onlayn ictimai-siyasi qəzet
Aprelin 15-i BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Bakı Təşəbbüs Qrupunun Beynəlxalq Dekolonizasiya Cəbhəsinin nümayəndələri ilə birgə təşkil etdiyi "Dekolonizasiya: Sakit İnqilab" konfransının iştirakçıları tədbirin sonunda müstəmləkəçilik zülmünün tanınması və təzminatların ödənilməsi tələbi ilə bağlı petisiya başladılıb.
APA xəbər verir ki, petisiyada müstəmləkəçilik zülmünə məruz qalmış xalqlara vurulmuş maddi və mənəvi zərərlərin beynəlxalq səviyyədə tanınması və təzminatların ödənilməsini tələb edilib.
Müstəmləkə rejimlərinin siyasətinin on milyonlarla insanın istismarına, köləliyə, etnik ayrı-seçkiliyə və ciddi sosial-iqtisadi böhranlara səbəb olduğu, müstəmləkə idarəçiliyinin fəsadlarının bu gün də davam etdiyi qeyd edilib. Əsrlər boyu müstəmləkə imperiyalarının işğal etdikləri xalqların hesabına öz sərvətlərini artırdığı, onların təbii resurslarını talan etdiyi, milli kimliyi məhv etdiyi və zorakı yolla öz hökmranlıqlarını davam etdirdikləri vurğulanıb.
Bu xüsusda, Fransa və Niderland kimi müstəmləkəçi rejimlər, imperiya dövründə qurulmuş sistemlərdən hələ də faydalandıqları qeyd edilərək, müstəmləkəçiliyin təsirinə məruz qalan Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası), Qvadelup, Uollis və Futuna, Martinik, Fransız Qvianası, Sin-Martin, Boneyra, Reyunyon və Mayot kimi ərazilərin bu gün də ədalətsiz ticarət sistemləri, qanunsuz maliyyə axınları və məcburi borc yükü kimi problemlərlə mübarizə aparırdıqları diqqətə çatdırılıb.
Ləyaqətli təzminatın yalnız mənəvi məsələ olmadığı – bunun, qlobal ədalət və dayanıqlı inkişaf üçün zərurət olduğu vurğulanıb. Təzminatın bir çox beynəlxalq hüquqi sənədlərdə öz əksini tapdığı qeyd edilib, bu xüsusda, BMT Baş Assambleyasının 1514 (XV) saylı qətnaməsi, BMT-nin 2001-ci il Durban Bəyannaməsi BMT-nin sənədləri kimi yayılmış Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 oktyabr 2023-cü il tarixində Bakıda keçirilmiş “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” və 21 noyabr 2023-cü ildə Bakıda keçirilmiş “Dekolonizasiya: Qadınların Gücləndirilməsi və İnkişafı” mövzusunda beynəlxalq konfrans iştirakçılarına müraciəti və digərləri qeyd olunub.
Sonda petisiyada tarixi məsuliyyətin tanınması, kolonial rejimlər tərəfindən rəsmi üzrxahlığın ifadə edilməsi, layiqli kompensasiyanın ödənilməsi, borcların silinməsi və iqtisadi dəstəyin göstərilməsi, sosial və mədəni dəstəyin təmin edilməsi, ətraf mühitə vurulan ziyanın tanınması kimi tələblər irəli sürülüb.
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ