Onlayn ictimai-siyasi qəzet
Fransanın dənizaşırı ərazilərinin unikal ekosistemləri onun siyasəti səbəbindən ciddi problemlərlə üzləşir.
“Report” xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) "Oğurlanmış firavanlıq: Müstəmləkəçilik dənizaşırı ərazilərdə iqtisadi azadlığı necə boğub" adlı hesabatında qeyd edilib.
Hesabatda göstərilir ki, bu ərazilərin ekosistemi üçün ən ciddi problemlərdən biri həddindən artıq balıq ovudur.
"Həddindən artıq balıq ovu Fransanın dənizaşırı ərazilərində mərcan riflərinin deqradasiyasına səbəb olan və bəzi balıq növlərinin mövcudluğunu təhlükə altına alan əsas antropogen amillərdən biridir. Balıqçılıq Fransanın Hind okeanındakı ərazilərinin iqtisadiyyatında mühüm rol oynayır. Avropa Dəniz Təsərrüfatı, Balıqçılıq və Akvakultura Fondunun (EMFAF) məlumatına görə, 2013-cü ildə Fransa ticarət donanmasının gəmilərinin 37 %-i məhz bu regionda fəaliyyət göstərib", - müəlliflər bildirib.
Qeyd edilib ki, Fransanın vurduğu ekoloji ziyan təkcə həddindən artıq balıq ovu ilə məhdudlaşmır: "Hind okeanındakı Fransa departamentlərinin əhalisinin böyük hissəsi bu adaların sahilboyu rayonlarında cəmləşib. Reyunyon və Mayotta əhalisinin sürətli artımına görə antropogen infrastruktur mərcan riflərinin daha çox çirklənməsinə səbəb olur".
Hesabat müəllifləri metropoliya ölkəsinin dənizaşırı ərazilərində vurduğu ekoloji zərərlər arasında sıx yaşıl meşələrin qırılmasını, həmçinin içməli suyun çirklənməsini, o cümlədən ağır metalların, pestisidlərin və karbohidrogenlərin atılmasını qeyd ediblər ki, bu da yerli əhalinin həyat keyfiyyətinə əhəmiyyətli təsir göstərir.
"2016-cı ildən Reyunyon adasında hər il üç-altı ay davam edən su qıtlığı və quraqlıq müşahidə olunur. Əgər Mayotta adası müstəqil dövlət olsaydı, meşəsizləşmə dərəcəsinə görə ilk beşliyə daxil olardı. “Naim et al” və başqalarının qiymətləndirmələrinə görə, Mayottanın çayları adanın iki su anbarını doldurduğu üçün əhəmiyyətli axına malik olmalıdır. Bunlardan biri Kombanidə (1,5 milyon kubmetr), digəri isə Dzumonyedədir (2,5 milyon kubmetr). Hər iki su anbarı adanın içməli suya olan tələbatının 80%-ni təmin edir", - hesabatda bildirilib.
Hesabata görə, Mayottada hər il 250 hektar meşə qırılır ki, bu da 350 futbol meydançasına bərabərdir. Bu, Mayottanı Fransanın ən çox meşəsizləşdirilmiş departamentinə çevirir.
“Global Forest Watch” 2002-2003-cü illər arasında Mayottada ən çox meşəsizləşdirilmiş yerlərin siyahısını açıqlayıb. Xüsusilə, Bandrele, Bandrabua və Tsingonidə meşələrin qırılması 290 hektardan çox olub, Mamudzuda və Dembenidə müvafiq olaraq 252 və 227 hektar əraziyə təsir edib.
23 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ