İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüsseldən Moskvaya... - Paşinyan Putinlə görüşə nə ilə gedir?

Ermənistanın baş naziri gələn həftə Rusiyaya səfər edəcək; politoloq: “Kreml çox çalışacaq ki, Avropa İttifaqı sülhə nail ola bilməsin...”

Ermənistanın baş naziri Nikol Paşinyan aprelin ikinci on günlüyündə Rusiyaya səfərə gedəcək. “Yeni Müsavat” məlumat verir ki, bu haqda qabaqcadan anons edilib və növbəti həftə Moskvaya getməsi gözlənilir. Səfər Brüsseldə Əliyev-Paşinyan görüşündən az sonraya təsadüf edəcək.

Aprelin 8-də isə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Rusiyaya, “xalça üzərinə” çağırılıb. Belə görünür ki, Brüsseldə liderlər arasında baş tutmuş üçlü görüşün yekunları ilə bağlı Mirzoyandan izahat istənilib. Moskva Avropa Birliyi tərəfindən startı verilmiş sülh danışıqlarını təqdir etsə də, müəyyən qısqanclığı da öz yerindədir.

Çünki danışıqların Qərb platformasında aparılmasını, hansısa nəticələrin məhz Aİ vasitəçiliyi ilə əldə olunmasını xoşlamır. Moskva görüşündə Putinin Paşinyandan hansısa arayış istəyəcəyi istisna deyil. Bəs, Paşinyan Putinlə görüşə hansı “baqajla” gedir? Rusiya və Ermənistan arasında Bakı ilə Moskva arasında fevralın 22-də imzalanmış Moskva Bəyannaməsinə bənzər hansısa yeni bir sənədin imzalanması gözləniləndirmi?

Erməni əsilli rusiyalı rejissor Karen Şahnazarov bildirib ki, Ermənistan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu etiraf etməlidir: “Bunu dərk etməsək, heç nə alınmayacaq. Vəziyyətin incəliyi ondan ibarətdir ki, Ermənistan heç vaxt rəsmi səviyyədə bu faktı inkar etməyib. Paşinyan bu yaxınlarda hətta az qala açıq şəkildə bildirib ki, Qarabağ heç zaman ermənilərin olmayıb. Rusiya da inkar etmir ki, Qarabağ Azərbaycanın bir hissəsidir. De-fakto nə varsa, de-yure təsdiq edilməlidir. Ermənilərə bununla barışmaq lazımdır”, - deyə Şahnazarov vurğulayıb.

Artıq Rusiyadakı tanınmışlar da Qarabağ məsələsi haqda aydın fikirlər açıqlayırlar və Paşinyanın Brüsseldən sonra Moskva səfərindən də ciddi bir qazancla İrəvana qayıdacağı gözlənilmir. O zaman Ermənistan lideri niyə Rusiyaya gedir?

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

 Elxan Şahinoğlu 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a qeyd etdi ki, Brüssel görüşündən əvvəl də erməni rəsmilərinin Rusiyaya çağırılacağını proqnozlaşdırmışdı. Onun sözlərinə görə, Mirzoyan artıq Moskvaya gedib, ardınca Paşinyandan hesabat istəniləcək: “Hesabat niyə istənilir? Çünki ilk görüş ötən ilin dekabrında olanda hələ Ukrayna müharibəsi başlamamışdı, Qərblə Rusiya əlaqələri bu qədər kəskin deyildi. İndi Avropa Rusiyanın tərəfdaşı deyil. Hətta Rusiya mətbuatını izləyirəm, onlar Brüssel görüşü haqda yazırlar ki, Avropa bizi Cənubi Qafqazda sıxışdırır, təşəbbüsü ələ almaq istəyir, yəni bir qısqanclıq var. Ona görə Paşinyan çağırılır”.

E.Şahinoğlunun fikrincə, Rusiya Avropanın təşəbbüslərinin artmasına imkan vermək istəmir: “Erməni rəsmiləri bir-biri çağırırlar ki, Avropa Birliyini sıxışdırsın. Buna nail olması Azərbaycan və Ermənistanın mövqelərindən asılıdır. Hazırda İrəvan Brüsselin təklifinə razılaşmağa məcbur olub, çünki Avropa İttifaqından bu ölkəyə maliyyə ayrılıb, digər tərəfdən də Ermənistanın Rusiyadan asılılığı var. Misal üçün, Brüssel görüşü günü atəşkəsin pozulması nümunədir. Rusiya bununla istəmir ki, sülh müqaviləsi Avropanın vasitəçiliyi ilə imzalansın.  Moskva çox çalışacaq ki, Avropa İttifaqının Cənubi Qafqazda rolu artmasın, sülhə nail ola bilməsin. Bu da bizim maraqlarımıza ziddir. Eləcə də Ermənistanın istəklərinə uyğun deyil, indi hər iki ölkə əl-ələ verib sülh sazişi istiqamətində çalışmalıdırlar”.

Asif Nərimanlı yazır...

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Moskvanın razılaşmanı sıfırlayacağı ehtimalı azdır: “Mümkündür ki, növbəti görüş Rusiya masasında keçirilsin, yaxud tərəflərlə müəyyən təmaslar qurulsun və sərhəd razılaşması istəyinə uyğun olan Moskva sülh sazişinin hazırlanmasında vasitəçi kimi iştirak etmək istəyəcək. İkinci razılaşma onu deməyə əsas verir ki, sərhədlə bağlı birgə komissiyanın aprelin sonuna kimi yaradılması erməni qoşunlarının Azərbaycan ərazisindən çıxarılması məsələsini də aktuallaşdırır. Birgə komissiya sərhədin müəyyənləşməsi prosesinə başladığı vaxtdan 10 noyabr razılaşmasının 4-cü bəndinin icrası da həyata keçirilə bilər”.

Ekspertə görə, Ermənistan qoşunları Azərbaycan ərazisində olduğu təqdirdə iki ölkənin dövlət sərhədlərinin müəyyən edilməsi və tanınması məntiqdən kənardır: “Rəsmi İrəvan razılaşmanın bu bəndini özünəməxsus formada şərh etsə də, məsələnin Brüssel görüşündə müzakirə edildiyi istisna deyil. Bəyanatda ”10 noyabr razılaşmasının bütün bəndlərinin tam icra edilməsinin zəruriliyi" də bunu deməyə əsas verir. Hərçənd, erməni qoşunların hansı formada - səssiz, yoxsa məcburetmə ilə - çıxarılacağını proseslərin inkişafı göstərəcək".

Ramiyə Məmmədova: "Hazırkı vəziyyətdə Türkiyə ABŞ-dan yox, əksinə, ABŞ  Türkiyədən asılıdır" - KAFKASSAM - Kafkasya Stratejik Araştırmalar Merkezi

Ramiyə Məmmədova 

Siyasi təhlilçi Ramiyə Məmmədova da bildirir ki, Paşinyanın Moskva səfəri əvvəldən planlaşdırılmışdı. Onun ehtimalına görə, görüşdə həm Brüssel zirvəsi müzakirə olunacaq, həm də Qərbə mesaj veriləcək: “Rusiya danışıqların onun inhisarından çıxmasına qarşı gedir. Kreml anlayır ki, 44 günlük müharibədə heç bir təsir imkanları olmayan Avropa indi proseslərə qoşulmağa çalışır. Sadəcə, Minsk Qrupu dəfn edildiyi üçün yeni platforma Avropa İttifaqıdır. Ancaq Rusiyanın əlində təzyiq imkanları var, Putinin üçtərəfli sənəddə imzası var, bundan kənara çıxmaq müşkül görünür. O baxımdan Paşinyan hansı Avropa şəhərlərində görüşlər keçirilsə, danışıqlar aparılsa, dərhal Rusiyaya məruzə etməli olur. İndi Ermənistanın düşdüyü vəziyyət ağırdır, Brüssel görüşündən sonra onların şərhçiləri çıxılmaz dalana girdiklərini qeyd edirlər, ona görə Paşinyan Moskvadan yapışmağa məcbur olur. Çünki Qarabağdakı ermənilərin və separatizmin mövcudluğu rus hərbçilərindən asılıdır”.

Siyasi şərhçi hesab edir ki, növbəti həftə Moskvaya gedəcək Paşinyan orada bəzi məsələləri qaldıra bilər: “Putinlə görüşdə qeyri-rəsmi şəkildə ”status" mövzusuna toxunacağı gözləniləndir. Həmçinin Rusiyadan daha çox dəstək dilənəcək. Hətta Ukrayna müharibəsində Ermənistanın Rusiyaya verdiyi dəstəkdən də bir kart-blanş kimi istifadə etməyə çalışacaq. Bilirsiniz ki, Ermənistan “Su 30" təyyarələrini Ukraynada istifadə üçün Rusiyaya verib, Erabuni hava limanından suriyalı muzdlular Ukrayna cəbhəsinə daşınıb, Avropa Şurasından Rusiyanın çıxarılmasının əleyhinə özündən başqa səs verən yeganə ölkə də Ermənistan olub, BMT-dəki səsvermədə də bitərəf qalıb, yəni bütün bunlar İrəvanın Moskvaya etdikləridir və indi jest gözləyirlər. Eyni zamanda, Rusiya da maraqlı deyil ki, Avropa Birliyi xətti ilə sülh danışıqlarında irəliləyiş olsun”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR