İnsanlara hürriyət, millətlərə istiqlal!

"Brüsseldə Azərbaycan-Ermənistan arasında birbaşa danışıqların yeni mexanizmi yaranıb" - deputat Aydın Hüseynov

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Prezident İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə əldə edilən razılaşmaları təhlil etdikdə görürük ki, burada əksini tapan məsələlər Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğurudur”.

Bunu Milli Məclisin üzvü Aydın Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin 6 aprel Brüssel səfərinin nəticələri barədə Musavat.com-a şərhində bildirib.


A.Hüseynov qeyd edib ki, Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlət başçımızın dünyada böyük nüfuzunun göstəricisidir: "Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni formatın - Brüssel sülh gündəliyinin yarandığını artıq əminliklə söyləyə bilərik. Bilirsiniz ki, bu formatda ilk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib. Bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar qurulub, telefon danışıqları keçirilib. Avropa İttifaqı dünyada mövcud olan ən böyük siyasi və iqtisadi mərkəzlərdən biridir, bitərəfdir, Azərbaycan və Ermənistan ona etimad göstərirlər. Görünən odur ki, Avropa İttifaqının məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır.

Azərbaycanla Avropa İttifaqı, onun sədri Şarl Mişel arasında səmərəli və konstruktiv əməkdaşlıq mövcuddur. Son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun daha da artmasını görürük. Habelə, Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanması, sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli istiqamətində əməli addımların atılması üçün mühüm şərtdir. Burada ən diqqətçəkən və milli maraqlarımız üçün əhəmiyyətli məqamlardan biri isə odur ki, Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir. Avropa İttifaqı Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür.
Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir və Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğrayır”.

Deputat xatırladıb ki, Azərbaycan və Ermənistan liderləri arasında keçirilən 6 aprel Brüsel görüşünün 4 saatdan artıq davam etməsi müzakirəyə çıxarılan məsələlərin əhatə dairəsinin genişliyindən xəbər verir: "Dörd saat yarımdan artıq davam edən Brüssel görüşündə iki mühüm razılaşma əldə olunub. Birincisi, sülh sazişinin hazırlanması üçün tərəflərin xarici işlər nazirlərinə tapşırıq verilməsi üzərində razılaşma əldə etmələridir. Bunu irəliyə doğru atılan ciddi addım saymaq lazımdır. Eyni zamanda bunu ədalətli sülhün və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm qərar da saymaq olar. Görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərarının verilməsinə nail olmağa çalışırdıq. Azərbaycanın bu mövqeyi Avropa İttifaqı tərəfindən də dəstəklənirdi. 6 aprel danışıqlarında Ermənistan baş naziri də bu mövqe ilə razılaşmalı oldu. Məlumata görə, artıq məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinə müvafiq təlimatlar da verilib. Razılaşmalardan dərhal sonra belə bir təlimatın verilməsi müsbət tendensiyanın davamıdır. Azərbaycan həmişə razılaşmalara əməl edən tərəfdir. Əgər Ermənistan ənənəvi pozuculuq mövqeyini kənara qoyub, bu dəfə razılaşmaların mümkün qədər tez bir zamanda reallaşdırılması xəttini tutacaqsa, nəhayət sülh sazişi imzalana bilər.

İƏT Azərbaycanı qələbə münasibəti ilə təbrik etdi, Ermənistana göz dağı  verdi

Aydın Hüseynov

Onu da qeyd edək ki, sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Sülh sazişinin imzalanmasında tərəflərin ərazi bütövlüyünü tanıması mühüm amildir. Bunsuz sülh sazişi mümkün olmaz. Sülh sazişinə dair razılaşma deməyə əsas verir ki, İrəvan Bakının təklif etdiyi 5 baza prinsipini qəbul edib. Brüssel bəyanatında “status”, yaxud “münaqişə”yə dair heç bir qeydin olmaması da bu fikri gücləndirir. Sənəddə “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan ATƏT-in Minsk Qrupu həmsədrlik institutuna istinad yoxdur. Sözügedən fakt onu göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış yeni reallığa əsaslanır. Münaqişə həll olunduğuna görə ATƏT-in Minsk Qrupu lazımsız təsisata çevrilib. Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranıb”.

Deputat deyib ki, Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında əldə olunan razılaşmalarda ikinci mühüm məqam sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlıdır: “Tərəflər 26 noyabr 2021-ci il Soçi bəyanatına uyğun olaraq, aprelin sonuna qədər birgə komissiyanın yaradılmasına razılaşıb. Birgə komissiyanın mandatı sərhədin müəyyən edilməsi və sərhəd xətti boyunca təhlükəsiz vəziyyəti təmin etməkdir. Razılaşmanın Soçi bəyanatına uyğun olaraq əldə edilməsi də diqqətə alınmalı nüansdır. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun 6 aprel Brüssel görüşünü, burada əldə edilən razılaşmaları normal qəbul etdiklərini bildirməsi təsadüfi deyil.

Razılaşmada Rusiyanın vasitəçiliyi ilə əldə edilən iki anlaşmaya - 10 noyabr və 26 yanvar bəyanatlarına istinad edilir, 10 noyabr razılaşmasının bütün bəndlərinin icrası qeyd olunur, sərhədlə bağlı ikitərəfli komissiyanın yaradılması da Rusiya masasındakı razılaşmaya əsaslanır.

Sərhədlə bağlı birgə komissiyanın aprelin sonuna kimi yaradılması barədə razılaşma o deməkdir ki, Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması məsələsi gündəliyə gələcək. Bəyanatda “10 noyabr razılaşmasının bütün bəndlərinin tam icra edilməsinin zəruriliyi” də bunu deməyə əsas verir”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR