Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı Şurası Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinə görə ona qarşı 17-ci sanksiyalar paketini təsdiqləyib.
Musavat.com xəbər verir ki, məlumatı Avropa diplomatiyasının rəhbəri Kaja Kallas X hesabında yayıb.
Paketə əsasən, Rusiyanın kölgə donanmasının daha 200 tankeri sanksiyalara məruz qalacaq. Bundan əlavə, məhdudlaşdırıcı tədbirlər sanksiyalardan yayınan 30-a yaxın şirkətə, eləcə də hərbi sənaye kompleksi ilə əlaqəli 75 fiziki şəxsə və şirkətə təsir edəcək.
"Yeni tədbirlər hibrid təhdidlərə və insan hüquqlarına da aiddir. Rusiyaya qarşı yeni sanksiyalar hazırlanır. Rusiya nə qədər uzun müddət müharibə aparsa, cavabımız bir o qədər sərt olacaq", - Kallas qeyd edib.
Bu gün həmçinin Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib. Böyük Britaniya hökumətinin açıqlamasında bildirilir ki, yeni məhdudiyyətlər Rusiyanın hərbi-sənaye kompleksinə və enerji ixracına dəstək verən təşkilatlara qarşı yönəlib. Qara siyahıya həmçinin britaniyalı Con Maykl Ormerod kimi maliyyə qurumları və fiziki şəxslər də düşüb. O, Rusiyanın kölgə donanması üçün gəmilər almaqda ittiham olunur.
Bundan əlavə, Britaniya Sankt-Peterburq valyuta birjası, Rusiya Əmanətlərin Sığortalanması Fondu, Surqutneftqaz və sair qurumlar da daxil olmaqla 82 hüquqi və fiziki şəxsi əhatə edir.
Aİ və Britaniyanın eyni gündə Rusiyaya qarşı sanksiyaları sərtləşdirməsi bir daha Ukraynadakı işğalçı müharibəyə Donald Tram administrasiyasının baxışı ilə fərqli yanaşmanı ortaya qoyur. Brüssel və London bununla Rusiyanın müharibəni davam etdirmək siyasətini qəbuı etmədiklərini, Moskvanın əsl məqsədlərini gördüklərini nümayiş etdirmiş oldular.
Musavat.com
20 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ