İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüssel görüşünün ciddi praktik nəticəsi - sərhədin delimitasiyası komissiyalarının ilk görüşü

Ermənistandakı revanşistlər susmaq bilmir; uçurumun kandarında olan ölkədə münasibətləri gərginləşdirmək istəyənlər küçələrdən yığışmır

Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən Azərbaycan-Ermənistan liderlərinin sayca üçüncü görüşünün ən ciddi nəticəsi baş verdi: iki gün sonra həm Prezident İlham Əliyev, həm də baş nazir Nikol Paşinyanın yaratdığı sərhədin delimitasiyası komissiyaları bir araya gəlib, müzakirələr apardılar.

Bu görüş həm də onunla yaddaqalan oldu ki, komissiyalar ilk dəfə Ermənistan-Azərbaycan sərhədində, hələ də tam dəqiqləşməyən ünvanda bir araya gəldilər. Rəsmi məlumatda deyilir ki, mayın 24-də əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiya formatında ilk görüşü keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tərəflər delimitasiya və digər məsələlər üzrə komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiq ediblər. Komissiyanın birgə fəaliyyətinin təşkilati və prosedur məsələləri müzakirə edilib. “Tərəflər, dövlətlərarası sərhəddə görüşlərlə yanaşı, komissiyanın növbəti iclaslarının fərqli yerlərdə keçirilməsinin məqsədəuyğunluğu barədə razılığa gəliblər. Belə ki, ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib”, - xəbərdə deyilir.

“Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiyanın ikinci görüşü Moskvada baş tutacaq”.

TASS xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiyanın ikinci görüşü gələn həftə Moskvada keçiriləcək.

Ermənistanda isə revanşistlərin etiraz aksiyası komissiyaların birgə görüşündən sonra da davam etməkdədir, yenə də absurd “türklərə Ermənistanda yer yoxdur”- kimi şüarlarla. Hətta ötən gün prezident iqamətgahı da mühasirəyə alınıb. Birgə komissiyaların fəaliyyətə başlamasından sonra da daşnakların “daşı ətəyindən tökməməsi” son nəticədə Ermənistanı dərin uşuruma yuvarlada bilər. Ancaq hələ ki Ermənistanda bunu anlayanlar kifayət qədər deyil. Erməni mediası isə sərhəd komissiyasına rəhbərlik edən Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin personasına xüsusi diqqət ayırıb, onun Ermənistanda doğulduğunu və orada orta məktəbə getdiyini, ermənicə yaxşı danışdığını qeyd edib. İddia olunub ki, Brüssel görüşündən cəmi iki gün sonra, mayın 24-də sərhəddə komissiya sədrlərinin tələsik görüşünün keçirilməsi Azərbaycanın “tələsdiyini”, Ermənistan tərəfinin isə prosesi dayandırmaq imkanında olmadığını göstərir.

Siyasi şərhçi Elçin Mirzəbəylinin ermənilərin yanaşması ilə bağlı maraqlı fikirləri var. “İndi Mher Qriqoryan və komissiyanın üzvləri Şahin Mustafayevlə danışıqlar aparanda erməni dilində bir-biri ilə fikir mübadiləsi apara bilməyəcəklər, əks halda, Azərbaycan baş nazirinin müavini onları başa düşəcək. Qriqoryan Ermənistanda doğulan, burada əla qiymətlərlə orta məktəbi bitirən və hətta ali təhsil alan bir azərbaycanlı məmurla danışıqlar aparmalı olacaq. Şahin Mustafayev Tavuşun sərhəd kəndlərindəki hər daşı tanıyır, erməni psixologiyası ilə yaxşı tanışdır, erməni dilini, tarixini, ədəbiyyatını mükəmməl bilir. Sual olunur, ixtisasca hüquqşünas olan və yüksək dövlət vəzifəsinə bank sistemindən ”uçub gələn" Mher Qriqoryan dövlət idarəçiliyinin pillələrini addım-addım keçərək baş nazirin müavini vəzifəsinə yüksəlmiş Şahin Mustafayevlə necə danışıqlar aparacaq? Ermənistan tərəfini təmsil edən komissiyada Şahin Mustafayevlə danışıqlar apara biləcək kimsə yoxdur..." - E.Mirzəbəyli bildirib.

Ekspertin fikrincə, göründüyü kimi, məğlubiyyət və natamamlıq kompleksi erməni mediasının və siyasətçilərinin gözünü elə qorxudub ki, kölgələrindən belə çəkinirlər: “Təhtəlşüur olaraq, delimitasiya prosesində, həmçinin sülh müqaviləsinin ayrı-ayrı istiqamətlərinin müəyyənləşdiriləcəyi zaman kəsiyində, öz təxəyyüllərində saxta məlumatlar əsasında formalaşdırdıqları ”sərhədlər"in silinəcəyini iddialarının yerlə bir olacağını, qalib Azərbaycanın gerçəkliyə söykənən mövqeyi ilə barışmaq məcburiyyətində qalacaqlarını başa düşürlər, amma qəbul və etiraf edə bilmirlər. Və bu səbəbdən də məğlubiyyətlərini əsaslandırmaq üçün bəhanə axtarışına çıxmaq və yenə də özlərini aldatmaq yolunu seçirlər. Guya Şahin Mustafayev erməni dilini bilməsəydi, nə dəyişəcəkdi ki? Bütün hallarda komissiyaların toplantılarında, protokola uyğun olaraq tərcüməçilər iştirak edirlər. Və yaxud ermənilər komissiyaların iclası zamanı bir-biriləri ilə erməni dilində danışıb nə edəcəkdilər? Deyəsən, 30 ildə danışdıqlarına 44 gündə son qoyulduğunu xatırlamırlar və yaxud qorxu sindromu onları şizofreniya həddinə çatdırmasın deyə, bu barədə düşünmək istəmirlər".

Normalda ermənilər özləri tələsməlidir prosesin tez yekunlaşmasına, ancaq işğalçı ölkə bu qədər itkilərə rəğmən, yenə də məkrli niyyətdən, “status-kvo”nu saxlamaq istəyindən əl çəkmir. Bu arada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın ilk görüşünə münasibət bildirib. Şarl Mişel sosial şəbəkə hesabında yazıb: “Bu gün Ermənistan-Azərbaycan sərhədində dövlətlərarası sərhədin delimitasiyası və vəziyyətin təhlükəsizliyinin ən yaxşı şəkildə təmin edilməsi ilə bağlı müzakirələrin aparılması üçün Sərhəd Komissiyasının ilk iclasını səmimiyyətlə qarşılayıram. Bu, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdən sonra nəzərəçarpacaq irəliləyişdir”. Sizin baxışınız necədir prosesə? Ermənistan pozuculuq addımını ata bilərmi növbəti dəfə?

Ceyhun Məmmədov - YouTube

Deputat: “Biz bütün variantlara hazır olmalıyıq və hazırıq”

Deputat Ceyhun Məmmədovun sözlərinə görə, nəzərə almalıyıq ki, keçmiş münaqişənin həlli kifayət qədər mürəkkəb prosesdir: “Birdən-birə bütün hədəflərə nail olacağımızı düşünmək sadəlövhlük olardı. Əsas odur ki, biz mərhələli şəkildə bu prosesdə uğurla addımlayırıq. Artıq bütün dünya Azərbaycanın yaratdığı reallığı tam qəbul edir, qələbə bizimlədir”. Ermənistanın prosesi pozmaq cəhdlərinə gəlincə, deputat qeyd etdi ki, belə hallar ola bilər: “Biz bütün variantlara hazır olmalıyıq və hazırıq. Əgər Ermənistan bunu etsə, daha çox əziyyəti özü çəkəcək. Bütün hallarda komissiyanın fəaliyyətə başlamasının özü böyük hadisədir və Azərbaycanın növbəti uğurudur. Düşünürəm ki, zamanla bütün məsələlər öz həllini tapacaq”.

QAT sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, əlbəttə, müəyyən irəliləyişlərin olması yaxşı haldır: “Brüssel görüşləri Avropa İttifaqının ABŞ-la birlikdə daha fəal olmağa çalışdığını göstərir. Amma uzun illərin təcrübəsi göstərir ki, Rusiyanın iştirakı olmadan nəticənin əldə edilməsi mümkün olmur. Bunu Qərbdə də anlayır , Rusiyanı prosesdən tam şəkildə uzaqlaşdırmamağa çalışırlar. Moskvanın bu cür ikinci dərəcəli rolla razılaşacağı isə inandırıcı deyil. Digər tərəfdən, Qərbin arbitrliyi ilə istədiyimiz nəticələrə nail olacağımız da real deyil. Son Brüssel görüşündə ”status" , “münaqişə” kimi ifadələr işlədilmədi, əksinə, ermənilər yaşayan ərazilərin də Azərbaycanın nəzarətində olacağına işarələr edildi. Amma bu mövqe nə qədər davamlı olacaq ? Qərb vasitəçilərinin axıra qədər Azərbaycanın haqlı mövqeyini müdafiə edəcəklərinə ehtimal çox azdır. Qeyd etdiyim kimi, Qərb hələ ki Rusiya amilinə ehtiyatla yanaşır. Sonrakı görüşlərdən birinin Moskvada keçirilməsinə dair razılaşma da bunu göstərir".

Akif Nağı yenidən QAT sədri seçilib

QAT sədri: “Ermənistandakı qarşıdurmalar da erməni mərkəzlərinin pozuculuq ssenarilərindən biridir”

A.Nağının fikrincə, bütövlükdə diqqəti çəkən odur ki, Qərbi də, Rusiyanı da bu mərhələdə daha məzmun deyil, forma cəlb edir: “Onları nələrin və necə müzakirə olunduğu deyil, müzakirələrin kimin nəzarəti altında keçirildiyi maraqlandırır. Mənim fikrimə görə, danışıqların predmetı əvvəlki 30 ildə olduğu kimi, düzgün müəyyənləşməyib. Danışıqlarda ilk olaraq ”Xankəndi məsələsi" müzakirə olunmalıdır. Yəni Xankəndi və digər ərazilərdə Azərbaycanın hakimiyyəti bərpa olunmalı, sonra digər məsələlər, o cümlədən, sülh müqaviləsi, delimitasiya, kommunikasiya məsələləri həllini tapmalıdır. Bunlar isə tərsinə başlayıblar. İndi qoyduqları məsələlərin həlli üçün illər tələb oluna bilər. Bu vaxt ərzində isə Xankəndi quldurların nəzarətində qalacaq. Hipotetik olaraq təsəvvür edək ki, sonda dediyimiz məsələlər həllini tapdı. Deməli, bu şərtlər daxilində yollar açılacaq, qatarlar işləyəcək, bu yoldan bəhrələnən dövlətlər tam razı qalacaq, Xankəndinə isə əlimiz çatmayacaq. Bu vəziyyətdən biz xaric, hamı razı qalacaq. Ona görə də vaxt itirməmək üçün müzakirə olunan məsələləri düzgün müəyyənləşdirməliyik".

Ermənistanın pozuculuq təşəbbüslərinə gəldikdə isə, A.Nağı qeyd etdi ki, onlar buna hər an hazırdırlar: "Bir bəhanə tapmaq üçün də əziyyət çəkməyəcəklər. Ermənistandakı qarşıdurmalar da erməni mərkəzlərinin pozuculuq ssenarilərindən biridir".

Trollar özlərini iki formada göstərir” – Tural İsmayılov – Yenicag.Az

Politoloq: “Ermənistanın hansısa müstəqil qərarvermə, hətta təxribatlar etmə seçimi belə mövcud deyil”

Politoloq Tural İsmayılov isə açıqlamasında xatırlatdı ki, uzun illərdir Ermənistanın təxribatları nəticəsində regionda böyük gərginlik hökm sürürdü: “Ermənistan və havadarlarının atdığı pozucu addımlar nəticəsində sanki elə bir görüntü yaranmışdı ki, bir daha Cənubi Qafqazda sülh və sabitlik ola bilməz. Azərbaycan beynəlxalq hüququn və ədalətin təmin olunmağını həyata keçirərək bütün geostrateji üstünlükləri bir daha möhkəmlətmiş oldu. Azərbaycanın sayəsində bu gün Cənubi Qafqaz Avrasiyanın ən diqqətli mərkəzlərindən biri halına gəlir. Burada əsas faktor ölkəmizin güclü siyasi iradəsidir. Azərbaycan o qədər mükəmməl dövlətdir ki, illərdir torpaqları işğal altında qalsa da, qazandığı zəfərdən sonra sülhdən və gələcək əməkdaşlıqlardan danışır. Delimitasiya ilə bağlı həm Putinin, həm Şarl Mişelin ötən ilin sonlarında vacib şağırışları olmuşdu. Bu günə qədər Ermənistan tərəfindən bunun müqabilində rasional heç bir addımlar atılmırdı”. T.İsmayılovun sözlərinə görə, xüsusilə rəsmi Brüsselin səyləri prosesdə xeyli irəliləyişlər əldə etməyimizə səbəb oldu: “Biz tarixi hadisələrə şahidlik edirik. Dövlətimiz qalib tərəf kimi şərtləri diqtə edir, bu şərtlər beynəlxalq güclər tərəfindən də qəbulediləndir. Sərhədlərin delimitasiyası ilə bağlı işçi qrupların görüşləri və çevik reaksiyaları müşahidə edilir. Bu, bütünlükdə tarixi hadisələrin mahiyyətində dayanır, inanıram ki, geopolitik situasiya və məqamlar uzun müddət bu prosesin əleyhinə olmayacaq. Ermənistan özü müstəqil dövlət olmadığı üçün daim prosesi sabotaj etmək imkanları mövcuddur. Lakin həm Moskva, həm də Brüssel sərhədlərin delimitasiyası ilə bağlı fərqli mövqelərdə olmadıqlarına görə yəqin ki, bu proses uğurla davam edəcək. Ermənistanın hansısa müstəqil qərarvermə, hətta təxribatlar etmə seçimi belə mövcud deyil”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR