İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüssel görüşü sülh sazişini tezləşdirəcəkmi - gözləntilər

Aprelin 6-da Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın görüşü olacaq. Görüş təşəbbüsü Avropa İttifaqı Şurasının sədri Şarl Mişeldən gəlib.

Bəs tərəflər sabahkı görüşə necə hazırlaşırlar? Nələr müzakirə ediləcək? Nə kimi razılaşma ola bilər tərəflər arasında? Sülh sazişini yaxınlaşdıracaqmı liderlərin bu cür görüşləri? Əliyev-Paşinyan görüşü son bir il 3 ayda həm Moskvada, həm də Brüsseldə keçirilib. Sülhün əldə edilməsi üçün tərəflərin Qərbin, yoxsa Rusiyanın təşəbbüsü ilə bir araya gəlməsi uyğundur? Müzakirəyə çıxarılacaq prioritet məsələlər nələr ola bilər?

Müharibə bitdi, qaldı mübarizə - Daha uzun, daha qəliz Manset.az

Murad Sadəddinov: “6 aprel görüşündə sərhədlərin delimitasiya və demarkasiya prosesi, kommunikasiyaların açılması barədə ciddi razılıq əldə olunması daha realdır”

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, son dövrlər Azərbaycanla Ermənistan arasında təmaslar, münasibətlərin qurulması istiqamətində gedən proseslər əsasən Avropa Birliyinin təşəbbüsləri ilə gedir. Biz bu məsələdə Avropa Birliyinin aktivlik etdiyini görürük. Nəzərə alsaq ki, Avropa platforması Ermənistana simpatiya ilə yanaşır, nəinki Azərbaycana, amma ona baxmayaraq o platformada Azərbaycan müharibədən sonra təsdiq elədiyi yeni reallıqla bağlı bütün tezislərini Avropa Birliyinin rəhbəri Şarl Mişelin bəyanatına daxil etdirməyi bacarıb: “O baxımdan birmənalı demək ki, bu platformada Ermənistanın maraqları daha da üstündür, bu, düzgün olmazdı. Ona görə ki, Azərbaycan tərəfi öz mövqelərini həmin masada da təsdiq eləyə bilib. 6 aprel görüşündən hansı nəticələr əldə edə bilərik? Birincisi, bu görüş ərəfəsində sülh müqaviləsinin imzalanması barədə Ermənistan və Azərbaycan tərəfdən müsbət bəyanatlar ard-arda oldu. Azərbaycan tərəfi sülh sazişinə hazır olduğunu uzun müddətdir bəyan etmiş və təklifini də irəli sürmüşdü. Ermənistan isə uzun müddət idi buna heç bir cavab vermirdi. Son zamanlar isə Azərbaycan tərəfi sülh sazişinin imzalanması üçün beş baza prinsipini elan etmişdi. Bu 5 baza prinsipi beynəlxalq qanunvericiliyə əsaslanan tezislərdir. Buna qarşı Ermənistan tərəfinin çıxması əslində mümkün deyil. Son bir-iki həftə ərzində isə rəsmi İrəvanın bu təklifləri müsbət qarşıladığı haqda siqnallar verildi. Yəni prosesdə müəyyən irəliləyişlər mövcuddur”.

Realist olmağı tövsiyə edən politoloq vurğuladı ki, sülh müqaviləsi bağlanması üçün Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır: “Amma Ermənistan baş naziri və xarici işlər naziri sülh sazişini istədiklərini bəyan etsələr də, Azərbaycanın ərazi bütövlüyünü tanımaq barədə heç bir söz demirlər. Ermənistan Konstitusiyasının preambula hissəsində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ali Sovetinin Azərbaycanın ərazi bütövlüyünü pozan qərarı əksini tapır və Ermənistan SSR Ali Sovetinin bu qərarı təsdiqlədiyi qeyd olunur. Ermənistan konstitusiyasındakı bu məqam ləğv edilməlidir. İkincisi, Ermənistana məxsus silahlı birləşmələrin tör-töküntüləri hələ də Azərbaycan ərazisində qalır. Ermənistan həmin silahlıları Azərbaycan ərazisindən çıxarmalıdır. Sülh sazişinin imzalanmasına qədər mütləq bu problemləri Ermənistan həll etməlidir. Bu məsələlər həll edilsə, sülh sazişinin imzalanması reallığa çevrilər. Bugünkü vəziyyətdə isə sülh sazişinin imzalanması real deyil. Ona görə də 6 apreldə Azərbaycan və Ermənistan liderlərinin görüşü növbəti görüşdür. Ən yaxşı hal o ola bilər ki, Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdə yuxarıda qeyd edilən problemlərin qısa zamanda həlli barədə qəti vəd versin, öhdəlik götürsün və bu istiqamətdə razılıq əldə edildiyi ictimaiyyətə açıqlansın. Bu baş versə, onda sülh sazişinin yaxın olduğundan danışmaq mümkün olacaq. 6 aprel görüşündə sərhədlərin delimitasiya və demarkasiya prosesi, kommunikasiyaların açılması barədə ciddi razılıq əldə olunması daha realdır”.

M.Sadəddinovun qənaətincə, ola bilsin ki, hər hansı bir işçi qrupu yaradılacaq və sülh sazişi layihəsini işləyib hazırlamaq həmin qrupa həvalə ediləcək: “Sülh sazişinin hazırlanması və imzalanması isə uzun müddət vaxtı tələb edən prosesdir. Rusiya-Ukrayna müharibəsi fonunda dünyadakı hazırkı geosiyasi vəziyyət də sülh sazişinin tezliklə imzalanmasına mənfi təsir göstərən faktorlardandır. Amma hər halda, hesab edirəm ki, istər Avropa Birliyi, istər Rusiya platformalarında danışıqların davam etdirilməsi müsbətdir. Bunlar hamısı Azərbaycanın müharibə bitəndən sonra qarşısına qoyduğu məqsədlərə çatması üçün vacib elementlərdəndir və milli maraqlarımıza sərf edir”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu: “Gələcəkdə Türkiyə-Ermənistan-Azərbaycan üçtərəfli danışıqlarının İstanbulda keçirilməsi də mümkündür, yetər ki...”

Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, müzakirələrin genişlənməsi baxımından hər iki tərəf üçün faydalı saymaq olar. Digər bir faydası isə danışıqların Rusiyanın inhisarından çıxarılmasıdır: “Artıq görüşlər Rusiya ərazisində-Moskvada, Sankt-Peterburqda, Soçidə keçirilmir, Brüsseldə də keçirilir. Gələcəkdə Tiflis və İstanbulda da belə görüşlər keçirilə bilər. Brüssel əvvəldən də münaqişənin həllinə maraq göstərir. Rusiyadan fərqli olaraq Avropa Birliyi Cənubi Qafqaz dövlətlərinə hərbi və siyasi təzyiq siyasəti yürütmür. Bu da hər iki tərəf üçün faydalıdır. Buna baxmayaraq, düşünmürəm ki, Brüsseldə sülh sazişi imzalansın. Ola bilsin ki, ortaq bir bəyanat qəbul olunacaq. Amma Brüsseldə dialoqun davam etdirilməsinin özü belə müsbət nəticə kimi qiymətləndirilə bilər. Ermənistan əslində sülh sazişinə hazır deyil. Sözdə guya sülh sazişi istədiklərini deyirlər, amma əməldə bunun əksini edirlər, Qarabağı yenə də ayrı tutmağa çalışırlar. Belə olan təqdirdə isə əlbəttə, sülh sazişi imzalana bilməz. Azərbaycanın əsas tələbi, istəyi odur ki, qarşılıqlı olaraq bir-birimizin ərazi bütövlüyünü tanımalıyıq, Qarabağ Azərbaycan ərazisi kimi tanınmalıdır. Bu olmayacaqsa, sülh sazişinin imzalanması problematik olacaq.

Azərbaycan-Ermənistan danışıqlarını mümkün qədər Rusiyanın inhisarından uzaqlaşdırmaq lazımdır. Avropa İttifaqının həm Azərbaycan, həm də Ermənistanla tərəfdaşlıq münasibətləri var. Moskvadan fərqli olaraq Brüssel Cənubi Qafqazı özünün arxa bağçası hesab etmir, bölgə ölkələrinə qarşı siyasi və hərbi təzyiq üsullarından istifadə etmir. Üstəgəl, Ukraynadakı işğalçı müharibənin fonunda Rusiyaya qarşı sanksiyalar sərtləşib, Avropanın Azərbaycan qazına ehtiyacı artıb. Bu da bizə həm iqtisadi, həm də Ermənistanla danışıqlar baxımından faydalıdır. Elə bugünlərdə Bakıda olan İtaliyanın xarici işlər nazirinin əsas müzakirə mövzusu daha çox Azərbaycan qazının köhnə qitəyə nəqlidir.

Buna baxmayaraq, Rusiya Cənubi Qafqazın ətəyindən əl çəkən deyil. Rusiya prezidenti bugünlərdə həm Azərbaycan Prezidenti, həm də Ermənistanın baş naziri ilə telefonla danışıb. Böyük ehtimalla Brüsseldən sonra növbəti görüş Rusiya ərazisində keçiriləcək. Kreml sahibi Vladimir Putin Ukraynaya qarşı apardığı müharibədən əvvəl ABŞ və Avropanı sözdə də olsa “tərəfdaşlar” adlandırırdı, indi isə sanksiyalara görə “dost olmayan dövlətlər” ismini seçib. Kreml “dost olmayan Brüsselin” Cənubi Qafqazda sülh missiyasına mane olmağa çalışacaq. Bütün hallarda danışıqlar bölgədə həqiqi sülh istəyən ölkələrdə aparılmalıdır. Bu Brüssel də ola bilər, Tiflis də, İstanbul da. Gələcəkdə Türkiyə-Ermənistan-Azərbaycan üçtərəfli danışıqlarının İstanbulda keçirilməsi də mümkündür, yetər ki, İrəvan qonşu dövlətlərin ərazi bütövlüklərini tanımağa hazır olsun".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR