İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüssel görüşü öncəsi revanşistlər hərəkətə keçdilər - onları kim fitvalayır?

Politoloq: “Ermənistanda həm anti-Rusiya ovqatlı, həm də anti-Qərb ovqatlı qüvvələr hərəkətə gətirilib”

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında aprelin 6-da keçiriləcək görüş öncəsi Ermənistanda revanşistlər yenidən fəallaşıblar. Onlar vəziyyəti gərginləşdirməyə çalışırlar.

Bildirək ki, işğalçı ölkənin parlament müxalifəti aksiya keçirərək Paşinyanın Əliyevlə Brüsseldə görüşməsinə qarşı çıxırlar. Bu qüvvələr açıq şəkildə savaşın bitməsinə, sülhün yaranmasına mane olmağa çalışırlar. Bəs revanşistlərin arxasında hansı qüvvələr dayanır, sülhün yaranmasını istəməyən qüvvələrə siyasi fitvanı hansı mərkəzlər, paytaxtlar verir?

Rusiyadakı dairələr, Avropadakı bəzi mərkəzlər, İran, yoxsa ABŞ?

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov məsələni bu cür şərh etdi: “Məlumdur ki, Prezident İlham Əliyev və Nikol Paşinyan arasında 6 aprel tarixinə planlaşdırılan görüşə etiraz olaraq Ermənistanın parlamentdəki müxalif təmsilçiləri, konkret desək, ”Hayastan" və “Şərəfim var” fraksiyaları 5 aprel tarixində aksiya keçirməklə bağlı qərar qəbul ediblər. Onlar hesab edirlər ki, Ermənistan öz suverenliyini itirmək ərəfəsindədir və Qarabağda 44 günlük müharibədən sonra məğlubiyyət zəncirinin sonu görünmür.

Rəşad Bayramov: “Rusiya “sülhməramlıları”nın Ermənistanla sərhədimizə  yerləşdirilməsi təhlükəlidir” - Ovqat.com

 Rəşad Bayramov

Ermənistan müxalifəti tərəfindən oxşar bəyanatlar ilk dəfə deyil ki, səsləndirilir və hər dəfə Paşinyanın Azərbaycan dövlət başçısı ilə görüşü ərəfəsində bu cür etiraz aksiyalarının şahidi oluruq. 44 günlük müharibədən sonra bu cür davranmağa davam edəcəkləri halda Ermənistan üçün məğlubiyyət zəncirinin sonu görünmür.

Bu gün Ermənistan çətin günlərini yaşayır, bir tərəfdən Azərbaycanın öz mövqelərini möhkəmləndirmək istiqamətində atdığı qətiyyətli addımlar, erməni təxribatlarına qarşı tutarlı cavabın verilməsi, digər tərəfdən həm Ermənistanda, həm də Qarabağda Rusiya “sülhməramlılarının” nəzarət zonasında olan separatçı rejimin Ukrayna məsələsində Rusiyanı dəstəkləməsi, Ukrayna ərazilərinin bombalanması üçün öz hərbi arsenalında olan qırıcıları göndərməsi, eləcə də Suriyadan gələn, Ukraynaya qarşı döyüşlərə cəlb olunan hərbçilərin məhz Ermənistan üzərindən daşınması ilə bağlı meydana çıxan təkzibolunmaz faktlar, həmçinin bu dövlətin Rusiyaya qarşı tətbiq olunan sanksiyalarla bağlı tutduğu mövqe təbii olaraq həm Ermənistan daxilində, həm də beynəlxalq ictimaiyyətdə narazılıq yaradıb.

Lakin bunlar məsələnin bir tərəfidir. Belə ki, narazılıq təkcə bununla bağlı deyil, o cümlədən də Ermənistanın ikili oyunları ilə bağlıdır. Paşinyanın hər dəfə və cidd-cəhdlə ATƏT-in Minsk Qrupunun bərpasının vacibliyi ilə bağlı verdiyi bəyanatlar, eləcə də danışıqlar prosesində Rusiya vasitəçiliyindən daha çox Avropa və ABŞ-a meyl göstərməsi Rusiyaya bağlı qüvvələri də hərəkətə gətirib. Yəni başqa sözlə desək, hazırda Ermənistanda həm anti-Rusiya ovqatlı, həm də anti-Qərb ovqatlı qüvvələr hərəkətə gətirilib.

Bu da təbiidir. Çünki sualda da adını çəkdiyiniz dövlətlərin, həm ABŞ-ın, həm də Fransa başda olmaqla, ayrı-ayrı Avropa dövlətlərinin, həm Rusiyanın və həm də İranın istər Ermənistanda, istərsə də ümumilikdə Cənubi Qafqaz regionunda öz maraqları var. Odur ki, indiki revanşist mövqe faktiki olaraq Rusiyaya bağlı qüvvələr tərəfindən nümayiş etdirilsə də, Ermənistandakı gərginlikdən istifadə etmək niyyətində olan digər dövlətlərin də hərəkətə keçməsi an məsələsidir".

Ekspert revanşistlərin indiki halda nəyəsə nail olacağını düşünmür: “Son seçkilər ermənilərin döyüşmək istəmədiyini və erməni xalqının məğlubiyyətlə barışdığını ortaya qoyub. Lakin bu heç də o demək deyil, Paşinyan ona verilmiş bu şansı uzun müddət ərzində qoruyub saxlaya biləcək. Əgər ikili oyun oynamaqda davam edərək, gah qərbyönümlü mövqe sərgiləməyə, gah da Rusiyaya dəstək addımları atmağa davam edəcəksə, başı çox ağrıyacaq ki, bu da həm onun özü, həm də hakimiyyəti üçün yaxşı heç nə vəd etmir. Çünki nə davamlı olaraq Rusiyaya yarınmaqla onun separatçı rejimə dəstək verməsinə, nə də Qərbə yarınmaqla maliyyə dəstəyi almağa nail olmaq mümkün deyil.

Odur ki, Ermənistan hakimiyyəti 30 ildə münaqişənin nizamlanması prosesində uğursuzluğa düçar olmuş beynəlxalq vasitəçiləri, regiondan kənarda olan ölkələri vasitəçi kimi cəlb etməyə səy göstərməkdənsə, Rusiyanın işğalçı siyasətinə dəstək verib ondan Azərbaycana qarşı istifadə etməyi düşünməkdənsə, Azərbaycanın önə sürdüyü təkliflər paketi əsasında ikitərəfli danışıqlara başlasa, daha yaxşı olar. Çünki Ermənistanın düşdüyü çətin durumdan tək çıxış yolu Azərbaycanla sülhdən keçir. Bunun üçün isə Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yubanmadan həyata keçirməsi və Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq sülh sazişi bağlaması lazımdır".

f0135bf1-2abd-4117-9574-a0b50abb.jpg (137 KB)

Şəhla Cəlilzadə

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadənin bu yöndəki bəzi araşdırmaları da maraq doğurur: “Azərbaycan Qarabağ münaqişəsinin həllindən məsul olan ATƏT-in Minsk Qrupunun 30 ildəki fəaliyyətsizliyini lazımınca qiymətləndirərək, artıq onun çərçivəsində danışıqlara getmir. Bildiyimiz kimi, Minsk Qrupunun 3 həmsədr ölkəsi (Rusiya, ABŞ və Fransa) var ki, bunlardan Rusiya ilə Azərbaycan ikitərəfli münasibətlərini 22 fevral 2022-ci ildə imzaladığı ”tərəfdaşlıq sazişi" ilə tənzimləyib. Həmçinin 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra gündəmə gələn “3+3" formatı ilə bölgədəki hadisələrin regional münasibətlər çərçivəsində həll ediləcəyi, ABŞ-ın regiondakı aktiv iştirakının dondurulduğu bəlli olub. Erməniyönümlü Fransa ilə isə müzakirələr faydasız olduğu üçün danışıqların yeni tərəfi, yaxud təşkilatçısı olaraq Avropa İttifaqı seçilib. Belə ki, ”dünya 5-dən böyük olduğu" kimi Avropa İttifaqı da Minskdən (Fransadan) böyükdür". Avropa İttifaqı çərçivəsində Azərbaycanın Ermənistanla danışıqlarının ilk raundu 2021-ci ilin dekabrında baş tutub. 6 aprel tarixində isə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti danışıqlar Brüsseldə, ittifaqın prezidenti Şarl Mişelin təşkilatçılığı ilə keçiriləcək. Lakin Avropa (o cümlədən Aİ) daxilində güclü erməni lobbisinin fəaliyyətdə olduğu və mütəmadi olaraq ermənipərəst bəyanatların səsləndirildiyi heç kəsə sirr deyil. Məsələn, 1 apreldə Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası əlaqələr Komitəsinin rəhbəri Cavanşir Feyziyevin Avropa Parlamentinin Cənubi Qafqaz məsələləri üzrə deputatı Marina Kaljurandla videogörüşündə xanımın səsləndirdiyi fikirlər - guya Azərbaycanın Qarabağda mart ayında 9 noyabr 2020-ci il atəşkəsini pozmasına dair dediyi sözlər, 24 martda rus sülhməramlılarının nəzarətində olan Fərrux və Pirlər kəndinə Azərbaycan bayrağının sancılması fonunda Azərbaycan Ordusunun geri çəkilməsinə dair səsləndirdiyi tələblər heç də birmənalı qarşılanmamalıdır. Bu, əslində Qarabağdakı erməni “xunta”nın Avropadakı hamilərinin səsləridir. Təsadüfi deyil ki, məhz bu hamilərlə görüşlərdə ermənilər Qarabağın statusuna dair “nakam” arzularını da dilə gətirə bilirlər. Məsələn, 23 martda Ermənistan parlamentinin vitse-spikeri İşxan Sağatelyanın ölkələrindəki fransız səfiri ilə görüşdə açıq şəkildə “”Artsax" (Qarabağın dağlıq hissəsi) heç vaxt Azərbaycanın bir parçası ola bilməz" fikrini səsləndirməsi əslində qarşı tərəfin də bu fikri eşitməyə razı olduğunu ifadə edir".

Siyasi şərhçi bir incə məqama da toxundu: “Təsadüfi deyil ki, 6 apreldə baş tutacaq Əliyev-Paşinyan görüşündən 1 gün öncə (5 aprel 2022) İrəvanda bütün Ermənistan vətəndaşlarını Azadlıq meydanında aksiyaya çağıran da məhz Sağatelyandır. O, çağırışında belə deyir: ”Mən sizi küçəyə çıxmağa çağırıram ki, "Artsax"ı necə əlimizdə saxlaya və Ermənistanı necə qoruya biləcəyimizi müzakirə edək". Göründüyü kimi, Ermənistanın ən üst dairələrində yer alan şəxslərin Qərbdən dəstəklənməsi və Qarabağla bağlı iddiaları kəsilmir. Lakin ümidverici məqam ondan ibarətdir ki, onlar imza atan tərəfdə deyillər. İmza sahibi Paşinyan və onun cəbhəsidir. Bu cəbhədə son 1 ayda səslənən fikirlər isə daha konstruktivdir. Məsələn, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın “Dağlıq Qarabağ münaqişəsi Ermənistan üçün ərazi münaqişəsi deyil, orada yaşayan ermənilərin haqları məsələsidir” deməsi, Paşinyanın müraciətində Qarabağın BMT tərəfindən Azərbaycanın bir parçası olaraq tanındığı və Azərbaycanın keçmiş vətəndaşlarının (Qarabağdakı erməniləri nəzərdə tutur) qorunmasının vacib olduğunu vurğulaması Ermənistanın rəsmi ritorikasının yumşalması anlamına gəlir. Məhz buna görə 6 apreldə Paşinyanın Azərbaycanın maraqlarına cavab verən hər hansı sənədə qol çəkəcəyindən narahat olan Ermənistan müxalifəti qarşıdakı görüşü əngəlləməyə, mümkün nəticələrinə etiraz etməyə çalışır. Onlar həm də regional vəziyyəti anlayır və Rusiyanın rəsmi mövqeyinin Ermənistanın qərbyönümlü dairələrinin mövqeyi ilə üst-üstə düşmədiyinə görə ermənilərin uduzduqlarının da fərqindədirlər. Eyni zamanda bu dairələr Rusiyanın imperial iştahının Ermənistanı da Belarus nümunəsində Rusiya ilə ittifaq dövlətinə çevirəcək dərəcədə qabarmasından narahatdırlar. 2022-ci ilin mart ayında yaşanan hadisələri də məhz Rusiya-Ukrayna cəbhəsində yaşananlar fonunda dəyərləndirən bu dairələr hər vəchlə Ermənistanı kapitulyasiyadan qurtarmağa çalışırlar. Lakin bu “mübarizədə” onlara dəstək verən Avropanın, Amerikanın və hətta Rusiyanın tərkibindəki müəyyən qüvvələrin istəklərinə nail olmaları artıq mümkün deyil. “3+3" formatında Azərbaycanın Türkiyə, Rusiya və İranla müttəfiqlik sənədləri onun Cənubi Qafqazın lideri statusunu daşıdığını sübut etməkdədir. Odur ki, erməni və ermənipərəst dairələrin mövqeyindən asılı olmayaraq, regional hadisələrin öz axarında gedəcəyi və Azərbaycanın ərazi bütövlüyünün tanınması sənədinə Ermənistanın da qol çəkəcəyi günün tezliklə gələcəyini düşünürəm”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR