İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyadan miqrantlara qırmızı işıq - Avropa qaçqınlardan imtina edir...

Hüquqşünas: “Qoca qitə miqrant böhranı ilə üz-üzədir”

Böyük Britaniya parlamenti “Qeyri-leqal miqrasiya haqqında” qanun layihəsini qəbul edib. Bu qanun hakimiyyət orqanlarına Birləşmiş Krallığa qanunsuz yolla daxil olan və sığınacaq üçün müraciət edən mühacirləri ölkədən çıxarmağa imkan verəcək. Aprel ayında İcmalar Palatasında təsdiqlənən qanun layihəsi iyulun 18-də Lordlar Palatasının da dəstəyini qazanıb.

Kral III Çarlz layihəni imzaladıqdan sonra qanun qüvvəyə minəcək. Hər il artan qanunsuz miqrasiya problemini həll etmək məqsədi daşıyan qanun layihəsi hökumət tərəfindən 2023-cü ilin martında təqdim edilib. Qanun qüvvəyə minəcəyi təqdirdə Böyük Britaniya Daxili İşlər Nazirliyinə qeyri-leqal mühacirləri həbs etmək, sığınacaq üçün müraciətlərinə baxmamaq və üçüncü ölkələrə deportasiya etmək hüququ verəcək. Qanun layihəsi BMT-nin sərt tənqidinə tuş gəlib. İnsan Hüquqları və Qaçqınların İşi üzrə ali komissarlıqların birgə bəyanatında Londonun qanunvericilik təşəbbüsü “Birləşmiş Krallığın beynəlxalq insan haqları və qaçqınların hüquqları üzrə öhdəliyini pozması” kimi dəyərləndirilib.

Qeyd edək ki, hakim Mühafizəkarlar Partiyasının qeyri-leqal miqrasiya ilə mübarizə barədə vədlərinə baxmayaraq, son beş ildə La-Manş boğazını keçərək ölkəyə daxil olan mühacirlərin sayı durmadan artır. Daxili İşlər Nazirliyinin məlumatına görə, 2018-ci ildə ölkəyə dəniz yolu ilə 299 qanunsuz daxilolma faktı qeydə alınmışdısa, 2019-cu ildə 1,8 min, 2020-ci ildə 8,4 min, 2021-ci ildə 28,5 min, 2022-ci ildə isə 45,7 min nəfər bu yoldan istifadə edib. Rəsmi statistikaya əsasən, qeyri-leqal mühacirlərin saxlanılması britaniyalı vergiödəyicilərinə gündə 6 milyon funt-sterlinqə başa gəlir.

Artıq BMT-nin İnsan Haqları üzrə Ofisi və BMT-nin Qaçqınlar üzrə Agentliyi bu qanunla bağlı bəyanat da verib. Sənəddə deyilir ki, “Britaniya parlamenti tərəfindən qəbul edilmiş qeyri-leqal miqrasiya qanunu ölkənin beynəlxalq insan hüquqları və qaçqın hüququna dair öhdəlikləri ilə ziddiyyət təşkil edir. Bu, beynəlxalq müdafiəyə ehtiyacı olan insanlar üçün ağır nəticələrə səbəb olacaq. Qanun təqiblərlə üzləşən kəsin Böyük Britaniyaya sığınacaq almaq hüququnu ləğv edir. Bu, onların vəziyyətlərinin nə qədər məcburedici olmasından asılı olmayaraq, qaçqınların müdafiəsi və ya digər insan hüquqları iddialarını təqdim etmələrini qadağan edir. Bundan əlavə, bu, onların başqa ölkəyə göndərilməsini tələb edir və orada onların mütləq müdafiəyə çıxış əldə edə biləcəklərinə heç bir zəmanət verilmir. Böyük Britaniya onilliklər ərzində öz beynəlxalq öhdəliklərinə uyğun olaraq ehtiyacı olanlara sığınacaq verib - bu ənənə ilə haqlı olaraq fəxr edir. Yeni qanunvericilik çoxlarını qoruyan, qaçqınları beynəlxalq hüququ pozaraq ciddi risklərə məruz qoyan hüquqi çərçivəni əhəmiyyətli dərəcədə aşındırır”.

Qanun layihəsi təqib riski altında olub-olmamasından, insan hüquqlarının pozulmasından və ya insan alverindən qurtulmuş olub-olmamasından asılı olmayaraq, Böyük Britaniyada müdafiə olunmaq imkanını rədd edir.

BMT-nin İnsan Haqları üzrə Ali Komissar Volker Turk isə bildirib ki, bu şərtlər altında geri göndərilmə, kütləvi deportasiya ailə və şəxsi həyatla bağlı haqlara ziddir. “Qanunvericilik Böyük Britaniyaya qeyri-müntəzəm gələn insanların onsuz da həssas vəziyyətini ağırlaşdıracaq, onların insan hüquqlarından istifadəni kəskin şəkildə məhdudlaşdıracaq və onları həbs və yoxsulluq riski ilə üz-üzə qoyacaq. Nəticədə onların sağlamlıq, adekvat həyat səviyyəsi və işləmək hüquqları sui-istifadə riskinə, istismara məruz qalacaq”, - BMT institutlarının birgə bəyanatında vurğulanıb.

Avropa coğrafiyasında miqrantlarla bağlı qaydalar əksər ölkələrdə sərtləşdirilir. Almaniya da neçə illərdir bu yöndə sərt siyasət aparır və xeyli mühaciri, o cümlədən azərbaycanlıları ölkəsindən deportasiya edib. Avropa miqrantları niyə qovur? Səbəb nədir?

Kibercinayətkarlar reket dəstələrinə çevrilir - Bakıdakı olayın izi ilə...

Natiq Ələsgərov

“Bakı Hüquq Şirkəti”nin rəhbəri Natiq Ələsgərov mövzu ilə bağlı  “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, istənilən halda miqrantların geri qaytarılması çox problemli bir məsələdir: “Bu gün Avropa yaxın tarixinin ən böyük humanitar fəlakəti olan miqrant böhranı ilə üz-üzədir. Şimali Afrika, Yaxın və Orta Şərqdən qaçqın və məcburi köçkünlərin böyük bir kütləsi müharibələrdən, aclıqdan, səfalətdən xilas olmaq üçün Avropaya üz tutub. Qeyri-leqal miqrant axınının kəskin artdığı Avropada hazırda yaranmış vəziyyət BMT tərəfindən İkinci Dünya müharibəsindən bəri dünyada ən böyük qaçqın böhranı hesab olunur. Çünki qitəyə üz tutanların əksəriyyəti hazırda münaqişələrin, daxili müharibələrin, terrorizmin, xaosun hökm sürdüyü ölkələrdə yaşayış şəraitinin, humanitar vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar evlərini tərk etmək məcburiyyətində qalanlardır.  BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının açıqlamasına görə, təkcə 2015-ci ildə Aralıq dənizini 300 min nəfərə yaxın miqrant keçib. 2016-cı ildə isə Aralıq dənizi vasitəsilə Avropaya 357 min nəfərdən çox miqrant gəlib. Sadəcə, bu iki il ərzində qeyri-leqal miqrasiyanı ifadə edən rəqəmlər hazırda problemin nə qədər dərin olduğunu anlamağa imkan verir. Miqrasiya axınının genişlənməsi bu prosesin bu qədər dramatik hal almasında bir formada iştirak edən Avropanın özündə də yeni problemlərin artmasına rəvac verib. İlk növbədə miqrasiya iqtisadi həyata təsir edərək qlobal iqtisadiyyatın yaranmasını, transmilli korporasiya və beynəlxalq əmək bazarının formalaşmasını şərtləndirir. İnformasiya məkanına təsir edərək müvafiq qlobal sosial, eləcə də cinayətkar şəbəkələrin formalaşmasına səbəb olur.  Qlobal miqrasiya prosesləri dövlətin həyatında milli-siyasi münasibətlərin mahiyyətinə də təsir göstərir. Son zamanlar bir sıra dövlətlərdə milli, irqi zəmində diskriminasiyanın şiddətlənməsi bunun bariz sübutudur. Bununla belə, miqrantların bir ölkədən qaytarılması da yaxşı hal deyil. Bütün parametrləri ilə, hansı prizmadan yanaşsaq pis haldır. Böyük Britaniyaya pənah gətirən insanların geri qaytarılması daha böyük böhran yarada, insan faciələri ilə sonunclana bilər. İnsanlar qaçdıqları ölkələrə qaytarılmaqla repressiyalara, işgəncələrə, qeyri-insani rəftara məruz qala bilərlər. Bu da yolverilməzdir”.

Hüquqşünas deyib ki, öz ev-eşiyini yaşam şərtləri və digər təhdidlərə görə tərk edən insanlara pənah apardıqları dövlətlər yardım etməsə, insanlar ciddi yaşam problemləri ilə üz-üzə qalmalı olacaqlar: “Bu insanların problemləri kifayət qədər böyük olacaq. Yəqin ki, gedişatın özündə müəyyən səhvlər olub. Miqrantlar getdikləri ölkənin miqrant qəbulu qaydalarına riayət etmirlər, onu öncədən öyrənmirlər və bilmirlər. Amma bu, həmin insanların geri qaytarılması üçün əsas ola bilməz. Əks halda, insanlar ciddi yaşam problemləri ilə üz-üzə qalmalı olacaqlar”.

Hüquqşünas bildirib ki, Avropada miqrant məsələlərinin həllinə dair bir sıra sənədlər qəbul olunub: “Əhalinin miqrasiyasının müxtəlif aspektləri müntəzəm olaraq beynəlxalq konfranslarda, görüşlərdə, həmçinin AŞ PA-nın təşkilatçılığı ilə müxtəlif dövlətlərdə miqrasiya probleminə həsr olunmuş iclaslar keçirilir. Problemdən çıxış yolu kimi yenə də keçmiş təcrübələrə istinad etmək ehtiyacı yaranır. Əgər zamanında Avropanı yaradan torpaqlar və dənizlər vasitəsilə fərdlərin və xalqların daimi hərəkəti olmasaydı, bu gün köhnə qitədə həyat çox fərqli olardı. Avropa dəyərlərinin formalaşmasında, müxtəlif mədəniyyətlərin, inanc və ənənələrin yaranmasında və mühafizəsində miqrantların və ya onların övladları olan alimlərin, siyasətçilərin, tanınmış mütəfəkkirlərin xidmətləri danılmazdır. Ona görə də multikulturalizm dəyərlərini, mədəniyyətlər arasında dialoq və xoşgörünü qorumaq bu gün həyati əhəmiyyət kəsb edən məsələdir. Böyük Britaniya bu addımı atmaqla bütün Avropada miqrantlara qarşı münasibəti mənfi istiqamətə yönəldəcək. Bu isə ümumilikdə dünyaya yaxşı nəsə vəd etmir”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR