Onlayn ictimai-siyasi qəzet
Mədəniyyət Nazirliyi Rusiyanın Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirlərini, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edib.
23–26 iyul tarixlərində baş tutacaq beynəlxalq musiqi festivalı “DREAM FEST 2025”in proqramında da dəyişikliklər edilib.
Xalq artisti Emin Ağalarov instaqram hesabında məlumat yayaraq bildirib ki, Azərbaycan Mədəniyyət Nazirliyinin 29 iyun tarixli müraciətindən sonra tədbirin proqramında bəzi günlər üzrə düzəlişlər edilib. Xüsusilə festivalın 1-ci və 3-cü günləri üçün heyət dəyişməz qalacaq, 2-ci və 4-cü günlərdə isə yeni ifaçılar təqdim olunacaq.
Emin Ağalarov qeyd edib ki, yenilənmiş ulduz siyahısı yaxın günlərdə elan olunacaq. Dünyanın müxtəlif ölkələrindən məşhur sənətçilərin iştirakı nəzərdə tutulur.
Bəs Rusiyada layihələrdə yer alan məşhurlarımızın aqibəti necə olacaq? Onlar da Rusiyadakı layihələrdən uzaqlaşdırılıb?
“Azerbaijan Actors Agency”nin təsisçisi və rəhbəri Səbuhi Məmmədov Musavat.com-a açıqlamasında bildirib ki, hazırda Rusiyada layihədə yer alan aktyorumuz yoxdur:
“Hazırda agentliyin Rusiyada çəkilən heç bir aktyoru yoxdur. Bu məsələlərin agentliyin fəaliyyətinə təsir edəcəyini düşünmürəm. Gələcəkdə sifariş olarsa, bizə də uyğun hesab etdiyimiz, dövlət siyasətindən tutmuş, rola və maliyyə məsələlərinə uyğun olarsa, bizi qane edərsə, bizim aktyorlar çəkiləcək. Bu məsələlərin gələcəkdə də fəaliyyətimizə təsir göstərəcəyini sanmıram. Çünki bizim agentlik və aktyorlarımız əsasən Azərbaycanda fəaliyyət göstərir. Təkcə Rusiya ilə deyil, Qazaxıstan, Özbəkistan, Türkiyə ilə əməkdaşlıq edirik.
Bu yaxınlarda aktyor Sənan Ellez Özbəkistanda layihədə rol aldı. Baş rolda çəkilirdi, artıq Azərbaycandadır. Yaxın gələcəkdə Rusiya ilə layihə nəzərdə tutulmayıb. Təklif gələrsə, bizə uyğun şərtlərlə layihə haqqında düşünərik”.
Könül
Musavat.com
03 Iyul 2025
02 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ