İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda limon böhranı – İLGİNC SƏBƏB üzə çıxdı - FOTOLAR

Azərbaycanda limonun qiyməti “əl yandırır”. Hər il 5-i 1 manata satılan limonun qiyməti bu gün “ceyran belindədir”. 1 limon 1 manat 10 qəpiyədir.

Nə baş verir? Azərbaycanda limon böhranının səbəbi nədir?

Musavat.com-un əməkdaşı bu məsələni araşdırıb.

Belə aydın olur ki, bahalaşmaya baxmayaraq, bazarlarda yerli limon demək olar ki, yox dərəcəsindədir.

Xalq arasında “Vosmoy” kimi tanınan 8-ci kilometr bazarında “Astara limonu” adı ilə satılan meyvələrin əksəriyyəti əslində Afrikadan idxal olunurmuş. Satıcılar bunu xəlvətdə olsa da, dilə gətirirlər. Deyirlər ki, hazırda satışda olan limonların heç biri Astara, Lənkaran məhsulu deyil.

Bəs bazarda satılan məhsullar haradandır?

Satıcıların dediyinə görə, limonlar əsasən Afrika ölkələrindən və Türkiyədən idxal olunur. Afrikadan gələn limonlar parlaq, açıq yaşıl və ya sarı rəngdə olur. Onların 1 ədədinin qiyməti ölçüsünə görə 70 qəpik-1 manat 20 qəpik arasında dəyişir.

Türkiyədən idxal olunan limonlar isə yumru formalı, tünd sarı rəngli və nazik qabıqlı olur. Bu limonların qiyməti 50-80 qəpik civarındadır.

Uzun piştaxtalarda cəmi bir-iki cərgəni dolduracaq qədər olan yerli limonların qiyməti isə 1 manat 70 qəpikdən başlayır, 3 manata satılanları da var.

Həmsöhbətimiz olan qadın Lənkərandandır. Deyir ki, hazırda yerli məhsul satmır. Əksinə, Bakıda satılan Afrika, Türkiyədən gəlmə limonları Lənkəran bazarına apararaq orada satır. Satıcı özü də yaranmış absurd duruma gülür. Əlavə edir ki, Lənkəran limonu ilə tanınsa da, hazırda Lənkəran bazarlarında Afrika limonları satılır.

Məsələyə dair maraqlı bir məqam da odur ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Subsidiya Şurası 2024-cü il üçün açıqladığı subsidiya əmsallarında limon və kinkan bağlarının salınmasına görə hektarına 11 min 600 manat subsidiya ayrıldığını qeyd edir.

Məsələ ilə bağlı “Qarabağ Toxum” MMC-nin rəhbəri, kənd təsərrüfatı üzrə ekspert Rəcəb Orucov Musavat.com-a açıqlama verib.

RECEB.jpeg (352 KB)

O bildirib ki, bu il təkcə Azərbaycanda deyil, Türkiyə və Avropanın bir sıra ölkələrində də limonun çiçəkləmə dövründə hava şəraiti əlverişsiz keçib. Bu səbəbdən limonun ümumi istehsalında azalma baş verib və bazar qiymətləri kəskin artıb.

Rəcəb Orucovun sözlərinə görə, son illərdə cənub bölgəsində sitrus meyvələri üçün dövlətin xüsusi təşviqi ilə əkinlər genişlənib:

“Lakin bu bağlar hələ gənc olduğundan onların məhsuldarlığı azdır və yerli bazarın tələbatını qarşılamaq üçün kifayət etmir. Sitrus meyvələri spesifik bitkilərdir. Onların uğurlu becərilməsi üçün torpaq-iqlim şəraiti, torpağın aqrokimyəvi xüsusiyyətləri və düzgün aqrotexniki tədbirlər çox vacibdir. Hava şəraitindəki dəyişikliklər bitkinin inkişafına və yüksək məhsul verməsinə mənfi təsir göstərir.

Son zamanlarda isə sitrus bağlarında fitopatoloji durum gərginləşib, karantin ziyanvericilərinin yayılması əlavə problem yaradıb”.

Onun fikrincə, sitrus bağlarının becərilmə zonası da məhduddur, bu isə limon istehsalını geniş miqyasda artırmağa əngəl yaradır:

“Bu sahədə uğur qazanmaq üçün davamlı maarifləndirmə, bazar tənzimləmə mexanizmləri və fermerlərə düzgün yönəldilmiş dəstək siyasəti lazımdır”.

Mənzər Novruzlu,
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2025

02 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR