İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir donorun verdiyi qan neçə insanın həyatını xilas edə bilər?

“Hər bir donordan alınmış qan ən az 3 xəstə insanın həyatını xilas edir”.

Musavat.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda Səhiyyə Nazirliyi Respublika Qan Bankının həkim-terapevti Günel Əliyeva deyib.

O qeyd edib ki, tam qandan 3 müxtəlif qan komponenti - eritrosit kütləsi, trombosit kütləsi və təzə dondurulmuş plazma separasiya olur. Bu da üç müxtəlif xəstəlikdən əziyyət çəkən xəstələrin həyat mənbəyidir:

“Məsələn, eritrosit kütləsi talassemiya, ağır anemiya və qanaxmalar, travma və digər hadisələr zamanı istifadə olunur. Eyni zamanda, plazma hemofiliya və müxtəlif yanıqlarda, trombosit kütləsi isə leykoz, onkoloji və trombositopenik purpuranın müalicəsində geniş istifadə olunur”.

Donorluğun insan orqanizmi üçün faydalarından danışarkən, həkim bildirib ki, daimi donorlarda qan hüceyrələri yenilənir, immun sistemi modulyasiya olur, qan təzyiqi, şəkər, xolesterin, qan laxtalanmasına təsir edən faktorlar normal göstəricilərdə olur və bu, sağlamlığın vizit kartıdır:

“Ümumdünya Səhiyyə Təşkilatının son araşdırmalarına görə, kişilərdə qəfləti ölüm, tromboemboliya, infarkt, insult riskinə fizioloji cəhətdən rastgəlmə tezliyi qadınlara nisbətən daha çox olduğu üçün 40 yaşından sonrakı qan donasiyalari sağlamlığın “Qızıl Standartı” hesab olunur. Qan verə bilən hər bir vətəndaş bunu bilməlidir ki, qan verdikdən sonra bədəndəki qan hüceyrələri yenilənir, bir çox müsbət dəyişikliklər baş verir. Bunun sayəsində insan orqanizmi daha sağlam və gümrah olur”.

G.Əliyeva onu da qeyd edib ki, bir vahid qan verməklə donor tibbi yoxlanışdan keçir, HB səviyyəsi, qan qrupu, rezus faktor, HİV, sifilis, Hepatit B, C yoxlanılır:

“İnfeksiyalara görə təhlükəsizlik NAT (Nucleic Acid Testing) texnologiyası ilə yoxlanılır. Bu, yoluxucu xəstəlikləri, xüsusilə virusları erkən dövrlərində aşkar edən üsuldur. Hazırda Səhiyyənin Nazirliyi Respublika Qan Bankında bu metoddan istifadə olunur. Bu metodla biz virusun “erkən pəncərə” deyilən dövründə RNT-ni aşkar etməyə, hətta miqdarını belə təyin etməyə nail oluruq. Beləliklə, resipientin təhlükəsizliyinin qorunmasına xidmət edirik”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2025

02 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR