İnsanlara hürriyət, millətlərə istiqlal!

Bölgə turizmi - qiymət yuxarı, xidmət aşağı...

Turistik ölkə olan Azərbaycanın 7 rayonunda mehmanxana yoxdur, yollarda təmir gedir və...

Yay mövsümü başa çatmaq üzrədir. Bölgələrdə istirahət edən şəhər sakinləri yavaş-yavaş geri dönməyə başlayır. Bəs bu mövsümdə daxili turizmdə hansı yeniliklər oldu, nələr dəyişdi?

Xatırladaq ki, Azərbaycanda 3 ildən artıqdır ki, qonşu ölkələrlə quru sərhədlər bağlıdır. Səbəb kimi COVİD 19 pandemiyası göstərilir. Rəsmilərin fikrincə, quru sərhədlərin bağlanması ölkədə daxili turizmin inkişafına müsbət təsir göstərir. Bununla belə, bəzi mütəxəssislər qeyd edir ki, quru sərhədlər bağlı qalsa da, bölgələrdə hotel çarpayılarının böyük əksəriyyəti boş qalıb. Səbəb isə müxtəlifdir - qiymət bahalığı, xidmət səviyyəsinin hələ də aşağı olması və sairə. Üstəlik, sərhədlər bağlı olduğundan quru yolla gələn turistlər də yoxdur.

Bir müddət əvvəl Milli Məclisin deputatı Vüqar Bayramov da qeyd etmişdi ki, hələ də Azərbaycana gələn turistlərin böyük əksəriyyəti yalnız Bakıda qalmağa üstünlük verir. Bölgələr xarici turist cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar: “Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu normal qarşılana bilsə də, regional gecələmə sayında fərqin böyük olması diqqətdən kənarda qalmamalıdır. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və bu da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır”.

Bu arada Dövlət Statistika Komitəsi də məlumat yayaraq bildirib ki, ölkə mehmanxanalarında gecələmələrin 61,1 faizi Bakının payına düşür. Regionlar arasında ən yaxşı göstəricilər Qusarda - 5 faiz, Qubada - 4,8 faiz, Qəbələdə - 4,4 faizdir. Həmçinin DSK-nın məlumatına görə xarici turistlərin 84,2 faizi Bakı otellərində gecələyib.

“Turistik ölkə olan Azərbaycanın 7 rayonunda mehmanxana yoxdur”. Bu barədə iqtisadçı Samir Əliyev deyib. Onun sözlərinə görə Azərbaycanda mehmanxanalar ölkə üzrə qeyri-bərabər paylanıb: “Ölkədə fəaliyyət göstərən mehmanxanaların 35%-i Bakıda yerləşir. Yerdə qalanlar əsasən şimal, şimal-qərb və cənubda təmərküzləşib. Hətta 7 rayon var ki, orda ümumiyyətlə mehmanxana və mehmanxana tipli obyekt yoxdur. Bakının elə rayonu var ki, oradakı otellərin sayı ölkənin iri şəhərləri olan Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəranda olan otellərin cəmi sayından çoxdur. Respublikada ümumilikdə 757 mehmanxana və mehmanxana tipli obyekt var.  Ağdam, Hacıqabul, Neftçala, Qobustan, Samux, Siyəzən və Ucar rayonlarında ümumiyyətlə mehmanxana fəaliyyət göstərmir”.

Millət vəkili Vahid Əhmədov müsahibəsinə görə "cəzalandırıldı" - BBC News  Azərbaycanca

Vahid Əhmədov

Bölgələrdə daxili turizmin vəziyyətinin daha real öyrənmək üçün bir neçə tanınmışın mövqeyini öyrənməyə çalışdıq. Əslən Qubadan olan millət vəkili Vahid Əhmədov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Quba-Xaçmaz turizm zonasıdır. Mən də mütəmadi olaraq bu zonada oluram. Qeyd edim ki, əvvəllər Bakı-Quba yolu ilə bağlı problemlər var idi, indi isə Prezident İlham Əliyevin göstərişi ilə bu yol yüksək səviyyədə təmir olunub. Həmçinin Qubanın kənd yolları da asfaltlanıb, yalnız iki istiqamət qalıb. Ona görə də son vaxtlar əhalinin turist kimi Quba-Xaçmaz zonasına marağı artıb. Tək yerli deyil,  kifayət qədər xarici turistlər də bu zonada olur. Məlum olduğu kimi, 1918-ci ildə erməni-bolşevik dəstələrinin Qubada törətdikləri soyqırım ilə bağlı Soyqırım Memorial Kompleksi tikilib. Gələn turistlər bu kompleksi də ziyarət edirlər. Həmçinin Qubada dağ yəhudilərinin məskunlaşdığı ”Qırmızı qəsəbə" var ki, turistlərin bu məkana da marağı həddən artıq böyükdür. Yəni Qubaya kifayət qədər maraq artdığından, ora gedən turistlərin də sayında artım var. Əvvəllər xidmət sahəsində də kifayət qədər problemlər var idi. Lakin son vaxtlar Qubada xeyli sayda yeni məişət obyektləri, hotel və restoranlar açıldı və  xidmət səviyyəsinin yüksəlməsi üçün müəyyən işlər görüldü və müsbət mənada dəyişiklik hiss olunmaqdadır. Əlbəttə ki, qiymət problemi var və bu özünü sanatoriyalarda, hotel və restoranlarda göstərir. Bununla əlaqədar  müəyyən müraciətlərimiz olub, bəzi obyekt rəhbərləri ilə danışıqlar aparılır, amma qiymət artımı yenə də var.  Ümumiyyətlə,  hazırda bütün dünyada qiymət artımı var. Məhsul ixrac etdiyimiz ölkələrdə müəyyən qədər inflyasiya, qiymət artımı var ki, bu da təbii ki, ölkədə qiymətlərə öz təsirini göstərir. Yəni, müəyyən qədər süni qiymət artımı ola bilər, amma əsasən ölkədə gedən qiymət artımı ilə əlaqədardır".

Fazil Mustafa güllələndi — Yenilənib

Fazil Mustafa

Daha bir deputat Fazil Mustafa işlərinə görə bu yay bölgələrdə ola bilməyib. Yalnız ötən ay Naxçıvanda olub: “Amma aldığım informasiyalar onu göstərir ki, qiymətlər əlverişli deyil. Buna görə obyektləri qınamaq da olmur. Çünki yol infrastrukturunda bəzən təmir olanda bu turizmə müəyyən qədər təsir edir. Məsələn, yolda təmir aparıldığına görə bu il Qəbələ turizmi xeyli zəiflədi. Amma yol da  təmir olunmalıdır və yol təmir olunanda turizm daha da inkişaf edəcək. Quba yolu açıq olduğundan bu il ora daha çox turist axını oldu.  O ki qaldı xidmət səviyyəsinə, əlbəttə ki, aşağıdır. Bu belə də olmalıdır, çünki  peşəkar xidmət sferasını düzəltmək çox çətindir. Bunu Azərbaycan turisti ilə düzəltmək olmur. Yalnız inkişaf etmiş xarici ölkələrdən gələn turistlərin tələbatına uyğun kontingent yetişir. Məsələn, Türkiyədə belə olmuşdu. Belə ki, hazırlıqsız, savadsız,  iaşə sektorunu bilməyən çox sayda insan işə götürüldü, lakin sonradan onlar xidmət təcrübəsi əldə etdilər və bu gün turizmdə ən yaxşı xidmət sferası Türkiyə sayılır. Bu bir mədəniyyət məsələsidir. Mədəniyyət  mütləq ünsiyyətdə ortaya çıxır. Yəni daha çox inkişaf etmiş ölkələrdən turist gəlməlidir ki, onların tələbinə uyğun sistem qurulsun.  Yoxsa ki, daxili tələbata uyğun iş quranda onu inkişaf etdirmək olmur”.

Azərbaycan Qafqazda təklənib” - Novella Cəfəroğlu

 Novella Cəfəroğlu

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da bölgələrdə daxili turizmdə yeniliklər, dəyişikliklər olduğunu bildirdi: “Bu yay mövsümündə Şamaxı və Masallıda oldum. Deyə bilərəm ki, ötən illərlə müqayisədə xidmət də, təklif olunan yeməklər və sairə yüksək səviyyədədir.  Sosial vəziyyəti orta olan insanlar istədikləri kimi istirahət edə bilirlər. Bölgələrdə turizmin inkişafı həm də həmin bölgələrdə yaşayan insanların yaşayış şəraitinin yaxşılaşması deməkdir. Məsələn, əgər bölgədə xeyli sayda otel varsa və otellər turistlərlə doludursa, bu o deməkdir ki, nə qədər insan işlə təmin olunur. Amma təbii ki, qiymətlər sosial təminatı aşağı olan insanlar üçün çox bahadır. Elə ailələr var ki, bütün yay boyu hansısa bölgəyə gedib, istirahət edə bilmir, çünki hotel, xidmət bahadır. Bununla belə bu qiymətlər xarici turistlər üçün xeyli ucuzdur. Belə ki, İsraildən qonaqlarım olmuşdu, deyirdilər ki, turistik zonalarımız onların çox xoşuna gəlir, həm də xarici valyutaya nəzərən buradakı qiymətlər onlar üçün bahalı deyil.  Əlbəttə ki, Azərbaycanın çox gözəl turist zonaları var. Biri elə Naxçıvan. Hesab edirəm ki, yolları açıb, Naxçıvanı turizm mərkəzinə çevirmək olar. Bir tək ”Batabat gölü" və onun ətrafı ən çox ziyarət olunan bölgələr sırasındadır.

Və yaxud Gəncənin Göygölü. Elə turistik şərait yaratmaq olar ki, hər kəs üçün əlçatan olsun, daha çox turist axın etsin".

Xalidə GƏRAY
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR