İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT tarixin arxivinə verilə bilər, onun yerinə isə...

“Rusiyanın Ukraynaya qarşı müharibəsi başa çatdıqdan sonra BMT-nin indiki formada mövcud olacağına şübhə edirəm”. Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

“Xatırladım ki, 1939-cu ildə Millətlər Cəmiyyəti kimi bir qurum var idi, sonra o, fəaliyyətini dayandırdı. Ona görə deyə bilərəm ki, qalib gələcəyimiz bu müharibədən sonra BMT-nin də hazırda mövcud olduğu formada qalıb-qalmayacağı böyük sual altındadır. Çünki ölkəmiz BMT-nin yaradıcısıdır. Əgər BMT təsisçi olan bir ölkəni qoruya bilmirsə, nə edə bilər?”

Yaponiya baş naziri Fumio Kişida da deyib ki, Rusiyanın hərəkətləri yeni dünya nizamına ehtiyac olduğunu nümayiş etdirir: “Beynəlxalq ictimaiyyətdə sülhün və sabitliyin qorunmasında böyük məsuliyyət daşıyan BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiyanın aqressiv hərəkətləri yeni dünya nizamının yaradılması zərurətindən xəbər verir”.

“Hazırkı vəziyyət epoxaldır, yeni dünya düzəninin necə olacağı uğrunda ”döyüş" gedir". Bunu isə martın 15-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Belə çıxır, Rusiya-Ukrayna müharibəsindən sonra BMT beynəlxalq təşkilat olaraq tarixin arxivinə verilə bilər. Bəs alternativ? Yaxud BMT Təhlükəsizlik Şurasında köklü islahatlar nə dərəcədə realdır?

YAP-çı deputat Hikmət Babaoğlu bir çox vacib məqamlara aydınlıq gətirdi: “BMT doğrudan da 2-ci Dünya müharibəsindən sonra yaradılan beynəlxalq təşkilatdır. Ancaq onun yaranma səbəblərindən biri də 1-ci Dünya müharibəsindən sonra yaradılan Millətlər Liqasının qeyri-effektiv fəaliyyəti ilə bağlı idi. Əslində Millətlər Liqasının yaradılmasında məqsəd yeni dünya müharibələrinin qarşısının alınması və qlobal əməkdaşlıq üçün mötəbər dialoq platforması təşkil etməkdən ibarət idi. Ancaq tarixdən bildiyimiz kimi, ikinci dünya müharibəsinin qarşısını almaq mümkün olmadı. Ona görə də BMT təsis edildi və o dövrdə SSRİ-nin müttəfiq Respublikalarından biri olan Ukrayna Sovet Sosialist Respublikası da təsisçilərdən biri oldu. Çünki həmin vaxt müttəfiq respublikalardan yalnız 3-ü müstəqil subyekt hesab edilirdi. Bunlar Rusiya Federasiyası, Belarus və Ukrayna idi.

Hikmət Babaoğlu: Azərbaycan iqtisadiyyatı yeni regional mərkəzlərin  yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyub - AZƏRTAC –  Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hikmət Babaoğlu: “Bu təşkilat öz nizamnaməsindən irəli gələn vəzifələri həqiqətən də yerinə yetirə bilmir”

İlkin vaxtlar bu beynəlxalq təşkilata ümidlər böyük olsa da sonrakı mərhələdə isə BMT tədricən dünyada baş verən strateji siyasi proseslərin arxasında qalmağa başladı. BMT nizamnaməsi manipuliyasiya edildi, “ikili standartlar” siyasətinin subyektlərindən birinə çevrildi. BMT nizamnaməsindən irəli gələn və beynəlxalq hüquqla möhkəmləndirilən prinsip və normalar gözardı edildi. Azərbaycan 30 illik münaqişə dövründə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin necə yerinə yetirilməməsinin şahidi oldu. Dünyada BMT üzvü olan çoxsaylı ölkələrin ərazi bütövlüyü pozuldu, müharibələr baş verdi, ancaq bütün bu proseslərdə hadisələrə BMT effektiv müdaxilə edə bilmədi. Nəhayət, bu gün Avropada müharibə alovları dəhşətli mənzərələr yaradır, ancaq BMT-nin Təhlükəsizlik Şurasının iclasını belə çağırmaq mümkün olmur. Bütün bunlar isə o deməkdir ki, doğurdan da bu təşkilat öz nizamnaməsindən irəli gələn vəzifələri yerinə yetirə bilmir. Belə olan halda şübhəsiz ki, ya yeni, ya da BMT bazasında yenilənmiş bir beynəlxalq təşkilatın yaranması vacib tarixi çağırış kimi ortaya çıxır.

Hələ bir neçə il əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyaya çağırış edərək, “Dünya beşdən böyükdür” demişdi. Şübhəsiz ki, Rusiya-Ukrayna müharibəsindən sonra nəticənin necə olacağından asılı olmayaraq biz artıq yeni bir dünya nizamına qədəm qoymuş olacağıq. Yəni artıq heç nə əvvəlki kimi olmayacaq. Ya əvvəlkindən daha pis, ya da tamamilə yeni multipolyar (çoxqütblü) əsaslarda daha yaxşı dünya nizamı qurulacaq. Ona görə də Azərbaycan da öz tarixi-təbii və strateji müttəfiqi olan qardaş Türkiyə ilə birlikdə yeni epoxaya ciddi şəkildə hazırlaşır. Əminliklə demək olar ki, artıq görülmüş preventiv tədbirlər sayəsində əvvəlcədən özünə mühüm strateji perespektivlər də təmin edib. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev açıqlamalarının birində bildirmişdi ki, əgər dünya bundan sonra ənənəvi strateji arxitektura ilə davam edəcəksə biz ona da, əgər yeni strateji arxitekturaya qədəm qoyacaqsa, ona da hazırıq".

Elçin Mirzəbəyli: Azərbaycan döyüş meydanında olduğu kimi hüquq  müstəvisində də Ermənistanı məğlub etdi - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

Elçin Mirzəbəyli: “BMT ən yaxşı halda yenidən qurulmağa məhkumdur”

BAXCP sədrinin müavini, əməkdar jurnalist, siyasi şərhçi Elçin Mirzəbəyli bu qurumun yenilənməsini vacib hesab edir: “BMT Təhlükəsizlik Şurası dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına, münaqişələrin dinc yolla həll olunmasına görə qlobal məsuliyyət daşıyan bir təşkilat kimi öz effektivliyini çoxdan itirib. Çünki Təhlükəsizlik Şurasının daimi üzvləri və onların səlahiyyətləri ilə bağlı hüquqi mexanizmlər bu təşkilat yarandığı gündən ədalətsiz olub və bu səbəbdən BMT-nin humanitar missiyalarının fəaliyyəti istisna olunmaqla, sözügedən təsisat, həmçinin onun Təhkükəsizlik Şurası bugünədək dünyada baş verən münaqişələrin, qarşıdurmaların həllində heç bir effektiv rol oynamayıb. BMT Təhlükəsizlik Şurası üzvlərinin əsas fəaliyyəti öz maraqlarını uzlaşdırmaqdan və qlobal siyasi arenaya yeni oyunçuları buraxmamaqdan ibarət olub. Bu baxımdan da, Birinci Dünya müharibəsinin nəticəsində yaranan Millətlər Liqası İkinci Dünya müharibəsinin qarşısını ala bilmədiyi üçün süquta uğradığı kimi, BMT də ən yaxşı halda yenidən qurulmağa məhkumdur.

Qeyd edim ki, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovun açıqlamasında yer alan başqa bir məqam da diqqəti cəlb edir. Bu da Ukraynanın İkinci Dünya müharibəsindən sonra BMT-nin təsisçisi kimi çıxış etməsidir. O zaman belə bir sual çıxır ortalığa: SSRİ-də eyni statuslu 15 respublika təmsil olunduğu halda, hansı səbəblərdən 3 slavyan respublikası - Rusiya, Ukrayna və Belarus BMT-nin təsisçisi kimi çıxış etmiş və SSRİ-nin süqutunadək müstəqil hüququn subyekti kimi BMT-nin üzvü olmuşdular? Bu faktın özü həm SSRİ-nin nostaljisi ilə yaşayan kütbeyinlərin “şər imperiyası”nın reallıqda slavyan milli ittifaqı olmasını və digər xalqların istismarı üzərində qurulduğunu anlamaları, həmçinin BMT-nin bütövlükdə yaranışdan ədalətsiz təsisat olduğunu dərk etmələri üçün yetərlidir.

Xəyanətkarlarla işim yoxdur, onların zatən adları üstlərindədir. Təkcə Rusiyanın deyil, bütövlükdə BMT Təhlükəsizlik Şurasının bütün üzvlərinin fəaliyyəti və Baş Assambleyanın onurğasız bir təsisat olması bu təşkilatın tamamilə yenidən qurulmasının vacibliyini ortaya qoyur. Bunun üçün isə dünyada mövcud olan parlament modellərindən yararlanmaqla dünyanı qanunlarla, yaxud beynəlxalq hüququn mexanizmləri ilə idarə etmək yetərlidir. Yeni təsisat yaranacaqsa, burada əlahiddə statusa, veto hüququna malik heç bir dövlət olmamalıdır. Qərarlar 2/3 səs çoxluğu ilə qəbul olunmalı və onların icrası üçün qlobal mexanizmlər yaradılmalıdır. Digər tərəfdən, BMT-nin yararsız bir təşkilata çevrilməsinin Rusiya ilə əlaqələndirilməsini də kökündən yanlış hesab edirəm. BMT yarandıqdan sonra dünyada nə qədər münaqişə, müharibə baş verib. SSRİ-nin süqutuna qədər olan zaman kəsiyində - Vyetnamda, Laosda, Koreyada, Əfqanıstanda və digər ərazilərdə baş verən münaqişələrdə Şimali Atlantika Alyansı və Varşava müqaviləsi hərbi-siyasi blokları, daha dəqiq desək, onların liderləri - SSRİ və ABŞ iştirak ediblər və bütün bu dövrdə BMT TŞ heç bir işə yaramayıb. SSRİ-nin süqutunda sonra isə baş verən əksər münaqişə və müharibələrin, vətəndaş müharibələrinin başlıca səbəbkarı Amerika Birləşmiş Ştatlarıdır. Postsovet məkanındakı münaqişələr istisna olmaqla - halbuki bu münaqişələrin həll olunmamasında Qərbin kifayət qədər böyük günahı var - Yuqoslaviya böhranından başlamış Yaxın Şərqdə, Aralıq dənizi hövzəsində baş verən bütün münaqişə və müharibələrdə ABŞ və ətrafının müstəsna “xidmətləri” var. Rusiyanı həvəsləndirən də Qərbin əməlləri və riyakarlığıdır. BMT-nin islah olunması isə mümkün deyil. Bu təşkilat dünyanın bir neçə dövlətinin maraqlarının girovuna çevrilməsinə imkan verməyən əsaslarla yenidən yaradılmalıdır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR