Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan hər zaman beynəlxalq hüququn və ədalətin bütün dünyada bərqərar olunmasının tərəfdarı kimi çıxış edib. Hazırda regionda yaranmış yeni vəziyyətlə bağlı bir sıra beynəlxalq təşkilatlar müxtəlif mövqelər sərgiləyirlər. Dövlətimiz bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazır olduğunu daim bəyan edib. Bu mənada, BMT missiyasının Qarabağa gəlməsinə icazə verilməsi də humanizmdən və şəffaflığın təmin edilməsinə maraqlı olmağımızdan qaynaqlanır”.
Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, BMT missiyasının üzvləri oktyabrın 1-də səhər saatlarında Ağdamdan keçərək, Əsgəran-Xankəndi istiqamətində hərəkət edib. Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir. Missiyanın tərkibinə təşkilatın müxtəlif qurumlarının nümayəndələri daxildir. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin rəhbərliyi ilə beynəlxalq təşkilatın ixtisaslaşmış qurumlarının nümayəndələri Xankəndi-Laçın yolunda olublar və Laçın sərhəd-keçid məntəqəsində də müşahidə aparıblar".
BMT missiyasının Qarabağda sonuncu dəfə təxminən 30 il əvvəl olduğunu xatırladan millət vəkili qeyd edib ki, torpaqlarımız işğal olunanda, bir milyon insan doğma yurdlarından qaçqın-köçkün vəziyyətinə düşəndə beynəlxalq təşkilatlar susurdular:"O zaman BMT-nin strukturları niyə yüz minlərlə məcburi köçkünümüzün hüquqlarının bərpası ilə məşğul olmadı? Eləcə də, 4 min nəfərə yaxın itkin həmvətənimizdən hələ də xəbər yoxdur. Ermənistan onların taleyi haqqında heç bir məlumat vermir. O insanların analarının, doğmalarının gözü hələ də yoldadır. Həmçinin, Şuşa həbsxanasında əsir və girov düşmüş azərbaycanlılar ağır işgəncələrə məruz qalanda BMT və digər beynəxalq təşkilatlar harada idilər? Dövlətimiz bu məsələlərlə bağlı həmin təşkilatlara müraciət edəndə, ermənilərə təzyiq göstərməyə çağıranda, bölgəyə monitorinq missiyası göndərilməsinə çağıranda susdular. Ancaq Azərbaycan Qarabağda öz suverenliyini bərpa etdikdə bu təşkilatlar “narahat” olmağa başladılar. Çünki həmişə ermənilərdən öz maraqları üçün istifadə etməyə çalışıblar".
Fatma Yıldırım onu da əlavə edib ki, 24 saatlıq antiterror tədbirləri ilə dövlətimiz terror yuvasını, xunta rejimini çökdürməklə 30 ilə yaxın davam etmiş haqsızlığı aradan qaldırdı, ədaləti bərpa etdi: “Azərbaycan birmənalı şəkildə bəyan edib ki, Qarabağın erməni sakinlərinə vətəndaşlıq verməyə hazırdır. Qarabağdan Ermənistana gedənləri biz məcbur etmirik. Onların bir qismi könüllü getdiyini deyir, bir qismi də keçmiş xunta rejiminin tapşırığı ilə getdiklərini bildirirlər. Təbii ki, burada məqsəd var. Ermənistan hakimiyyəti, erməni lobbisi və diasporu yenə də sadə insanlardan öz maraqları üçün istifadə etməyə çalışırlar. Atalarımızın yaxşı məsəli var ki, yalan ayaq tutar, amma yeriməz. İnanırıq ki, cənab Prezidentimiz onların bu planını da pozacaq. Bu baxımdan, BMT missiyasının bölgədə olması ona görə müsbətdir ki, Azərbaycanın gördüyü işlərlə tanış olsunlar. Deyilən iddiaların əksinə olaraq, dövlətimiz heç kimi Qarabağdan qovmur, əksinə reinteqrasiya üçün çağırışlar edir, lazımi humanitar, sosial və s. addımlar atılır. BMT missiyası unutmamalıdır ki, reinteqrasiya prosesi üçün dövlətimiz güclü iradə nümayiş etdirir və vaxtilə erməni işğalı nəticəsində doğma yurdlarından qovulmuş azərbaycanlılar da Qarabağa qayıtmalıdırlar. Onlar mütləq qayıdacaqlar.
Ona görə inanmaq istəyirəm ki, BMT missiyası bu məsələyə birtərəfli baxmayacaq, obyektiv baxacaq".
Afaq Mirayiq,
Musavat.com
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ