İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT də Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdi - ermənilərə daha bir böyük zərbə

Siyasi ekspert: “Böyük beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən mövqeyi dövlətimizin əlini gücləndirir”

“Biz BMT Təhlükəsizlik Şurasının Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təsdiq edən qətnamələrini xatırlamaq və Ermənistanı onlara tam hörmətlə yanaşmağa çağırmaq istərdik”. BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik “Report” İnformasiya Agentliyinin müxbirinin “Qarabağda prezident seçkiləri” ilə bağlı sualını cavablandırarkən belə deyib.

Yeganə Hacıyeva: "Başda Fransa olmaqla Aİ Qarabağdakı ermənilərdən istifadə  edir"

Yeganə Hacıyeva

Politoloq Yeganə Hacıyeva isə məsələ ilə bağlı “Yeni Müsavat”a şərhində bildirib ki, dünyanın ən böyük beynəlxalq təşkilatının təmsilçisinin bu açıqlaması Azərbaycanın diplomatik savaşda əlini gücləndirəcək faktorlardan biridir. Bu gün dövlətlərarası ən legitim və güclü beynəlxalq təsisat kimi BMT Azərbaycanın ərazi bütövlüyü, suverenliyi ilə bağlı həmişə beynəlxalq hüquqdan irəli gələn konkret mövqe nümayiş etdirib. Bu mövqe ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət olunmalıdır, bütün BMT-yə üzv dövlətlər kimi Azərbaycanın işğal olunmuş ərazilərindən işğalçı qoşunlar çıxarılmalıdır: “30 il ərzində BMT-nin mövqeyi bu olub. BMT Təhlükəsizlik Şurasının bu tələblə qətnamələri də qəbul edilib. Lakin həmin qətnamələr 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən yerinə yetirilmədi. Azərbaycan 2020-ci ildə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini həyata keçirdi və bununla da BMT-ni beynəlxalq nizamda həm də bir az hörmətə mindirdi. Çünki biz torpaqlarımızı işğaldan azad edərkən bunu hansı mexanizmlər əsasında həyata keçirdiyimizi bəyan etdik. Əlimizdə BMT Təhlükəsizlik Şurasının qətnamələrini və konstitusiyamızı əsas götürdük. Azərbaycanın Qarabağ ərazisində bir qrup separatçı ermənilərin "seçki" təşkil etməsi, bir marionet qurumun “seçki” keçirməsi mövcud beynəlxalq nizama, beynəlxalq qanunlara və Ermənistan-Azərbaycan münasibətlərinin qurulması üçün aparılan danışıqların ruhuna ziddir. Məsələ bundadır ki, Azərbaycanın ərazi bütövlüyünə hörmət olunmasının BMT tərəfindən də bəyan edilməsi Azərbaycanın haqlı mövqeyini daha da gücləndirən faktorlardandır. Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəıxalq təşkilatların sırasına BMT-nin qoşulması o deməkdir ki, beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin pozulmasına yönəlik hərəkətləri qəbul etmir. Beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən mövqeyi şübhəsiz Azərbaycanın əlini gücləndirir".

Ekspert qeyd edib ki, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq dünya tərəfindən də tanınan Qarabağ iqtisadi rayonunda məskunlaşmış erməni sakinlərlə inteqrasiya proseslərinə artıq başlayıb. Ərazi bütövlüyümüzün beynəlxalq səviyyədə müdafiə olunması bu işdə də bizim faydamızadır.

Etibar SEYİDAĞA,
"Yeni Müsavat"

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR