İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT Baş katibi Qarabağa xüsusi missiya göndərir?

Faktaraşdırıcı missiyanın gəlməsi üçün Azərbaycanın icazəsi mütləqdir

Baş nazir Nikol Paşinyan BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığında yenidən Qarabağa sülhməramlılar göndərilməsini gündəmə gətirib. Paşinyan Azərbaycanın Laçın dəhlizini “qanunsuz blokadaya almasından” və “Qarabağda yaranmış humanitar böhrandan” gileylənib. Xüsusilə BMT-nin faktaraşdırıcı missiyasının Dağlıq Qarabağa göndərilməsi və Laçın dəhlizi ilə bağlı məsələlər müzakirə olunub. Laçın dəhlizinin fasiləsiz işləməsinin vacibliyi qeyd edilib.

Erməni saytlarının məlumatına görə, BMT missiyasının göndərilməsi məsələsinin müzakirəsini davam etdirmək barədə razılıq əldə olunub. Bildirilir ki, Antonio Quterreş bu məsələni diqqət mərkəzində saxlayacağını qeyd edib. Baş nazir Ermənistanın Laçın dəhlizinin blokunun açılması ilə bağlı müvəqqəti tədbirlərin tətbiqi ilə bağlı iddiasını təmin etmək üçün Beynəlxalq Məhkəmənin qərarının vacibliyini də qeyd edib. Həmsöhbətlər Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi, Dağlıq Qarabağ əhalisinin hüquqlarının müdafiəsi və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Göründüyü kimi, Paşinyan hələ də Qarabağa BMT missiyasının göndərilməsində israr edir. Erməni mənbələrinin xəbərlərinə inansaq, BMT baş katibi də bu məsələyə ən azı “yox” demir... Ermənistan Avropa İttifaqının müşahidə missiyasını sərhədə gətirdikdən sonra daha da həvəslənib və iştahaları artıb. Bəs bu dəfə Azərbaycanın razılığı olmadan BMT belə bir faktaraşdırıcı missiyanın göndərilməsini təmin edə bilərmi?

Deputat Bəhruz Məhərrəmov BMT Baş katibinin daha vacib məsələləri müzakirə etməli olduğunu qeyd etdi: “BMT-nin bərabər hüquqlu üzvü kimi Ermənistanın bu təşkilatın orqanları və rəhbər heyəti ilə müzakirələr aparması normal və qəbulediləndir. Lakin Ermənistanın baş naziri Nikol Paşinyanın BMT-nin baş katibi Antonio Quterreşlə sonuncu telefon danışığının açıqlanan məzmunu təşkilatın nizamnaməsində ifadə olunan məqsəd və prinsiplərə, habelə bütövlükdə beynəlxalq hüququn məqsəd və prinsiplərinə ziddir. Açıqlanan məlumatda yenidən Qarabağa sülhməramlılar göndərilməsi məsələsinin müzakirə olunması ilk növbədə beynəlxalq hüququn dövlətlərin daxili işinə qarışmamaq, sərhədlərin toxunulmazlığı və dövlətlərin ərazi bütövlüyü prinsiplərini pozur. Azərbaycan ərazisində hansısa missiyanın yerləşdirilməsi ehtimalı yalnız Azərbaycan dövləti ilə müzakirə oluna bilər, o da yalnız Azərbaycan rəhbəri bu məzmunlu müzakirəyə açıqdırsa. 

Bəhruz Məhərrəmov: Azərbaycan beynəlxalq təsisatları ikili standartlardan  geri çəkilməyə vadar etdi - AZƏRTAC

Bəhruz Məhərrəmov

İkincisi, Paşinyanın Azərbaycanın Laçın dəhlizini “qanunsuz blokadaya alması” ilə “Qarabağda yaranmış humanitar böhranı”  gündəmə gətirməsi ilk növbədə Beynəlxalq Məhkəmənin hüquqi mövqeyinə hörmətsizlikdir. Çünki elə ötən həftə “İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında” beynəlxalq konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın vəsatətini rədd edərək Qarabağ bölgəsində yaşayan ermənilərin blokada və humanitar fəlakətlə üz-üzə qalması barədə bəyanatların əslində həqiqət olmadığını hüquqi cəhətdən əsaslandırıb.

Digər tərəfdən, BMT və digər istənilən beynəlxalq təşkilatın rəhbərliyi İrəvanla təmaslarda Ermənistanın işğalçı mövqeyini ikinci plana keçirməməlidir. Baş katib Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının işğala son qoyulmasına dair 4, BMT Baş Assambleyasının isə 1 qətnaməsinə 27 il Ermənistan tərəfindən məhəl qoyulmadığını, işğala yalnız Azərbaycanın özünün hərbi-siyasi yolla son qoyduğunu unutmamalıdır. Məhz bu işğalçılıq siyasəti nəticəsində cənab Prezidentin Münhendə ifadə etdiyi kimi, “Livan ölçüdə bir ərazi yerlə yeksan olunub, torpağın hər qarışı minalanıb”. Cənab Antonio Quterreş məsuliyyətini dərk edərək bu mövzularla gündəmə gəlməlidir. Eyni zamanda o, əvvəllər BMT-nin Qaçqınlar üzrə Ali Komissarı olub, Azərbaycanda qaçqın düşərgələrini gəzib, xəbəri var ki, 1 milyondan artıq insan hələ də vandalizmin və müharibə cinayətlərinin nəticələrinin aradan qaldırılmasını gözləyir ki, öz doğma yurduna qayıda bilsin. Cənab baş katibin müzakirəsində ilk növbədə bu tezislər olmalıdır.

Digər tərəfdən, 300 mindən çox azərbaycanlı Ermənistanın bugünkü ərazisi olan tarixi Azərbaycan torpaqlarına - İrəvan, Göyçə və Zəngəzura qayıda bilmir, BMT rəhbəri Paşinyanla bunu müzakirə etməli idi. Amma etmir. Bu, bir daha göstərir ki,  BMT artıq çürüməkdə olan nəhəngdir və bu təşkilatın mövcudiyyətini qorumaq üçün yeganə şərt islahatlardır".

Əziz Əlibəyli: "Dünyada peşə fəaliyyətinə görə öldürülmək ən ağır  cinayətdir"

Əziz Əlibəyli 

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli erməni baş nazirin çox təhlükəli oyunlar oynadığını bildirdi. Onun fikrincə, BMT xətti ilə bütövlükdə Paşinyanın iddia etdiyi kimi Qarabağa xüsusi missiyanın göndərilməsi baş tuta biləcək bir həmlə deyil: “Paşinyanın yürütdüyü siyasi xətt çox təəssüflər olsun ki, uzlaşmaya deyil, müxtəlif əksqütblü qüvvələrin Ermənistan ərazisində toqquşmasına hesablanıb. Eyni zamanda erməni baş nazir məsələni genişləndirib Azərbaycan ərazisinə daxil etməklə böhranı ən yüksək nöqtəyə çatdırmaq niyyətini göstərməkdədir. Bu cür durumun yaranması Suriya variantının təkrarlanmasına gətirib çıxara bilər. Paşinyan Fransa və digər Avropadakı bəzi dairələrin köməkliyi ilə BMT Baş katibinə zəng etməklə təkcə Rusiyanı deyil, Azərbaycanı da əks cəbhəyə çıxarır. Bununla ölkəsi üçün çox ciddi təhlükələr yaradacaq bir vəziyyət reallaşdırmaqdadır”.

Siyasi analitik Asif Nərimanlı isə hesab edir ki, bu missiyanın bölgəyə gəlməsi hər iki tərəfin razılığı ilə mümkündür: “BMT faktaraşdırıcı missiyasının Qarabağa gəlməsi üçün iki prosedur mütləq lazımdır. Birincisi, Azərbaycanın icazəsidir. Qarabağ Azərbaycanın ərazisi olaraq tanınır və Bakı razı olmasa bunu həyata keçirmək mümkün deyil. Digər tərəfdən, beynəlxalq təcrübəyə görə, BMT faktaraşdırıcı missiyasının münaqişə bölgələrinə göndərilməsi hər iki tərəfin razılığı ilə mümkün ola bilər. Yəni Paşinyanın istəməsi ilə həll olunmur. İkincisi, BMT-nin hansısa bölgəyə faktaraşdırıcı missiya göndərməsi Təhlükəsizlik Şurasının yekdil qərarı ilə həyata keçirilir. Orada isə belə bir məsələ gündəmə gələrsə, Rusiya veto hüququndan istifadə edəcək, çünki Moskva Qarabağda sülhməramlılarına alternativ heç bir qüvvə istəmir. Bu proseduru İrəvanda da bilirlər, buna baxmayaraq, Paşinyanın məsələni davamlı gündəmə gətirməsi beynəlxalq rəyi Laçın yolundakı aksiya ilə bağlı yanlış yönləndirmək məqsədi daşıyır”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR