İnsanlara hürriyət, millətlərə istiqlal!

Blinkenin Prezident İlham Əliyevə telefon zənginin pərdəarxası – Elxan Süleymanovun yazısı

AVCİYA prezidenti: “Azərbaycanın iştirakı olmadan bu bölgədə hər hansı layihənin həyata keçirilməsi mümkün deyil; əlbəttə, ABŞ-da bu məsələləri nəinki bilməmiş deyillər, hətta çox gözəl anlayırlar”


Noyabr ayının ortalarında ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya üzrə alt komitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmə keçirildi. Demək olar ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbərinin Avropa və Avrasiya bürosu üzrə köməkçisinin müavini Aleksander Sokolovksinin iştirakı ilə keçirilən bu dinləmə anti-Azərbaycan xarakter daşıyırdı. Mövzusunun adından da göründüyü kimi, dinləmə iştirakçıları Azərbaycana qarşı hörmətsizlik nümayiş etdirərək, onun ərazisində mövcud olmayan bölgənin gələcəyini müzakirə edirdilər. Bununla yanaşı dinləmələr zamanı çıxış edənlər Azərbaycana qarşı əsassız və qərəzli ittihamlar səsləndirir, ölkəmizin 19-20 sentyabr 2023-cü il tarixdə Qarabağ iqtisadi rayonunun separatçı erməni qüvvələrinin fəaliyyət göstərdiyi hissəsində həyata keçirdiyi lokal antiterror tədbirlərindən məyus olduqlarını bildirirdilər. Elə təsəvvür yaranırdı ki, dinləmə iştirakçıları Azərbaycana qarşı ittihamlar irəli sürmək barədə bir mərkəzdən təlimatlandırılıblar.

a7bf1586-1b10-47c2-b21d-a04e5fddcef6.jpg (29 KB)
Belə ki, dinləmələrdən açıq-aşkar görünürdü ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Ermənistana havadarlıq edən digər beynəlxalq mərkəzlər kimi, o cümlədən ABŞ-ı da ciddi narahat edib. ABŞ da həmin ermənipərəst mərkəzlər kimi beynəlxalq səviyyədə Azərbaycana qarşı böhtan kampaniyalarına qoşularaq ölkəmizin imicinə zərbə vurmağa çalışır və bu istiqamətdə səylər Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal antiterror tədbirlərindən sonra yüksələn xətlə davam edir. Bütün bu proseslərin əsas mahiyyəti Ermənistana havadarlıq edən qüvvələrin bölgədə sülhün bərqərar olmasında maraqlı olmadıqları və bölgədə vəziyyətin gərgin olaraq qalmasında maraqlı olduqları özünü büruzə verir.
Bununla yanaşı, ABŞ senatının “2023-cü il Ermənistanı Müdafiə Aktı”nı qəbul etməsi, bu Akta əsasən, ABŞ Prezidenti “Azadlığa Dəstək Aktı"na “907-ci düzəliş”in icrasını həyata keçirməkdən imtina etmək hüququndan məhrum edilməsi, yəni qəbul edilən sənədin Azərbaycana hərbi yardımın qadağan olunmasını nəzərdə tutması, və digər məsələlərlə yanaşı, Ermənistana xaricdən hərbi məqsədlərlə maliyyənin ayrılmasına icazə verməsi ABŞ-ın yenidən 1990-cı illərdə olduğu kimi bölgədə baş verən hadisələrlə bağlı ikili standartlar və selektiv yanaşmalar nümayiş etdirdiyini bir daha sübut etdi.
Əlbəttə, son aylar ərzində ABŞ-dan səslənən qeyri-obyektiv fikirlər və qəbul etdiyi sənəd bu ölkənin Azərbaycan-Ermənistan danışıqlarında vasitəçi kimi neytrallığı pozmasını sübut edir və bütövlükdə Vaşinqton platformasında aparılan danışıqların davam etdirilməsini şübhə altına alırdı. Belə ki, ABŞ-ın nümayiş etdirdiyi qeyri-obyektiv, birtərəfli yanaşma bu ölkənin vasitəçilik rolunun iflasa uğraması ilə nəticələnə bilər. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan tərəfi 20 noyabr 2023-cü ildə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi nəzərdə tutulan görüşün baş tutmasını mümkün hesab etmədi və faktiki olaraq həmin görüşdən imtina etdi. Bunun ardınca rəsmi Bakı İrəvana heç bir vasitəçi olmadan birbaşa danışıqların aparılması və bu məqsədlə Azərbaycan-Ermənistan sərhəd bölgəsində birbaşa danışıqlar barədə təklif ünvanladı. Lakin Ermənistan Azərbaycanın bu təklifinə müsbət cavablandırmadı. Ehtimal etmək olar ki, Ermənistana havadarları birbaşa vasitəçisiz danışıqlara icazə verməyib.
Azərbaycanın obyektiv olaraq öz maraqlarını təmin etmək iradəsi, bu istiqamətdə, bir tərəfdən, beynəlxalq hüquq normalarına riayyət etməsi, digər tərəfdən Ermənistanla ikitərəfli münasibətlərin normallaşdırılmasında və sülhə nail olunmasında israrlı olması, müxtəlif güc mərkəzlərinin, o cümlədən ABŞ-ın bölgədə apardığı selektiv və qərəzli münasibətlərinə rəğmən öz mövqeyindən geri çəkilməməsi rəsmi Vaşinqtonu Azərbaycanla münasibətləri yenidən normallaşdırmağa vadar etdi. Belə ki, bir neçə gün əvvəl ortalarında ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya üzrə alt komitəsində keçirilən dinləmələrdə antiazərbaycan ritorika ilə çıxış edən dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn bəyanatla çıxış edərək Mərkəzi Asiyadan ticarət yollarının Azərbaycan və Ermənistandan keçərək Türkiyəyə çatması bu ticarət yolunda bütün ölkələrin hamısı üçün güclü stimul olacağını və ABŞ-ın bu proseslərin iştirakçısı olmasından məmnun olacağını bildirdi. Dövlət departamenti rəsmisinin bu açıqlaması göstərir ki, ABŞ Mərkəzi Asiyanı Azərbaycan vasitəsilə Türkiyə ilə birləşdirəcək nəqliyyat dəhlizinin İrandan deyil, Ermənistandan keçməsini dəstəkləyir.


Bunun ardınca ABŞ Dövlət katibi Blinkenin Prezident İlham Əliyevə zəng etməsi və mövcud vəziyyəti müzakirə etməsi rəsmi Vaşinqtonun Azərbaycanın maraqlarını nəzərə almaq məcburiyyətində qalmasından xəbər verir.

blin.jpg (461 KB)
Sual olunur: ABŞ-ın Azərbaycanla bağlı mövqeyində belə tezliklə dəyişiklik etməsinin səbəbləri nədən ibarətdir?
İlkin olaraq, ABŞ-ın Cənubi Qafqazda baş verən proseslərlə bağlı mövqeyinin dəyişməsini şərtləndirən amillərdən biri kimi bu ölkənin real olaraq Azərbaycan-Ermənistan münasibətlərində vasitəçilik funksiyasını itirmək perspektivi ilə üzləşməsini anlaması olmasını ehtimal etmək olar. Vaşinqton anladı ki, Azərbaycana qarşı dinləmələr keçirməklə, Ermənistanı müdafiə Aktı qəbul etməklə, ABŞ Prezidentini “Azadlığa Dəstək Aktı"na “907-ci düzəliş”in icrasını həyata keçirməkdən imtina etmək hüququndan məhrum etməklə və s. danışıqlar prosesində Azərbaycanın mövqeyini zəiflətmək strategiyası əks effekt verdi, əksinə ABŞ özü real olaraq vasitəçilik missiyasını itirmək perspektivi ilə üzləşdi.
Digər bir tərəfdən, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə HƏMAS-İsrail müharibəsi fonunda Şərq-Qərb istiqamətində ən təhlükəsiz nəqliyyat dəhlizi Cənubi Qafqazdan keçir. Odur ki, ABŞ regionda sülhün bərqərar olması və nəqliyyat-kommunikasiya xətlərinin açılmasında maraqlı olduğunu göstərir. Belə ki, Cənubi Qafqazda nəqliyyat dəhlizinin açılması Qərb ölkələrinin öz Şərq tərəfdaşları ilə ticari əlaqələrini təhlükəsiz şəraitdə davam etdirməyə imkan verir.
Ən başlıcası isə Azərbaycan coğrafi mövqeyinə, ərazisinin miqyasına, əhalisinin sayına, təbii resurslarına, iqtisadiyyatın inkişaf səviyyəsinə, hərbi gücünə görə Cənubi Qafqazın ən böyük ölkəsidir. Azərbaycan dövlət müstəqilliyi dövründə Bakı-Tbilisi-Ceyhan neft kəməri, özündə Cənubi Qafqaz qaz kəmərini, Transanadolu qaz kəmərini (TANAP) və Transadriatik qaz kəmərini (TAP) birləşdirən Cənub Qaz kəməri, Bakı Tbilisi-Qars dəmir yolu xətti kimi beynəlxalq layihələri reallaşdırmışdır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi coğrafi məkanda yarləşərək hər iki layihə üçün mühüm əhəmiyyət kəsb edən ölkədir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və Rusiya-Ukrayna müharibəsi dövründə Azərbaycanın əhəmiyyəti daha da artmışdır. Azərbaycan beynəlxalq təhlükəsizliyin təmin edilməsinə, beynəlxalq terrorizmə qarşı qlobal müharibəyə mühüm töhvələr vermiş ölkədir. Göründüyü kimi Azərbaycan Cənubi Qafqazın açar ölkəsidir və Azərbaycanın iştirakı olmadan bu bölgədə hər hansı bir transmilli layihənin həyata keçirilməsi, hər hansı bir güc mərkəzinin bu bölgədə təsir imkanları əldə etməsi və mövqeyini gücləndirməsi mümkün deyil. Əlbəttə, ABŞ-da bu məsələləri nəinki bilməmiş deyillər, hətta çox gözəl anlayırlar. ABŞ-da eyni zamanda çox gözəl anlayırlar ki, Vaşinqton və Bakı arasında gərginliyin artması bölgədə ABŞ-ın digər regional və regiondankənar qüvvələrlə müqayisədə mövqeyinin zəifləməsinə gətirib çıxaracaq.
Qeyd edilənlər Zəngəzur dəhlizinin resallaşması məsələsinin yaxın gələcəkdə Azərbaycan-Ermənistan danışıqlarının əsas mövzularından biri olacağını ehtimal etməyə əsas verir.

elxan.jpg (14 KB)

Elxan Süleymanov, AVCİYA-nın prezidenti

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR