İnsanlara hürriyət, millətlərə istiqlal!

Blinkenin İlham Əliyevlə telefon danışığının geopolitik anlamı - təhlil

Okeanın o tayından Azərbaycana Ukrayna ilə bağlı təşəkkür, Bakı ilə münasibətlərdə korrekt davranış

Martın 15-də Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Azərbaycan tərəfin yaydığı rəsmi məlumatda deyilir ki, söhbət zamanı Cənubi Qafqaz regionunda postmünaqişə dövrünə aid məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında normallaşma prosesi barədə fikir mübadiləsi aparılıb.

“Telefon danışığı əsnasında regional təhlükəsizlik məsələləri də müzakirə edilib. Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana təşəkkürünü bildirib”, məlumatda bildirilir.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın yaydığı bəyanatda bildirilir ki, dövlət katibi Blinken ABŞ-la Azərbaycan arasında ikitərəfli münasibətlərin davamlı əhəmiyyətini və ABŞ-ın Cənubi Qafqaz regionunda dinc, demokratik və firavan gələcəyə sadiqliyini vurğulayıb. Ermənistanla Azərbaycan silahlı qüvvələri arasında gərginliyin artması ilə bağlı son xəbərləri qeyd edən dövlət katibi tərəfləri təmkinli olmağa və bütün qalan məsələlərin hərtərəfli həll yollarını tapmaq üçün diplomatik səyləri intensivləşdirməyə çağırıb. “O, həmçinin, Azərbaycanda insan hüquqları və fundamental azadlıqlara hörmətin vacibliyini vurğulayıb”, Prays bəyanatında bildirib. Dövlət katibi ABŞ və tərəfdaşlarının Moskva və onun tərəfdarlarını, o cümlədən Belarusda Lukaşenko rejimini Kremlin Ukraynaya qarşı səbəbsiz və əsassız müharibəsinə görə cavabdeh tutmağa davam etmək öhdəliyini vurğulayıb.

Antoni Blinken isə öz növbəsində Twitter səhifəsində Azərbaycana Ukraynaya göstərdiyi dəstəyə görə təşəkkür etdiyini bildirib. “Amerikanın səsi”nin xəbərinə görə, “Azərbaycan prezidenti ilə regional münaqişələrin həlli və Cənubi Qafqazda sülhə doğru irəliləməyin vacibliyi haqqında danışdım. Mən Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürümü bildirdim”, ABŞ Dövlət katibi yazıb.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığının aparıldığı barədə məlumat yayılmışdı. Bildirilirdi ki, baş nazir demokratik islahatlar istiqamətində Ermənistana ardıcıl dəstəyə görə Amerika tərəfinə təşəkkür edib, demokratiyanın daha da möhkəmləndirilməsinin Ermənistan hökumətinin mütləq prioriteti olduğunu və ölkəmizin bundan sonra da bu istiqamətdə irəliləyişini davam etdirəcəyini vurğulayıb. “Nikol Paşinyan və Entoni Blinken Cənubi Qafqazda gedən proseslərə, Dağlıq Qarabağ ətrafındakı vəziyyətə, gərginliyin artmasına toxunublar. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində hərtərəfli həllinin vacibliyini vurğulayaraq, bunun Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasına töhfə verəcəyini və regionda sabitlik və sülhə ehtiyac olduğunu qeyd etdi. Ermənistan baş naziri və ABŞ dövlət katibi Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası, regionda kommunikasiyaların açılması mümkünlüyü, həmçinin Ermənistan və Türkiyə arasında davam edən dialoqla bağlı fikir mübadiləsi aparıblar”, xəbərdə deyilirdi. Göründüyü kimi, telefon danışıqlarında ciddi fərqlər var. Azərbaycan lideri ilə telefon danışığında “Dağlıq Qarabağ” ifadəsinə yol verilməyib, həmçinin Minsk Qrupundan bəhs edilməyib, çünki Prezident Əliyevin mövqeyi ABŞ-a yaxşı məlumdur. Bu yerdə zəruri qeyd: 2021-ci ilin 28 aprelində ABŞ dövlət katibi Blinken Prezident İlham Əliyevə telefonla zəng edərkən Minsk Qrupu və Dağlıq Qarabağdan bəhs edilmişdi. Dəyişiklik göz önündədir. Bundan əlavə, Azərbaycan liderinə Ukraynaya göstərdiyi humanitar köməyə görə təşəkkür edilsə də, Paşinyanla telefon danışığında, sadəcə, “beynəlxalq aləmdə baş verən proseslərə, o cümlədən Ukraynadakı vəziyyətə də toxunulduğu” bildirilirdi.

Mövcud durumda ortaya sual çıxır: Blinkenin bu danışıqdan sonra yazdığı twit Azərbaycanı Rusiyanın hədəfinə çıxara bilərmi? Qeyd etdiyimiz kimi, dövlət katibi Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana təşəkkürünü bildirib. Amerikanın ölkəmizlə bu cür təmasları Moskvanı qıcıqlandırmır ki? ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın yaydığı bəyanatdan bəlli olur ki, dövlət katibi Blinken ABŞ-la Azərbaycan arasında ikirətəfli münasibətlərin davamlı əhəmiyyətini və ABŞ-ın Cənubi Qafqaz regionunda dinc, demokratik və firavan gələcəyə sadiqliyini vurğulayıb. Həmçinin ABŞ-ın Ermənistanla Azərbaycan silahlı qüvvələri arasında gərginliyin artması ilə bağlı narahatlığı da ondan xəbər verir ki, Vaşinqton mövcud durumda özünün vasitəçiliyini təklif etmək istəyir, bu da Rusiyanı məmnun etməyən situasiyadır. Dövlət katibi ABŞ və tərəfdaşlarının Moskva və onun tərəfdarlarını, o cümlədən Belarusda Lukaşenko rejimini Kremlin Ukraynaya qarşı səbəbsiz və əsassız müharibəsinə görə cavabdeh tutmağa davam etmək öhdəliyini vurğulayıb. Bundan əvvəl Türkiyə XİN rəhbərinin Ermənistan xarici siyasət idarəsi rəhbəri ilə bir araya gəlməsi, İrəvanın Ankara ilə əlaqələrə maraqlı olduğunu açıqlaması da Ağ Evin diqqətini çəkməyə bilməzdi. Bu mənada Paşinyana və Əliyevə telefon zəngləri təsadüfi deyil. Ola bilərmi ki, ABŞ Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması təşəbbüsünü üzərinə götürüb? Rusiyanın zəiflədiyi, müharibəyə cəlb edildiyi, Putinin Ukrayna bataqlığında eşələndiyi bir vaxtda Qarabağ məsələsində Qərbin, ABŞ-ın təşəbbüsü ələ alması mümkündürmü? Bu variant Azərbaycana sərf edirmi? Telefon danışığında Belarusun və Lukaşenkonun adının çəkilməsi nədən xəbər verir? ABŞ bununla demək istəyirmi ki, Lukaşenko da Putin qədər Ukrayna müharibəsində məsuliyyət daşıyır? Belə çıxır ki, Ağ Ev Rusiyanın yanında olan hər kəsi “gözü çıxan qardaşdan dərs çıxarmağa” çağırır. Xüsusilə də Ermənistanın Rusiyaya birmənalı dəstək verməsi, hətta 200-dək erməninin Ukraynaya qarşı döyüşmək üçün müraciət etməsi ABŞ-ın diqqətindən kənarda qala bilməz.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Entoni Blinkenin İlham Əliyevə telefon zənginin bir neçə səbəbi var: “Birincisi, Blinken İlham Əliyevdən bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışmışdı. Blinken balansı pozmamaq üçün İlham Əliyevə də zəng edib. Vaşinqton Qarabağda gərginliyin artmasından narahatdır. Bölgədə atəşkəs yenə pozulur, qarşılıqlı ittihamların sayı artıb. Bunun növbəti hərbi qarşıdurma ilə nəticələnəcəyi ehtimalı var. Ukraynada müharibə davam edərkən Cənubi Qafqazda yeni müharibə ehtimalı ABŞ-ın maraqlarına ziddir. Vaşinqton iki müharibəni dayandırmaq üçün mürəkkəb duruma sürüklənə bilər. Ona görə də Blinken həm İrəvan, həm də Bakıya zəng etməklə tərəfləri riskli addımlardan çəkindirməyə çağırır. Ancaq əgər Blinken və onun simasında Ağ Ev bölgədə yeni müharibə istəmirsə, İrəvana anlatmalıdırlar ki, Azərbaycanla ərazi bütövlüyünün tanınması çərçivəsində sülh sazişi imzalanmalıdır. Əks halda, Blinkenin xəbərdarlıq zənglərinin əhəmiyyəti olmayacaq”.

E.Şahinoğlunun sözlərinə görə, ikincisi, Vaşinqton Rusiyanın Ukraynadakı işğalından narahat olduğu kimi Kremlin Cənubi Qafqaz bölgəsindəki fəallığından da ehtiyatlanır: “Blnken İrəvan və Bakıya zəng etməklə Moskvaya mesaj göndərməyə çalışır ki, Amerikanın da Cənubi Qafqazda maraqları var və Kreml bununla hesablaşmalıdır. Misal üçün, Entoni Blinken bir müddət əvvəl Mərkəzi Asiya dövlətlərinin xarici işlər nazirləri ilə birgə onlayn müzakirələr keçirmişdi. Bu da Ağ Evin Moskvaya nesajıydı ki, Amerikanın Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq münasibətləri var və bu tərəfdaşlıqdan Rusiyanın xeyrinə imtina etməyəcək. Üçüncüsü, Ağ Evi Azərbaycanın İranla imzaladığı memorandum da maraqlandırmamış deyil. Vaşinqtonda və Brüsseldə Rusiyanın Ukraynanı işğalı fonunda Rusiyanın enerji asılılığından qurtulması mövzusu müzakirə olunur. Tehran dünya bazarına indikindən daha çox neft və qaz nəql edə biləcəyini bildirib. İran nefti və qazı Rusiya neft və qazının böyük hissəsini əvəz edə bilər. Bu, Qərbin maraqlarına uyğundur. Ancaq bunun üçün Vaşinqton gərək İrana qarşı sanksiyaları yumşaltsın. Bu mənada Azərbaycanın İranla imzaladığı memorandum ABŞ və Avropa İttifaqının maraqlarına uyğundur. Tehranın Bakı ilə imzaladığı memorandum Qərbin İrana qarşı sanksiyalarının yumşaldılması üçün stimul rolunu oynaya bilər. Beləliklə, Vaşinqton Bakı ilə tərəfdaşlıq münasibətlərini davam etdirmək istəyir. Buna baxmayaraq, ABŞ Konqresi növbəti dəfə Azərbaycan əleyhinə qərar qəbul edib. Konqres 2022-ci ildə Qarabağ separatçılarına ”humanitar" məqsədlərlə 2 milyon dollar ayırıb. Kim zəmanət verə bilər ki, separatçılar həmin maliyyə vəsaitindən “humanitar” məqsədlərlə istifadə edəcəklər?"

Soçi Bəyanatı diplomatik qələbələrimizin davamıdır”- Tural İsmayılov

Tural İsmayılov: “Blinkenin görüşdən sonra yazdığı twit Azərbaycanı Rusiyanın hədəfinə çıxara bilməz” 

Politoloq qeyd etdi ki, Ermənistan Ukraynanın işğalı məsələsində səssizdir, Rusiyadan qorxur: “Azərbaycan isə Ukraynaya humanitar yardımlar göndərməkdə davam edir, cəmiyyətimiz Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir və buna görə Entoni Blinken ”Twitter" səhifəsində Azərbaycana Ukraynaya göstərdiyi dəstəyə görə təşəkkür etdiyini bildirib. Ancaq bunun əvəzində ABŞ Konqresi Rusiya hərbçilərinin erməni separatçılarla birgə nəzarət etdiyi əraziyə maliyyə yardımı ayırır. Bunun özü Amerikanın təhlükəsizlik maraqlarına ziddir".

Politoloq Tural İsmayılov isə bildirdi ki, ABŞ və Azərbaycan müxtəlif mövzularda daim müzakirələr aparır: “Azərbaycan regionun lider dövlətlərindən biridir. Bu baxımdan Blinkenin ölkə başçısına zəngi də labüd və təbii diplomatik prosesdir. Azərbaycanın özəlliklə Ukraynaya humanitar yardım göstərməyi, həm də Qoşulmama Hərəkatının rəhbəri kimi regionda mühüm əhəmiyyəti olduğunu Qərb yaxşı başa düşür. Elə məhz bu faktora görə də bəzən ölkəmizə qarşı Qərbdən əsassız böhtan hücumları olur”. Amma politoloq hesab edir ki, Blinkenin görüşdən sonra yazdığı twit Azərbaycanı Rusiyanın hədəfinə çıxara bilməz: “Azərbaycan Rusiya ilə Moskva bəyannaməsi imzalayıb. Eyni zamanda bir sıra regional və mühüm layihələrdə Azərbaycan Rusiya ilə əməkdaşlıq edir. Həmçinin, Azərbaycan müstəqil və gclü geopolitik gücdür. Rusiya Azərbaycanın Qərblə danışıqlarını heç vaxt özünə təhdid görə bilməz”.

O da istisna deyil ki, ABŞ Azərbaycanı küsdürməmək üçün hərəkətə keçib. Bu arada ABŞ Senatının maliyyə komitəsi  keçmiş Dağlıq Qarabağın ermənilər yaşayan ərazisində minalardan təmizləmə və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi üçün 2 milyon dollar ayrıldığını açıqlayıb. Qarabağdakı qondarma rejimə “humanitar” adı altında 2 milyon dollar yardım ayırması Azərbaycanda hiddət doğurur. Terrorçu və separatçı rejimin maliyyələşdirilməsinə isə heç nə ilə bəraət qazandırmaq olmaz!

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR