İnsanlara hürriyət, millətlərə istiqlal!

Blinkenin Azərbaycanı suçlu çıxartmaq cəhdinə sərt reaksiyalar

Çərşənbə axşamı ABŞ Senatında Azadlığa Dəstək Aktına 907-ci düzəlişin aqibəti məsələsi qaldırılıb. “Yeni Müsavat” bildirir ki, bu barədə “Turan”ın müxbiri məlumat verib.

Məlum olduğu kimi, Konqresin 1992-ci ildə erməni lobbisinin təzyiqi altında qəbul etdiyi bu məhdudlaşdırıcı düzəliş Amerikanın Azərbaycana dövlət yardımı göstərməsini qadağan edir. Amma 2002-ci ildən ABŞ onun tətbiqini dondurub və hər il bu qərarın müddətini uzadırdı.

“Bildiyiniz kimi, 907 illik qərardır. Biz idarələrarası yoxlama aparırıq. Bu yoxlama davam edir”, - deyə dövlət katibi Entoni Blinken xarici əlaqələr komitəsinin sədri senator Bob Menendesin suallarına cavabda bildirib.

Bayden administrasiyası 907-ci düzəlişin tətbiqindən 29 aprel 2021-ci il tarixində imtina edib. Növbəti qərarın qəbul edilməsi ərəfəsində bu məsələ yenidən qaldırılıb.

Administrasiyanın Dağlıq Qarabağ məsələsi ilə bağlı göstərdiyi səylərdən danışan Blinken deyib ki, o, “həm Ermənistan, həm də Azərbaycan rəhbərliyi ilə çox fəal və birbaşa əməkdaşlıq edib”.

“Bir həftə əvvəl baş nazir Paşinyan və Prezident Əliyevlə, eyni zamanda onların xarici işlər nazirləri ilə telefon söhbətim olub. Biz Dağlıq Qarabağ üzrə uzunmüddətli siyasi nizamlanmanı irəlilətməyə çalışırıq və etimadın möhkəmləndirilməsinə yönəlmiş müxtəlif tədbirlər hazırlayır və irəli sürürük”, - deyə Blinken bildirib.

“Biz vəziyyəti gərginləşdirə biləcək istənilən birtərəfli addımlara, xüsusən Azərbaycan tərəfindən atılan addımlara mane olmağa çalışırdıq. Bizim sülh perspektivlərini irəlilətməyə kömək etmək üçün bir sıra proqramlarımız var”, - deyə Blinken əlavə edib.

Erməni mediası Blinkenin anti-Azərbaycan mövqeli açıqlamalarını manşetlərə daşıyıb və bu da revanşistlərə stimul verən haldır. ABŞ-ın işğaldan olmazın əziyyətlər çəkmiş Azərbaycanı deyil, Ermənistanı himayə etməsi, elə bir neçə gün əvvəl Zəngilan istiqamətində diversiya-təxribat hücumu həyata keçirən Ermənistan əleyhinə mövqe sərgilmək əvəzinə, Bakıya təzyiq xarakterli bəyanat ünvanlaması anormallıqdır. Qeyd edək ki, prezident Bayden də ötən həftə ermənilərin könlünü şad edən “genosid” sözünü işlətdi. Bu mənada Ağ Evin siyasəti normal qarşılana bilməz.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu: “Amerikalı diplomatlar illərdir o qədər qorxaq siyasət yürüdüblər ki...”

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, çox təəssüf ki, illərdir bu dövlət katibləri, amerikalı diplomatlar o qədər qorxaq siyasət yürüdüblər: “Konqresdə ermənipərəst qanunvericilərin qarşısında tir-tir əsərək, hər zaman 907 ilə bağlı hansısa bəhanə gətirməyə çalışırlar. Biri demir ki, Azərbaycan bölgədə ABŞ-ın əsas tərəfdaşıdır, bu düzəliş münasibətlərə mənfi təsir edə, Rusiyanın bölgədə rolu arta bilər, buna yol vermək olmaz. Hamısı nala-mıxa vurur və indi də Blinken Bob Menendesin qarşısında mənasız cavablar verib”.

E.Şahinoğlu bildirdi ki, əslində Blinken reallığı anlayır: “Sadəcə sorğudur, çıxışdır ki, Konqres qarşısında bu fikirləri açıqlayıb. Amma o, gərək ABŞ-ın maraqları nəzərə ala. ABŞ-ın maraqlarını da Azərbaycanla əməkdaşlığı diqtə edir”.

Hərbi ekspert Belarus-Azərbaycan hərbi yaxınlaşmasının səbəblərindən  danışır - 07.05.2019, Sputnik Azərbaycan

Üzeyir Cəfərov: “ABŞ Azərbaycan kimi bir dövlətlə münasibətlərinə daha məsuliyyətli yanaşmalıdır”

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov isə “Yeni Müsavat”a ABŞ-ın Azərbaycana qarşı ədalətsiz münasibətindən bəhs etdi: “Amerikanın uzun illər əvvəl Azərbaycana qarşı bu ölkədə olan erməni lobbisinin təzyiqi və təsiri altında tətbiq etdiyi 907-ci düzəliş, sadəcə, ABŞ kimi bir dövlətə yaraşmayan haldır. Bu qərar 1992-ci ildə qəbul olunsa da, bu günə qədər o, yalnız bəlli məqamlarda, ölkəmizə təsir etmək lazım olanda yada düşür. Hərçənd ki, bu qərar son illər bir qədər formal olaraq icra edilir, istənilən halda xoşagəlməz mənzərədir. İstər Azərbaycana gələn ABŞ rəsmiləri, həmçinin Amerikanın ölkəmizdəki səfirliyi zaman-zaman ikitərəfli münasibətlərimizin yuksələn xətlə getdiyini dilə gətirsələr də, heç kim bu düzəlişin nə vaxt ləğv ediləcəyi haqqında nədənsə danışmır. Amma vaxtı çoxdan çatıb və bu, tez bir zamanda həll olunmalıdır. Belə ədalətsiz münasibət əsla yolverilməzdir!”

Ü.Cəfərov qeyd etdi ki, Azərbaycan ABŞ-la münasibətlərdə daha səmimidir və eyni münasibəti biz qarşı tərəfdən də gözləyirik: “Hər halda, biz diplomatik sahədə bu məsələni daim gündəmə gətirməliyik ki, ABŞ da, nəhayət, sözügedən ədalətsizliyi aradan qaldırsın. Biz oturub gözləsək ki, bunu amerikalıların özləri edəcəklər, yanılacağıq. Şəxsən mən bunun reallaşmasına inanmıram. ABŞ üçün Azərbaycanın hər sahədə çox böyük faydası və gərəkliyi var. Ona görə də Amerika Azərbaycan kimi bir dövlətlə öz münasibətlərinə daha məsuliyyətli yanaşmalıdır”.

İrəvan mesaj verir ki, "status" məsələsindən geri çəkilməyəcək" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə öz növbəsində bildirdi ki, ABŞ dövlət katibinin Qarabağ məsələsini müzakirəyə çıxarması Vaşinqtonun Cənubi Qafqaz siyasətində strateji səhvidir: “İlk növbədə münaqişə bitib və bu istiqamətdə reallıqlar mövcuddur. Vaşinqton məhz bu reallığa uyğun olaraq siyasət ortaya qoymalıdır. Təəssüflər olsun, dövlət katibinin mövqeyi göstərir ki, erməni lobbisinin təsiri qalmaqdadır və Vaşinqtonun Cənubi Qafqaz siyasətini sabotaj edir. Ümumiyyətlə, 907-ci düzəliş bədnam qərardır və onun ləğvi ABŞ xarici siyasətinin prioriteti olmalıdır. Biz bilirik ki, Co Bayden administrasiyasına erməni lobbisi təsir edir”.

M.Əsədullazadə dedi ki, xüsusilə Qarabağ məsələsinin müzakirəyə çıxarılması erməni lobbisinin təsirinin əlamətidir: “Fakt budur ki, Minsk Qrupu ləğv edilib. Vaşinqtonun nümayəndəsi, həmçinin dövlət katibinin təmsilçisi də bugünlərdə Bakıya səfər etdi. Belə bir mövqeyin ortaya qoyulması ABŞ-Azərbaycan əlaqələrinin zəifləməsinə gətirir və burada məsuliyyəti administrasiya rəsmiləri daşıyır. Əsas məqsəd Azərbaycana təzyiq edib, erməni maraqlarini təmin etməkdir. Bununla iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına mane olurlar”.

Hələlik rəsmi Bakıdan Blinkenin açıqlamalarına reaksiya verilməyib. Amma şübhə etmirik ki, yanlış mövqenin cavabı çox da gecikməyəcək...

E.PAŞASOY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR