İnsanlara hürriyət, millətlərə istiqlal!

Bizə Putin və Paşinyanla görüş lazımdırmı: nazir o anonsu niyə verdi - Ərdoğan da...

Rəsmi İrəvanın destruktiv fəaliyyəti fonunda danışıqlarda vaxt itirməyə dəyərmi? Ekspertlər fərqli fikirdədir; siyasi analitik: “Ermənistana son şans veriləcək”

“Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü istisna edilmir”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, son iki il ərzində dövlət başçılarının müxtəlif formatlı görüşləri keçirilib: “Başqa formatda görüşlərin keçirilməsi istisna olunmur. Azərbaycan tərəfi istənilən formatda görüşlərin keçirilməsini hər zaman dəstəkləyir. Müsbət nəticələr olmasa da, açıq mövzuların müzakirəsi müsbət haldır”. C.Bayramov həmçinin deyib ki, dekabr ayı ərzində Ermənistan XİN rəhbəri ilə görüşün keçirilməsi barədə plan var. Azərbaycan tərəfi istənilən formatda görüşlərin keçirilməsini hər zaman dəstəkləyir Nazir qeyd edib ki, XİN rəhbərlərinin görüşünə dair əvvəlcədən razılaşma əldə olunub. Nazirin açıqlamasında maraqlı məqam “Son iki il ərzində dövlət başçılarının müxtəlif formatlı görüşləri keçirilib. Başqa formatda görüşlərin keçirilməsi istisna olunmur” deməsidir.

Belə olan halda ortaya suallar çıxır: Yeni hansı format ehtimalı var? Mümkündürmü həm Avropa Şurası İttifaqı, həm də Rusiya tərəfin iştirakı ilə görüş keçirilsin? Yaxud bu dəfə görüşə Türkiyə prezidenti Tayyib Ərdoğan da qatıla bilərmi? Nəzərə çatdıraq ki, indiyədək Azərbaycan-Rusiya-Ermənistan, Azərbaycan-Aİ-Ermənistan formatlı bir sıra görüşlər keçirilib. Lakin onların heç bir nəticəsi olmayıb. Çünki hansısa bir irəliləyiş əldə olunanda, sülh sazişinə yaxınlaşanda Ermənistan təxribatlara əl atıb və proses pozulub. Son olaraq bunu 12-14 sentyabr hadisələri zamanı gördük. Hansı ki, ondan əvvəl ilin sonunadək sülh müqaviləsi imzalanacağından danışılırdı. Ancaq indi durum belədir ki, sanki yenidən başa qayıtmışıq və yeni bir proses başlayır. Yeni mərhələ nə vəd edir? Əliyev-Putin-Paşinyan görüşü bu ilin sonunadək - XİN başçılarının görüşündən dərhal sonra baş tuta bilərmi? Və burada konkret bir qərara nail olmaq gözləntiləri varmı? Daha bir sual, Türkiyənin iştirakı ilə yeni format mümkünmü? Daha bir sual: rəsmi İrəvanın destruktiv fəaliyyəti fonunda danışıqlarda vaxt itirməyə dəyərmi? Bütün bu suallarla bağlı ekspertlərimizin maraqlı cavabları var.

Mirzəbəyli: “İraq ordusu sadəcə Kərküklə kifayətlənməyəcək” - 17.10.2017,  Sputnik Azərbaycan

Elçin Mirzəbəyli 

Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, yaşadığımız bölgə və bütövlükdə dünya üçün gərgin və ziddiyyətli keçən 2022-ci il sona yaxınlaşır: “Bu il ərzində də qlobal miqyasda insanlıq üçün böyük əhəmiyyət kəsb etməyən məsələlər istisna olunmaqla beynəlxalq münasibətlər sistemində fundamental dəyişikliklərin, bəşəriyyətə yaşamaq üçün stimul verən irəliləyişlərin şahidi olmadıq. Mövcud geosiyasi atmosfer qısa müddətə də olsa bəzi məsələləri sıfırlamaq, münasibətləri və qlobal prosesləri, qismən də olsa yeniləmək tələb edir. Yeni il aldadıcı da olsa belə bir imkan yaradır - insanlar üçün də, dövlətlər üçün də... Bəşəriyyət yüz illərdi eyni ümidlərlə yeni ili qarşılayır, köhnəni yola salır və hər şeyin yaxşıya doğru dəyişəcəyinə inanmağa çalışır. Dövlətlər də insanlar kimdir. Dövlətlərarası münasibətlər də...”

Siyasi şərhçi dedi ki, çox vaxt bizim mürəkkəb kombinasiyalarla izah etmək istədiyimiz məsələlərin alt qatında sadə, bəsitdən də bəsit həqiqətlər dayanır: “Gerçəkliyi olduğu kimi görə bilməməyimizin səbəbi bu insan xarakterindən və maraqlarından qaynaqlanan sadə həqiqətlərə mürəkkəblik donu biçib özümüzü aldatmağa, yaxud özümüzə təsəlli verməyə çalışmağımızla bağlıdır. Çünki heç kim bu qədər bəsit reallıqların, kiminsə şıltaqlığının, qəzəbinin, hikkəsinin, yaxud sadəcə, heç bir səbəbi olmadan ”belə istədiyinin" qarşısında aciz qaldığını, hətta özünə belə etiraf etmək istəmir. İnsan ona yaşamaq üçün verilən, dəyəri yalnız və yalnız insan ömrü ilə ölçülə bilən həyatını bəsit fərdi və korporativ maraqların çoxsaylı oyunlarına qurban verdiyinə inanmaq istəmir və kiçik maraqlara böyük ideyalar, fəlsəfi kateqoriyalar donu biçir, heçliklərdən müqəddəsliklər yaradır..."

E.Mirzəbəyli qeyd etdi ki, böyük və üzləşmək istəmədiyimiz həqiqətlərdən yan keçib, günümüzün reallıqlarına nəzər salsaq, Yeni ilə qədərki zaman kəsiyində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı ciddi irəliləyişlərə nail olunacağına əmin deyil: “Xarici işlər nazirlərinin ehtimal olunan görüşündən də ciddi gözləntim yoxdur. Nikol Paşinyanın iki gün öncə hökumətin toplantısında həyasızcasına danışdığı yalanlar da sübuta yetirir ki, rəsmi İrəvan çox ciddi təzyiqlər qarşısında qalmayacağı təqdirdə razılaşmalara əməl etməyəcək və yenə də vaxt qazanmağa çalışacaq. Ermənistan cəmiyyəti reallıqları qəbul edə bilmir və bölgədə maraqları olan qüvvələr də ona bu imkanı tanımırlar. Ermənilərin tarixin müxtəlif dövrlərində sərgilədikləri davranışlarla bağlı araşdırmalarım, həmçinin sözügedən toplumun etnososioloji və etnomədəni xüsusiyyətləri ilə bağlı son 30 il ərzində apardığım müşahidələr belə düşünməyə əsas verir ki, onlar yalnız heç bir çıxış yolunun olmadığına sonunadək əmin olanda reallıqlarla barışa bilirlər. Metoforik ifadə edəcəyəm: Məsələn, erməniyə desən ki, sən mənim torpağıma xor baxsan iki gözünü də ”çıxaracağam" və erməni də biləcək ki, sənin bunu etməyə gücün çatar, amma yenə də düşünəcək ki, bunu etməyəcəksən, yaxud hansısa qüvvə bunu etməyə imkan verməyəcək. Bu baxımdan, onlara reallıqları qəbul etdirməyin yeganə yolu “bir gözlərini çıxarmaq” və digərini də çıxarmaq üçün barmağını “gözə” bir millimetr məsafədə saxlamaqdır. Bu metoforik izahı nümunəni situasiyanı və ermənilərin toplum olaraq xarakterlərini izah etmək üçün yazdım. Təəssüf ki, reallıq bundan ibarətdir". Analitikin sözlərinə görə, ola bilsin ki, hansısa yeni formatlarda Ermənistanla münasibətlərin normallaşması üçün müzakirə aparmaq mümkün olsun: “Doğrusu, indiki halda bu yeni formatın necə olacağını təsəvvür etmirəm. İndiyədək həm Rusiyanın, həm Avropa İttifaqının, həm də ABŞ-ın, sonuncunun xarici işlər nazirləri səviyyəsində olsa da belə vasitəçiliyi ilə danışıqların aparıldığının şahidi olmuşuq. Söhbət real güc mərkəzlərinin iştirakı ilə aparılan müzakirələrdən gedirsə, məsələn, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən Fransanın vasitəçiliyinin mümkünsüzlüyünü nəzərə alsaq, yerdə Böyük Britaniya və Çin qalır. Böyük Britaniyanın vasitəçiliyinin Ermənistan tərəfindən qəbul ediləcəyinə inanmıram. Çin isə, indiki şəraitdə ağrımayan başına dəsmal bağlamaz. Bəlkə müzakirələr ”böyük yeddilik", yaxud “böyük iyirmilik” müstəvisinə daşınacaq? Yaxud MDB və ya Avrasiya İqtisadi İttifaqı çərçivəsində davam etdiriləcək? Toplananların yerini dəyişsək də cəm dəyişməyəcək. Çünki bütün bu təsisat və formatlarda dominant söz sahibləri var və bu söz sahibləri də son nəticədə müxtəlif mexanizmlər və vasitələrlə, bu və ya digər şəkildə prosesdə yer alıblar. Bu baxımdan, yeni formatın necə ola biləcəyi barədə təsəvvürüm yoxdur. İlin sonunadək Avropa İttiqının vasitəçiliyi ilə hansısa müzakirələrin baş tutacağı az inandırıcı görünür. Görüşün Rusiyanın vasitəçiliyi ilə keçirilə biləcəyi ehtimalı daha çoxdur. Amma bu görüşdə də yeni ildə proseslərin intensivləşəcəyi ilə bağlı müəyyən ümidverici fikirlərdən daha çoxuna ümid bəsləmirəm".

Donbas döyüşü Ukrayna və Rusiyanın son döyüşü ola bilər" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə bu fikirdədir ki, Ermənistan prosesi uzatmaqla geosiyasi şərtlərin lehinə dəyişəcəyini gözləyir: “Amma geosiyasi şərtlər hər keçən gün Azərbaycanın xeyrinə dəyişir. Paşinyanın Brüssel formatını sabotaj etməsi, hətta Vaşinqton gündəliyində də maraqlı olmaması ona qarşı müəyyən təzyiqlərin baş verməsini şərtləndirir. Laçın dəhlizi ətrafında baş verənlər fonunda Nikol Paşinyanın yenidən dövlət başçılara və beynəlxalq təşkilatlara zənginin nəticəsiz qalması bu təzyiqin bariz nümunəsidir”.

M.Əsədullazadə bildirdi ki, Moskvanın mövqeyi aydındır və Kremlin danışıqlar prosesində vasitəçiliyi imitasiya xarakteri daşıyır: “Artıq Brüssel formatının bir ili tamam oldu. Bir il ərzində beş görüş keçirilib. Bu görüşlər və danışıqlar, imzalanan Bəyannamələr məhz Ermənistanın prosesdən yayınmasi ilə nəticələndi. Xarici işlər nazirlərinin bu görüşündən müsbət nəticə gözlənilmir. Moskva çalışır ki, liderlərinin görüşünü təşkil etsin. Amma son günlər baş verənlər Rusiyanın vasitəçiliyinə tamamilə kölgə salır. Ola bilər ki, Brüssel formatında liderlərin görüşu təşkil olunsun. Türkiyənin vasitəçiliyinə gəldikdə məncə Yerevan da burada maraqlı olmalıdır. Çünki Türkiyə və Ermənistan arasında normallaşma prosesi başlayıb. Bu xüsusda Avropa İttifaqınin xüsusi nümayəndəsi Klaarın İrəvana gəlməsi və oradan Ankaraya gedərək Türkiyənin vasitəçiliyini qabartması göstərir ki, Brüsseldə Rusiyanı neytrallaşdıracaq yalnız Ankara olduğunu bilir. Avropa İttifaqı, Türkiyə formatı çərçivəsində liderlərinin görüşü olarsa bu görüş Tiflisdə keçirilərsə, əhəmiyyətli irəliləyiş əldə oluna bilər. N. Paşinyan da Tiflis görüşünə ehyam vurmuşdu. Azərbaycan XİN səviyyəsində görüşə gedir. Bir daha son şans Ermənistana veriləcək. Əgər Ermənistan nəticə çıxarmasa, baş verənlərin və bundan sonrakı proseslərin Ermənistan üçün mənfi nəticələri olacaq”.

63 yaşlı Qafar Çaxmaqlı: “Həmişə hər şeyi sıfırdan başlamışam” - MÜSAHİBƏ

 Qafar Çaxmaqlı

Politoloq Qafar Çaxmaqlı isə hesab edir ki, Ermənistanla Azərbaycan arasında danışıqların və sülh razılaşmasının əldə olunmasına mane olan ölkələrin olduğunu bilməliyik: “Bəzi ölkələr bu prosesin uzadılmasında maraqlıdır. Amma bu proses getməlidir. Ermənistan istədiyini almadığından danışıqların növbəti mərhələsində üzərinə düşəni etməyə məcbur olacaq. Yeni mərhələdə ən yaxşı format Əliyev-Paşinyan ikitərəfli görüşü ola bilər. Azərbaycan sülh təkliflərini verib, faktiki olaraq Ermənistan da onu qəbul edib. Ermənistan həmin təkliflərə Qarabağ ermənilərinin durumu ilə bağlı məsələnin daxil olmasını istəyirdi, bu artıq mümkün deyil. İkili format baş tutmasa bu işə Rusiya və Türkiyə də daxil edilə bilər”.

Q.Çaxmaqlı hesab edir ki, Türkiyə bu məsələdə israr etməlidir: “Çünki Ermənistan -Türkiyə əlaqələrinin qurulması danışıqları gedir və onun da bu danışıqlarda tərəf olması məsələsini Ermənistan qəbul etməyə məcburdur. Rusiya burada arbitr kimi çıxış edə bilər. Eynən 1921-ci il  Qars müqaviləsində olduğu kimi...”

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR