Onlayn ictimai-siyasi qəzet
1961-ci ilə qədər SSRİ-də Kommunist Partiyasının böyük siyasi tədbirləri, o cümlədən qurultaylar Böyük Teatrda və İttifaqlar Evində keçirilib. Ölkədə vahid və hakim partiyanın ali tədbirlərinin keçirilməsi üçün ayrıca bir binanın olmaması hələ 1920-ci illərin əvvəllərindən müzakirə edilib. Ancaq fərqli səbəblərdən bu məsələnin həlli hər dəfə təxirə düşüb. Nəhayət, Nikita Xruşovun hakimiyyəti dövründə kommunistlər üçün yeni sarayın inşası yenidən gündəmə gəlib.
1958-ci ilin yanvar ayında Xruşov Nazirlər Sovetinin iclasında ölkə kommunistləri adından müraciət səsləndirib:
- Mən Kommunist Partiyasının lideri kimi Nazirlər Sovetinə tövsiyə edirəm ki, kommunistlər üçün ayrıca bir saray tikilsin.
Nəyə görə biz öz siyasi tədbirlərimizi, qurultayları teatr binasında keçirməliyik? Axı biz bu qurultaylarda teatr göstərmirik, ölkəmizin müqəddəratını həll edirik. Bu məsələ ilə bağlı mənim bir neçə dəfə Bulqaninlə söhbətim də olub. Mən hələ də anlaya bilmirəm, Bulqanin aktyordur, yoxsa kommunist? Nazirlər Soveti hər şeyə pul tapır, yeni teatr və kinoteatrların inşasına pul ayırır, amma partiyamızın fəaliyyəti üçün şərait yaratmaq istəmir. Cavab verin, yoldaş Bulqanin. Kommunizmin qurucuları kimlərdir, məzhəkə göstərən aktyorlar, yoxsa kommunistlər? Bəlkə bundan sonra fəaliyyətinizi teatrda davam etdirəsiniz?
Bulqanin Xruşovun sualını cavabsız qoymayıb:
- Nikita Sergeyeviç, mən aktyor deyiləm, kommunistəm. Sarayın tikintisi isə nəzərdə tutulub. Hələ ki, buna vəsait yoxdur.
Xruşov əlini yelləyərək Bulqaninə əyləşməyi işarə edib:
- Mən vəsait tapacam və bununla da sübut edəcəyəm ki, siz yerinizdə deyilsiniz.
Qeyd edək ki, həmin ərəfədə Bulqanin SSRİ Nazirlər Sovetinin sədri olub.
Bu iclasdan təxminən bir il sonra, 1959-cu ildə, artıq Xruşov həm partiyanın lideri, həm də Nazirlər Sovetinin sədri olanda məsələ öz həllini tapıb. Mərkəzi Komitənin geniş tərkibli iclasında Xruşov kommunistlər üçün sarayın inşası ilə bağlı müvafiq qurumlara konkret tapşırıqlar verib.
Əvvəlcə yeni sarayın hansı ərazidə tikiləcəyi haqqında müzakirələr başlanıb. Fikirlər müxtəlif olsa da, sonda Xruşovun təklifi qəbul olunub: saray Kremlin ərazisində tikilməlidir. Bəzi memarlar, inşaatçılar, tarixçilər yeni müasir binanın Kremlin arxitektura ansamblına uyğun gəlmədiyini izah etsələr də, təklif qüvvəsində qalıb.
Yeni sarayın layihələndirilməsi və tikintisi həmin dövrdə SSRİ Nazirlər Sovetinin sədr müavini, Dövlət Plan Komitəsinin sədri Aleksey Kosıginə həvalə edilib. Amma təbii ki, “əsrin tikintisi” adını alan sarayın inşasına birbaşa Xruşov nəzarət edib və əvvəlcədən də onun təşəbbüsü ilə saraya Qurultaylar sarayı adının verilməsi planlaşdırılıb.
Onu da qeyd edək ki, bu ideya Xruşovda 1958-ci ildə Çinə ikinci səfərindən sonra yaranıb. Belə ki, sovet lideri Ümumçin Xalq Nümayəndələri toplantıları üçün nəzərdə tutulmuş 10 min nəfərlik tutumu olan zalı gördükdən sonra öz qərarını qətiləşdirib. Sarayın tikilməsi ilə bağlı yaradılmış xüsusi komissiyaya 12 layihə təqdim olunub. Ciddi araşdırmalardan sonra Mixail Posoxinin rəhbərlik etdiyi qrup qalib olub. 22 il Moskva şəhərinin baş memarı olan Posoxin həm də SSRİ rəhbərlərinin bağ evlərinin “müəllifi” kimi də məşhur olub.
Əvvəlcədən çox da böyük olmayan bir sarayın tikintisi nəzərdə tutulsa da, sonradan layihə böyüyüb. Belə ki, 4 min nəfərlik əsas zal Xruşovun tələbi ilə dəyişdirilərək 6 min nəfərliyə çevrilib. Bundan əlavə, layihədə kiçik zal və diplomatlar zalı da nəzərdə tutulub.
Müzakirələr zamanı bu sarayda partiya tədbirləri ilə yanaşı, teatr və konsertlərin keçiriləcəyi də nəzərə alınaraq bir neçə səhnənin quraşdırılması da layihəyə salınıb. Xruşovun təklifi ilə sarayda böyük ziyafət zalı da tikinti işlərinə əlavə olunub. Restoran, kafe, tibb məntəqəsi, qarderoblar, xüsusi görüşlər üçün qonaq otaqları, sanitar qovşaqlar, administrasiyanın kabinetləri və digər xidməti otaqlar kifayət qədər böyük bir kompleksin layihəsinə çevrilib.
Bunlarla yanaşı, saray üçün ayrıca istilik, ventilyasiya, su, kanalizasiya, elektrik, rabitə sistemi də layihəyədə öz əksini tapıb.
Sarayın texniki avadanlıqlarla təchiz olunması da xüsusi diqqət mərkəzində olub. Eyni vaxtda 12 dilə tərcümə edə biləcək xüsusi avandanlıqların zallara quraşdırılması da nəzərdə tutulub.
Beləliklə, layihə təsdiq olunub. Xruşov olduqca böyük həcmli bu işin icrasına 16 ay vaxt verib. 1961-ci ilin yazında partiyanın 22-ci qurultayının bu sarayda keçirilməsi nəzərdə tutulub. Tikinti işləri 3 növbədə aparılıb. Xruşov mütəmadi olaraq tikinti meydançasında görünüb. İşlərin gedişində maliyyə problemi ilə üzləşmə olmayıb. 22-ci qurultayın 1961-ci ilin yazından payızına keçirilməsi inşaatçılara bir az da vaxt verib. İşlər planlı şəkildə yekunlaşıb.
Sarayın açılışı 17 oktyabr 1961-ci ildə olub. Partiyanın 22-ci qurultayının başlanması ilə Kremlin Qurultaylar sarayı ilk qonaqlarını qəbul edib. Yeni sarayda keçirilən ilk ali siyasi tədbirdə ən yaddaqalan hadisə isə İosif Stalinin nəşinin mavzoleydən çıxarılması ilə bağlı qəbul edilmiş qərar olub.
Xruşov kommunistlər üçün saray tikməyə nail olsa da, bu sarayın dəhlizlərində çox da gəzə bilməyib. Üç il sonra, 1964-cü ilin oktyabr ayında Mərkəzi Komitənin plenumunda onu elə bu saraydan birdəfəlik yola salıblar...
İlham Cəmiloğlu,
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ