İnsanlara hürriyət, millətlərə istiqlal!

Biz Novruz bayramını qeyd edəndə Kreml “torbaları” sayacaq

Rusiyada prezident seçkisi Azərbaycanda bayram günlərinə təsadüf edəcək; şərhçi: “Kifayət qədər əlverişli tarix seçilib”

Rusiyada prezident seçkisinin keçiriləcəyi tarix təsdiqlənib. Rusiya Federal Məclisinin Federasiya Şurası bu barədə qərar qəbul edib. Qərara əsasən, Rusiyada növbəti prezident seçkisi gələn ilin 17 mart tarixində keçiriləcək. 

Rusiyada 2024-cü ildə keçirilməsi planlaşdırılan prezident seçkisində vaxtilə Kseniya Sobçakın oynadığı rolu - müxalif rəqib rolunu “Yeni Xalq” partiyasının lideri Aleksey Neçayev oynayacaq. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Neçayev Ukraynadakı işğalçı savaşı bəyənən “liberal” obrazını canlandıracaq.

Aleksey Neçayevin “Yeni Xalq”dan prezidentliyə namizəd olacağı barədə məlumatı partiyadakı iki mənbə təsdiqləyib. Artıq təbliğat-təşviqat kampaniyasına hazırlıq başlayıb və partiyanın dekabrda qurultayı (“namizədi seçən”) keçiriləcək. Neçayev və onun tərəfdaşları demək olar ki, hər gün “mütərəqqi təşəbbüslərlə” çıxış edirlər, lakin müharibəni də dəstəkləyirlər.

2022-ci ilin sentyabrında o, Putin haqqında bunları yazıbmış: “Bu gün bu məsuliyyəti onunla bölüşək. Bu, qalib gələcəyimiz üçün yeganə yoldur. Ad günün mübarək, Vladimir Vladimiroviç! Biz sizinləyik”.

Rusiyanın bu seçkilərə Ukrayna ilə müharibə şəraitində getdiyi bəllidir. Bəs Ukrayna müharibəsi bu seçkini necə etkiləyəcək? Bu seçki Qərbin Putinə qarşı mübarizəsi Rusiyanın daxilinə transfer etməsinə səbəb ola bilərmi? Yoxsa Putinin nüfuzu, qurduğu sistem ona qarşı hər hansı bir inqilabı istisna edir?

Abutalıb Səmədov partiyasını niyə bağladı? – Özü danışdı - GlobalInfo.az

Abutalıb Səmədov

Siyasi şərhçi Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, gələn il həm Rusiyada, həm də Ukraynada prezident seçkilərinin keçirilməsi planlaşdırılırdı. Ancaq çox güman ki, Ukraynada seçkilər keçirilməyəcək. Çünki şərait prezident seçkisinin keçirilməsi üçün əlverişli deyil. Ukrayna kifayət qədər ağır durumdadır. Prezident Zelenski seçkiyə gedərsə, məğlub olmaq ehtimalı yüksəkdir. Son rəy sorğuları da göstərir ki, onun reytinqi o qədər yüksək deyil, ən azı Zalujından kifayət qədər aşağıdır. Rusiya isə Prezident seçkiləri üçün kifayət qədər əlverişli tarix seçib: “Söhbət təbiidir ki, Vladimir Putin üçün əlverişli olan tarixdən gedir. Rusiya Ukrayna cəbhəsində mövqelərini qoruyub. 2023-cü ilin əks-hücum kampaniyası bütün dünyanın ekspertlərinin fikrinə görə Ukrayna üçün uğursuz keçib. Ukraynaya yardım artıq Qərb üçün problemlə çevrilməyə başlayıb. Tamamilə mümkündür ki, Co Baydenin tələn etdiyi yardım bu il Ukraynaya ayrılmayacaq. Yaxud kifayət qədər azaldılmış formada ayrılacaq. Ukraynanın 120 min kvadrat kilometr ərazisi Rusiyanın işğalı altındadır. Və bu Vladimir Putini özünü qalib kimi təqdim etməyə imkan verən bir durumdur. Üstəlik, bəzi istiqamətlərdə az da olsa Rusiya irəliləməyə nail olub. Bu şəraitdə Rusiyada kimin prezident seçiləcəyi heç kimdə şübhə doğurmur. O da aydındır ki, dünyanın düz vaxtında Rusiyada prezident seçkisi müəyyən saxtakarlıqlarla keçirilirdi, indi müharibə dövründə seçkilər aydındır nə cür keçiriləcək. Tamamilə mümkündür ki, Aleksey Neçayevdən başqa da namizədlər bu seçkiyə qatılsınlar. Ancaq onlar yalnız Putinin qələbəsini bəzəmək üçün seçkilərə qatılan namizədlər olacaqlar. Onlar alternativli seçki keçirildiyi görüntüsü yaratmaq üçün seçkilərdə iştirak edəcəklər”.

Siyasi şərhçinin sözlərinə görə, bu seçkilər Qərbin Putinə qarşı mübarizəsini Rusiyanın daxilinə keçirməsinə təbiidir ki, səbəb ola bilməz: “Rusiyada vəziyyət kifayət qədər idarəolunandır. Vladimir Putinin mövqeləri kifayət qədər möhkəmdir. Ölkə iqtisadiyyatını hərbi relslərə keçirdə bilib. Yükəsk sürətlə hərbi texnika istehsal olunur. Putinə qarşı elə bir ciddi müxalifət yoxdur və xalq da məhz Putinə dəstək verir. Bu şəraitdə Putin üçün narahat olmağa əsas verən heç bir səbəb yoxdur. Rusiyada hansısa inqilabdan danışmaq son dərəcə qeyri-ciddi olar. Rusiyada Putini narahat eləyə biləcək heç bir hadisə baş verməyəcək və o, çox asanlıqla, böyük fərqlə növbəti qələbəsini qazanacaq. Əgər Qərb Ukraynaya real, əvvəlki dövrlərlə müqayisədə daha artıq yardım göstərməsə - buna ehtimal çox azdır - gələn il Ukraynanın durumu ağır olacaq və Putin Ukrayna cəbhəsində çox böyük ehtimalla öz istədiklərinə nail ola biləcək. Bu da onun ölkəsində reytinqini daha da artıracaq”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR