İnsanlara hürriyət, millətlərə istiqlal!

“Biz Fransa kimi minlərlə kilometr uzaqlara qoşun yeritməmişik” - deputatdan sərt cavab

“Dünən Anım Günündə Azərbaycan Prezidenti cənab İlham Əlievin dedikləri və ardınca da müstəqillik qazanandan üzü bəri Ermənistana rəhbərlik edənlərin ən ağıllısı Levon Ter-Petrosyanın açıqlaması bir daha göstərdi ki, Paşinyan daha böyük dəstək dalınca ABŞ və Fransa olmur, lap Marsa da getsə, heç nə dəyişməyəcək”.

Deputat Sahib Alıyev bu fikirləri Musavat.com-a müsahibəsində söylədi. Onun sözlərinə görə, revanşizmə cəhd ediləcəksə, bu, Ermənstan üçün daha böyük fəlakətlərlə nəticələncək: “Dövlət başçımızın dünən səsləndirdyi “Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın”,-xəbərdarlığının nə demək olduğunu yarım ay bundan öncə hər kəs gördü. Ona görə də ABŞ-da yüksək səviyyədə görüşə alınmayan Ermənistan baş nazirinin Fransa Prezidenti ilə qucaqlaşmasının onların ikisndən başqa kiməsə, nəyəsə hansısa bir təsirinin olacağını düşünmürəm. Ancaq yazdıqlarını və danışdıqlarını izləyib görürəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevə Fransanın dövlət başçısı Makronun növbəti zəngini Nikol Paşinyanın komandasındakılar onun Parisə səfəri nəticəsində əldə edilmiş ən böyük qələbə kimi qiymətləndirirlər. Hələ də küçə təfəkküründən qurtara bilməyənlərdən - bizimkilərin təcrübəsi göstərir ki, qurtara bilməyəcəklər də - bundan artıq nə gözləmək olar? Onlar bunu qələbə hesab edirlər ki, Paşinyan Parisə səfər gedib, Azərbaycan Prezidenti isə getməyib, ona ancaq zəng olunur. Burada ilk növbədə onu deməyə ehtiyac var ki, cənab İlham Əliyevin Parisə səfərini Fransa rəhbərliyi Paşinyanın ora getməsindən dəfələrlə artıq arzulayır, amma sözügedən ölkə regiondakı proseslərə yanaşmada beynəlxalq normalardan çıxış etməyincə, Ermənistanı revanşizmə həvəsləndirdikcə, bu, mümkünsüzdür”.

S.Alıyev xatırlatdı ki, bu il martın 9-da elə həmən Paşinyanın yenə də Fransa səfərindən təqribən bir həftə qabaq elə həmən Makron yenə də Azərbaycan Prezidentinə zəng etmişdi: “Düzdür, bəlli səbəblərdən bu haqda informasiya verilmədi, amma çox böyük ehtimalla demək olar ki, Fransa Prezidenti cənab İlham Əliyevin də Paşinyanla eyni vaxtda Parisə getməsini istəyirdi. İstək rədd olundu və Azərbaycan bir daha Avropa Birliyinin xətti ilə təşkil edilən görüşə üstünük verdi ki, burada da səbəb aydındır. Dövlət başçızım regiondakı proseslərə yanaşmada Avropa Birliyinin atdığı addımların bizdə müəyyən güvən doğurduğunu dilə gətirib. Fransa haqda isə fikir tam başqadır ki, nə bu, nə də onun səbəbi Makron üçün sirdir. Paşinyanın komandasındakıların nəzərində Makronun tərəfləri sülh danışıqlarını davam etdirməyə çağırması da, onların qələbəsidir. Elə isə soruşmaq lazım gəlir ki, sülh təklifi ilə ilk çıxış edən, “münaqişə artıq bitib” deyən tərəf kimdir, Azərbaycan, yoxsa Ermənistan və Makron Fransası?”

Makronun Ermənistanın torpaq bütünlüyünü tanıması haqda bildirişə gəldikdə isə, deputat qeyd etdi ki, yenə sual yaranır: “Hansı xəritəyə əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin və Ermənistan Demokratik Respublikasının Farnsanın da təsdiqlədiyi xəritəsi var, söhbət ondanmı gedir? O ki qaldı sentyabrın 12-13-də Ermənistanın növbəti təxribatının qarşısnı aldığı zaman Azərbaycanın “Qətiyyətli Cavab” əməliyyatdından Makronun narahat olmasına, biz Fransa kimi sərhədlərimizdən minlərlə kilometr uzaqlara, məsələn, Maliyə qoşun yeritməmişik. Azərbaycanla düşməncəsinə davranan, ordumuz üçün təhlükə yaradan Ermənistanın gələcək təxribat və təhdidlərinin qarşısnı almaq üçün bir sıra hərbi obyektlərini və mövqelərini vurub sıradan çıxarmışıq. Müzəffər Ali Baş Komandanımızın Füzulidəki çıxışı göstərir ki, qarşı tərəf Makron Fransasına güvənib yenidən təxribatlara əl atsa, bu, təkarlanacaq. Kim unudbsa, xatırladıram ki, Fərrux əməliyyatı Paşinyanın həmən Fransaya mart ayındakı səfərindən az sonra, heç yarım ay ötməmiş baş verdi. Ümumiyyətlə, Paşinyanın qərbə səfərinin, ilk növbədə də Makronla görüşüşünun onlar üçün nəyi dəyişib-dəyişməyəcəyinə Fransanın dilini sözün hər anlamında yaxşı bilən Ermənistanın keçmiş Prezidenti Levon Ter-Petrosyanın son açıqlamasında tam aydınlıq gətirilib. O nə deyir? Deyir ki, Ermənistan üçün “kapitulyasiya yeganə yoldur, sülh müqaviləsi mütləq imzalanmalıdır”. Vəssalam”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR