Onlayn ictimai-siyasi qəzet
1980-ci ilin sonlarında Mərkəzi Komitədə Kuybışev (Samara) şəhər Partiya Komitəsinə birinci katib seçkiləri müzakirə ediləndə namizədlərin arasında daha çox İqor Berejnoyun adı hallanıb.
Xüsusilə, Mixail Suslov fizika-riyaziyyat elmləri doktoru Berejnoy haqqında yüksək fikirlərini bildirib, onu bacarıqlı mütəxəssis, ictimai fəallığı ilə fərqlənən kommunist, dürüst bir insan kimi xarakterizə edib. Bununla da İqor Berejnoyun hələ ki, qeyri-rəsmi olsa da, Kuybışevə birinci katib təyinatı Kremldə razılaşdırılıb. Bu müzakirələrdən təxminən bir ay sonra Berejnoyun adı yenidən Mərkəzi Komitədə hallanıb. Amma bu dəfə vəzifə təyinatı ilə deyil, onun qətlə yetirilməsi ilə bağlı.
Qeyd edək ki, 1934-cü ildə Balaşov şəhərində anadan olan Berejnoy orta məktəbi bitirdikdən sonra Kuybışev Aviasiya İnstitutunda təhsil alıb. İlk əmək fəaliyyətinə Voronej Aviasiya Zavodunda başlayıb. Eyni zamanda elmi yaradıcılıqla məşğul olan Berejnoy 1966-cı ildə namizədlik, 1971-ci ildə doktorluq dissertasiyası müdafiə edib. O, 1970-ci illərdə aviasiya sahəsi üzrə ən tanınmış mütəxəssislərdən biri sayılıb.
İqor Berejnoy 1972-ci ildə Kuybaşevdəki SSRİ Mülki Aviasiya Sənayesi Nazirliyinin tabeliyində olan Avtomat Sistemlər Bürosuna baş direktor təyin edilib. Büro ölkədə ən güclü təchizatı və təminatı olan qurumlardan biri olub. Bununla yanaşı, Berejnoy mütəmadi olaraq məxfi saxlanılan müdafiə sənayesi müəssisələrinin işinə də cəlb edilib.
Mülki və hərbi aviasiya sahəsində 200-dən artıq ixtiranın müəllifi olan Berejnoy həm də ölkənin ictimai-siyasi həyatında fəallığı ilə fərqlənib, ittifaq miqyaslı tədbirlərə nümayəndə seçilib, dövri mətbuatda mütəmadi olaraq həm elmi, həm də partiya həyatı mövzusunda yazıları dərc edilib.
İqor Berejnoy 1981-ci ilin fevralın 1-də xidməti işi ilə bağlı Moskvaya ezamiyyətə yollanıb. O, adətən bütün ezamiyyətlərə öz xidməti avtomobili ilə gedib. Ezamiyyətinin üçüncü günü qaldığı mehmanxanadakı nömrəyə zəng vuraraq ondan xahiş ediblər ki, təxminən ayaqqabı qutusu həcmində olan bağlamanı özü ilə Kuybışevə aparsın və bildiriblər ki, qutuya dərmanlar yığılıb, Kuybışevdə onu qarşılayıb qutunu götürəcəklər. Berejnoy bu xahişi tərəddüdsüz qəbul edib.
Berejnoy fevralın 3-də axşam saat 19-30-da özünü Kuybışev sakini kimi təqdim etdiyi tanımadığı şəxsdən qutunu götürüb. Maşına əyləşən kimi o, hər ehtimala qarşı qutunu açıb, içində nə olduğuna baxmaq istəyib. Qutu açılan kimi dəhşətli partlayış Berejnoyu hissələrə bölüb. Sürücü isə ağır yaralanıb.
Qətl hadisəsi Kremldə də narahatlıq yaradıb. DTK sədri Yuri Andropov baş katibə hadisə ilə bağlı məruzə edəndə Leonid Brejnev cinayət işinin açılması ilə bağlı həyata keçiriləcək tədbirlərə şəxsən onun özünün rəhbərlik etməsini göstəriş verib.
Hadisə ilə bağlı dərhal cinayət işi açılıb. İstintaqı DTK-nın İstintaq İdarəsinin əməkdaşları aparıb. İstintaqa birbaşa Yuri Andropov nəzarət edib.
İstintaq zamanı İqor Berejnoyun fəaliyyəti araşdırılıb. Məlum olub ki, onun rəhbərlik etdiyi büroda kifayət qədər böyük yeyintilər olub. Belə ki, büronun büdcəsi hesabına alınan və həmin dövrdə defisit sayılan rəngli televizorlar, xarici fotoaparatlar, büroda xammal kimi istifadə olunan qiymətli metallar təyinatı üzrə istifadə edilmədən kənar şəxslərə satılıb. Həmçinin, o da məlum olub ki, büronun büdcəsindən 120 min rubl nağdlaşdırılaraq şəxsi məqsədlər üçün istifadə edilib. Bu faktlara görə Berejnoyun 3 müavini və təchizat şöbəsinin müdiri həbs edilib. Onlardan biri həbs zamanı intihar edib. Digərləri isə 6-12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar. Amma bu faktların heç birini Berejnoyun öldürülməsi ilə əlaqələndirmək mümkün olmayıb.
İstintaq zamanı daha bir fakt aşkar olunub. Büronun balansında olan 4 təyyarədən qeyri-qanuni olaraq kommersiya məqsədilə yükdaşımalarda istifadə edilib. Bu məsələdə Kuybışev şəhər Partiya Komitəsinin birinci katibinin və şəhər prokurorunun da əli olub. Bu faktla da Berejnoyun öldürülməsinə yol tapmaq mümkün olmayıb.
Üçüncü bir versiya da səsləndirilib. Bu, Berejnoyun Leonid Brejnevin sevimli stüardessası ilə yaxın əlaqələri barədə məlumatlı olmasından ibarət olub. Lakin bu da cinayət işinin açılmasında heç bir rol oynamayıb, yaxud da bu məsələnin üstündə dayanmağa heç kim cürət etməyib.
Maraqlı fakt DTK kimi ciddi bir qurumun dərman qutusunu Berejnoya verən şəxsi axtarmaqda “acizlik” göstərməsidir. Hər halda 1981-ci ildə rabitə vasitələrinə nəzarət imkan verib ki, Berejnoya xahiş məqsədilə zəng edən şəxsin haradan zəng vurmasını müəyyən etmək olsun. Yəqin ki, bu zəng müəyyənləşdikdən sonra həmin şəxsin tapılması da mümkün olardı.
3 illik istintaq nəticəsində nə qatil məlum olub, nə qətlin sifarişçisi. İstintaq materiallarının sonunda isə ümumi olaraq belə bir ifadə göstərilib ki, cinayət büronun fəaliyyətindəki yeyinti hallarının ört-basdır edilməsi məqsədilə törədilib.
Berejnoyun qətlə yetirilməsi müharibədən sonrakı dövrdə SSRİ-də ilk sifarişli qətl hadisəsi sayılıb. Amma məlum olmayan səbəblərdən bu sifarişli qətlin açılmasında “qüdrətli” DTK öz peşəkarlığını nümayiş etdirmək istəməyib.
İlham Cəmiloğlu,
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ