Onlayn ictimai-siyasi qəzet
"Bir və ya bir neçə fərdin yanlışlarına görə bütün qazilərin adının ləkələnməsi yolverilməzdir!"
Bu sözləri Musavat.com-a açıqlamasında Xüsusi Təyinatlı Qüvvələrin qazisi Elvin Vəliyev deyib.
Qazi təəssüflə qeyd edib ki, son dövrlərdə cəmiyyətdə bəzi insanların qazilərlə bağlı ümumiləşdirici, haqsız və xoşagəlməz fikirlər səsləndirməsi halları müşahidə olunur:
"Hər bir xalqın tarixində elə mərd insanlar olur ki, onların adı nəinki bu günün, hətta gələcək nəsillərin yaddaşına qızıl hərflərlə yazılır. Qazilərimiz də tarix yazan və tarixə yazılan qəhrəmanlardandır. Onlar Vətənin dar günündə ölümün üzərinə dik getmiş, şəhidliyin bir addımlığında dayanmış, sağlamlığını, rahatlığını, gəncliyini fəda etmiş qəhrəmanlardır. Bizim borcumuz isə bu qəhrəman insanların adına ləkə gəlməsinə yol verməməkdir.
Lakin təəssüf ki, son dövrlərdə cəmiyyətimizdə müəyyən fərdi hallarda bəzi insanların qazilərlə bağlı ümumiləşdirici, haqsız və xoşagəlməz fikirlər səsləndirməsi halları müşahidə olunur. Bu, həm ədalətsizlik, həm də mənəvi korluqdur. Biz bilməliyik və bilməyə borcluyuq ki – hər hansısa bir və ya bir neçə fərdin davranışı bütün qazilarin adına yazıla bilməz.
Əgər bir qazi şəxs olaraq nəsə yanlış edirsə, bu, o insanın məsuliyyətidir, qazilik statusunun yox! Unutmamalıyıq ki, o status o şəxsə döyüş meydanında, qan və can bahasına verilib. Biz isə sosial şəbəkədə bir paylaşım və ya səhv anlaşılmış xəbər əsasında bütöv bir təbəqəni ləkələyə bilmərik.
Tariximiz şahiddir ki, hər bir müharibədən sonra qazilər cəmiyyətin ən həssas və ehtiyaclı qrupuna çevrilir. Bəziləri ruhsal travma, bəziləri işsizlik, bəziləri isə cəmiyyətin soyuqluğu ilə üzləşir. Ən pisi də odur ki, bəzi insanlar bu çətinliklərin doğurduğu davranışları anlamağa yox, mühakimə etməyə çalışırlar.
Qazilərimiz, cəmiyyətin örnək gördüyü, hörmətlə yanaşdığı, fədakarlığı ilə tarix yazmış insanlardır. Onların davranışları da bu şərəfli adın daşıyıcısına uyğun olmalıdır. Həm özlərini qorumaq, həm də bu müqəddəs adı ləkələməmək üçün bəzi əsas dəyərlərə diqqət yetirmələri vacibdir.
Qazilik sadəcə keçmişin statusu deyil, ömürlük bir məsuliyyətdir. Qazilər öz davranışları ilə gənclərə nümunə olmalı, fədakar, dürüst və mədəni yanaşmaları ilə cəmiyyətdə nüfuzlarını daim uca tutmalıdırlar.
Qazilər qanunlara riayət etməklə həm cəmiyyətə örnək olur, həm də öz nüfuzlarını qoruyurlar. Heç bir çətinlik və ya keçmiş fədakarlıq, qanunu pozmağa əsas verə bilməz. Əksinə, onlar hüququn tərəfində durmaqla daha çox hörmət qazanırlar.
Qazilər, keçmişdə döyüş meydanında necə güclü oldularsa, bu gün də səbir, təmkin və nəzakət göstərməklə cəmiyyətin güclü sütunu olduqlarını sübut etməlidirlər. Aqressiya və emosional çıxışlar yerinə, soyuqqanlılıq və ədəb prinsiplərinə sadiq qalmaq vacibdir.
Qaziliklə bərabər həyat davam edir. Təhsil almaq, işləmək, ictimai fəaliyyətlərdə iştirak etmək, gənc nəsilə dəstək olmaq – bütün bunlar qazilərin nüfuzunu daha da artırır. Onlar yalnız keçmişlə yox, bu günlə və gələcəklə də bağlı olduqlarını göstərməlidirlər.
Təəssüf ki, bəzən fərdi səhvlər bütün qazilərin adını ləkələyə bilir. Bu səbəbdən, qazilər ictimai yerlərdə, sosial mediada, şəxsi münasibətlərdə davranışlarına daha çox diqqət etməlidirlər. Onlar daim xatırlamalıdırlar ki, sadəcə öz adlarını deyil, minlərlə qardaşlarının da şərəfini daşıyırlar.
Qazilər bir-birinə arxa durmalı, birlik və həmrəylik içində olmalıdırlar. Şəhid ailələrinə, yaralı yoldaşlarına sahib çıxmaq, bu müqəddəs yolda sədaqətin davamı kimi dəyərləndirilməlidir.
Qazilərimiz, cəmiyyətin heyranlıqla baxdığı, tarix yazmış insanlardır. Onların hər sözü, hər addımı nümunə sayılır. Ona görə də davranışlarında daima məsuliyyətli, ədalətli, mədəni və təvazökar olmalıdırlar. Qazilik yalnız döyüş meydanında qazanılan bir ad deyil – bu, həyat boyu qorunmalı olan bir şərəfdir.
Qazilərin adı bizim baş tacımızdır. Onların içində hansısa birinin yanlış addımı varsa – bu, ümumi qəhrəmanlıq salnaməsinə kölgə salmaz. Biz ləkələyən yox, qoruyan, yıxan yox, qaldıran, ittiham edən yox, bağışlayan bir cəmiyyət olmalıyıq. Çünki bu torpaq, bu bayraq, bu azadlıq – onların qanı, canı hesabına bizə gəlib.
Qazilərimizin adını elə uca tutmalıyıq ki, bizə baxan gələcək nəsillər “bu xalq qəhrəmanlarına sahib çıxmağı bacardı” desin".
Xalidə Gəray
Musavat.com
14 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ